Tarixiylə müasirləşən Ləkətağ körpüsü

A- A A+

Səyahət etmək, gəzmək, görmək, müxtəlif ölkələrin mədəniyyətləri ilə yaxından tanış olmaq hər birimiz üçün maraqlıdır. Araşdırmalar sübut edir ki, heç nə zəkanı səyahət etmək qədər inkişaf etdirə bilməz. Elə mən də bu fikirlə razılaşıram. Düşünürəm ki, fürsət tapdığımız hər anı gəzərək, kəşf edərək, dünyagörüşümüzü genişləndirərək qiymətləndirmək həm fiziki, həm də ruhi baxımdan bir çox müsbət təsirlərə malikdir.

Səyahət etmək yeni mədəniyyətlər, təamlar, inanclar, məlumatlar deməkdir. Sağlamlığımızı və ruhumuzu yeniləyə biləcək ən əyləncəli yollardan biridir. Səyahət yeniliklərə və fərqliliklərə açıq olmağımızı təmin edir. Səfər əsnasında bir çox yeni insanla tanış olub, tam fərqli dünyaların qapılarını üzümüzə açırıq. Bir çox insanla söhbət edərək fərqli mədəniyyətlərdən xəbərdar oluruq. Fikrimcə, səyahətin ən gözəl tərəfi odur ki, gələcəkdə danışmağa bir çox təəssüratımız olsun!

Tarixə nəzər salsaq, görərik ki, səyahətlər  bütün dövrlərdə mövcud olubdur və insan sivilizasiyası dəyişdikcə səyahətlərə baxış bucağı da dəyişibdir.

Səyahət qədim anlayış olsa da, turizm anlayışından ayrılmazdır. Səyahət və turizm anlayışlarının ikisi də insan həyatını, onun rəngarəngliyini səciyyələndirən anlayışlardır. Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, yaşadığımız informasiyalı cəmiyyətdə, ETT-nin sürətlə inkişaf etdiyi bir vaxtda səyahətlərə ehtiyac daha çox duyulur. Bu yolla insan itirdiyi enerjini bərpa etmiş olur. Aydındır ki, istirahət etmək insan üçün çox faydalı və lazımdır.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, 2020-ci ildə dünyada mövcud olan pandemiya (COVİD-19) digər sahələr kimi turizm sektonuna da ciddi ziyan vurubdur. Ölkəmizə səyahət edən xarici turistlər arasında pandemiyanın qarşısının alınması məqsədilə hava nəqliyyatının dayandırılması və izolyasiya tədbirləri turizm sahəsinə mənfi təsir göstəribdir.

 Ölkəmizdə daxili turizmin inkişafı üçün Dövlət turizm agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən müxtəlif təkliflər hazırlanıbdır ki, bu da daxili turizmin inkişafına təkan verən amillərdən biri olacaqdır. Bir məsələni də qeyd etmək yerinə düşər ki,  insanların psixoloji rahatlığını təmin etmək, həmçinin  daxili turizmi inkişaf etdirmək məqsədilə güzəştli tur paketlərin  təklif olunması daxili turizmin inkişafında müsbət addım ola bilər. İnanırıq ki, dünya iqtisadiyyatına böyük zərbə vuran pandemiya bitdikdən sonra inkişaf etmiş turizm sənayesinə malik olan ölkələrin təcrübəsindən istifadə edərək turizm sektorunun inkişafı müəyyən zamanla dövlətimiz və yerli sahibkarların dəstəyi ilə tədricən öz inkişaf tempinə qayıdacaq.

Turizmə  maraq göstərən yerli əhali yaranmış vəziyyətdə asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə  xarici turistlərin maraq göstərdiyi  Naxçıvanda az xərclə öz səyahətlərini  təmin edə bilərlər. Naxçıvan Azərbaycan xalqının qədim tarixinin yaşandığı, bugünkü inkişafının əks olunduğu mühüm turizm destinasiyalarından biridir. Naxçıvana səfər edən hər turist özü üçün yeni bir dünya kəşf edir.

Təkzib edilməz faktdır ki, hər bir  turisti səyahət etməzdən əvvəl düşündürən ilk fikir onun təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan, cinayətsiz şəhər statusu alan Naxçıvan Muxtar Respublikasında turistlərin təhlükəsizliyi tam şəkildə qorunur. Xüsusən də gözəl hava şəraiti, səyahət zamanı hər kəs üçün arzuolunandır. Əgər fikir versək, şahidi olarıq ki, səyahət etmək istəyən hər kəs gedəcəyi yerin iqlimi və hava şəraiti ilə çox maraqlanır. Naxçıvana səyahətə gələn turistlər ilin hansı fəslində olursa-olsun,  bu torpağın saf havasında  ürəkləri istəyən kimi istirahət edə bilərlər. Yol, mədəniyyət  həm də uzaq səyahətin başlandığı yerdir. Tarixən qədim İpək Yolu üzərində mühüm ticarət karvanlarının keçid yolu olmuş Naxçıvan öz müasir yolları ilə hətta ən inkişaf etmiş ölkələrdən gələn turistlərin də ürəyincədir.        

