“Çınqıllı” bulağının suyu xarici ölkələrə çatdırılacaq - FOTOLAR

A- A A+

Muxtar respublika ərazisində adı dillər əzbəri olan təbii bulaqlarımız çoxdur. Belə bulaqlardan biri də Şahbuz rayonunun Keçili kəndi ərazisində çağlayan “Çınqıllı” bulağıdır. “Çınqıllı” bulağı Tanrının bu yurd yerinə bəxş etdiyi qiymətli sərvətlərindən biridir. Bulaq mənbəyini Zəngəzur dağ silsiləsinin ətəklərindən, daşlı və qayalı bir ərazidən götürür. Tərkib etibarilə əvəzsiz bir sudur “Çınqıllı”. Bəzi mütəxəssislər “Çınqıllı” suyunu mineral bulaq kimi təqdim edirlər. Amma bu suyun tərkibində minerallaşma dərəcəsi 0,5 olduğuna görə mineral su qruplarına aid etmək olmaz. Coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli bu barədə bildirdi ki, “Çınqıllı” soyuq sular qrupuna aiddir. Çınqıllı bulağı sabit temperatur layından, aşağıdan çıxdığına görə bulağın temperaturu yay-qış fərqi yoxdur, 8-12 dərəcədə olur. Bu da onun oksigenlə zənginliyini göstərir. Bu  isə  insan orqanizmi üçün çox xeyirli göstəricidir. Ümumiyyətlə, “Çınqıllı” suyunun tərkibində qan üçün lazım olan bütün mikroelementlər mövcudur. Buna görə də onu qaynatmadan içmək daha məqsədəuyğundur.

Söyüd ağacının altında, dağların qoynunda yerləşən “Çınqıllı” bulağın diş göynədən suyu min illərdir ki, insanlara sərinlik və şəfa  bəxş edir. Və onu da qeyd edim ki, bu əraziyə gediş-gəliş o qədər də asan deyil. Yəni suyun mənbəyinə getmək üçün maşından düşüb piyada getməlisən. Əlbəttə, bu əziyyətdən sonra bulağın saf suyundan içib yorğunluğu çıxartmağın ayrı ləzzəti var. Odur ki, bu məsafəni qət edib “Çınqıllı” bulağın ətrafında dincəlməyə üstünlük verənlər az deyil. Hər il yaz-yay aylarında bulağın ətrafı qonaqlı-qaralı olur. Buna görə də bulağın ətrafında insanların rahatlığı üçün şərait yaradılıb, oturacaqlar qoyulub.

Ən sevindiricisi də  odur ki, bulağın suyu bu gün istehsala cəlb olunub. Artıq 10 ildir ki, nəinki muxtar respublika sakinləri, eləcə də Azərbaycanın digər bölgələrinə çatdırılır. Bu məqsədlə bulağın suyu 3 kilometrlik məsafədən borular vasitəsilə “Çınqıllı Bulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal müəssisəsinə daşınır. Müəssisənin icraçı direktoru Təyyar Əsgərov  bildirir ki, son vaxtlara qədər burada istehsal tam avtomatlaşdırılmamış qaydada həyata keçirilirdi.  2 çeşiddə - 0,5 və 1,5 litrlik butulkalarda su buraxılırdı. Amma bu il müəssisəyə müasir avadanlıqlar alınıb quraşdırılıb. Hazırda istehsal avtomatdırılmış qaydada həyata keçirilir.

Müasir avadanlıqların quraşdırılması çeşidin artırılmasına da şərait yaradıb. 6 çeşiddə məhsul istehsal olunur. Yaxın günlərdə həm də şüşə və plastik  butulkalarda 330 qramlıq suyun istehsalı planlaşdırılır. Həmçinin qazlı suyun da istehsalına başlanacaq.

2020-ci ilin ötən aylarında 75 min litr və ya 30 min manatlıq su istehsal olunub. İcraçı direktor bildirdi ki, artıq “Çınqıllı” bulağının suyunun xarici ölkələrə də ixracı planlaşdırılır. Yəni  tezliklə İsrail və Ərəb ölkələrinin alıcıları da bu əvəzsiz suyu əldə etmək imkanı qazanacaqlar. Və əlbəttə ki, ilbəil  xarici istehlakçıların sayı da artırılacaq.

Bəli,  milyon illər bundan əvvəl yer səthinə çıxan, axıb çaya, dərəyə gedən bu  əvəzsiz nemət indi  süfrələrimizə çatdırılır. Digər tərəfdən Naxçıvanın şöhrətini daha da artırır.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: