Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi - VİDEO
Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki, Zəroş Həmzəyeva və İstiqlal küçələrindəki bir neçə yaşayış binasının əsaslı təmiri başa çatdırılıb. Binalar sakinlərə təqdim edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərinin sürətlə davam etdirildiyindən danışıb.
İcra başçısı bildirib ki,şəhərdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni binalar tikilir, köhnə binalar əsaslı təmir-bərpa işlərindən sonra sakinlərin istifadəsinə verilir. Binaların təməli möhkəmləndirilib, giriş qapıları, pəncərələr, dam örtüyü, istilik xətləri dəyişdirilib, kommunikasiya xətləri yenilənib, lazımi kommunal şərait yaradılıb.
Mirsənani Seyidov muxtar respublikada, o cümlədən də Naxçıvan şəhərində insanların firavan yaşamasına göstərilən qayğı və diqqətə görə şəhər sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Qeyd olunub ki, qurub-yaratmaq işin bir tərəfidir. Əsas məsələ qurulanları, yaradılanları qorumaq və gələcək nəsillərə çatdırmaqdır.
Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Zahid Gözəlov binaların və ətraf ərazilərin təmizliyinin qorunmasında sakinlərin üzərilərinə düşən vəzifələrdən danışıb.
Qeyd edək ki, ərazidə abadlaşdırma işləri aparılıb, park və gülkarlıqlar salınıb, müasir işıqlandırma sistemləri qurulub və insanların istirahəti üçün bütün şərait yaradılıb.
Əbülfəz Dünyamalıyev