Elə yollardan söz düşmüşkən qeyd etmək istəyirəm ki, Azərbaycan torpağı keçmiş əsrlərdən xəbər verən bir sıra qədim tarixi abidələrlə, qalalarla, körpülərlə zəngindir. Tarixən Azərbaycanın mühüm ticarət mərkəzlərindən olan Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Qəbələ, Naxçıvan, Təbriz və s. kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınıbdır. Səyahət üçün ulu diyar Naxçıvanın hansı bölgəsinə üz tutsaq, burada mütləq tarixi bir tikiliyə rast gələ bilərik. Tarixi abidələr sırasında öz əhəmiyyətinə görə seçilən tikililərdən biri də körpülərdir. Tarixən Naxçıvanın Çindən Avropaya uzanan Böyük İpək Yolu üzərində yerləşməsi isə buradakı körpülərin tarixi rolunu daha qabarıq şəkildə ortaya qoyur. Bu məqaləmdə tarixi ərazilərə səyahət etməyi sevən turistlər, həmçinin də yerli əhali üçün maraqlı olacağını düşündüyüm Ləkətağ körpüsü haqqında məlumat vermək istəyirəm.

Muxtar respublikamızda Ordubad və Culfa rayonlarının ərazisində tarixi körpülərə daha çox rast gəlinir. Naxçıvan memarlıq məktəbinin gözəl nümunəsi olan Ləkətağ körpüsü Culfa rayonunun Ərəfsə kəndindən şimal-şərqdə Əlincəçayın üzərində tikilən orta əsrlərə aid memarlıq abidəsidir. Xalq arasında ona “Ərəfsə körpüsü” və ya “Culfa körpüsü” də deyilir. Bir aşırımlı olan bu qurğu Əlincəçayın üzərində yerləşir. Tikinti texnikasına əsasən tarixçilər körpünün XVI-XVII əsrlərdə Səfəvilər tərəfindən, Əlincə çayının sol sahilində yerləşən digər Culfa kəndlərini Ləkətağ ilə əlaqələndirmək məqsədilə inşa olunduğunu bildirir. Abidə tağvari formadadır. Qeyd edək ki, körpünün divarlarının üzlənməsində müxtəlif həcmli yerli dağ daşlarından istifadə edilib. Üzərində isə “Ərəfsə daşı” adlanan materialla məhəccərlər qaldırılıb. Yenilənən yolun kənarından uzanan qədim yol da müasir texnikanın gücü ilə genişləndirilib.

Bərkidici maddə kimi iri qum və əhəng qarışığı olan gəcdən istifadə edilib. Körpünün uzunluğu 47, eni 3, çay yatağından hündürlüyü isə 7,5 metrdir. İnşa tarixi XVI-XVII əsrlərə, Səfəvilər dövrünə aid olan abidə dağılma təhlükəsi ilə üz-üzə idi. Muxtar respublika rəhbərinin tapşırığı ilə memarlar uçub dağılmaq təhlükəsi ilə üz-üzə qalan qədim  körpüyə ikinci həyat veriblər.

Körpünün sağ və sol tərəflərində divarları bərkitmə işləri aparılıb, dayaqlar möhkəmləndirilib. Uzun ömürlü olması üçün körpü hər iki tərəfdən betonlanıb. Yaz vaxtı gur gələn və çay yatağında yayılan suyun bu hissədən sərbəst keçməsinə imkan yaratmaq məqsədilə körpünün sol hissəsində əlavə olaraq 3 kiçik suötürücü tağ da qurulub. Bundan başqa, körpünün ətrafındakı hissələrdə yuyulmanın qarşısını almaq üçün iri daşların köməyi ilə sahilbərkitmə işləri görüb. Amma indi yenidən əsaslı şəkildə bərpa olunub. Onun inşasında yerli materiallardan istifadə edilib. Belə hesab etmək olar ki, orta əsrlərdə Əlincəçay vadisi ilə uzanan yol Ərəfsə kəndinin yaxınlığında çayın sol sahili boyunca davam edib.

Qeyd etdiyim kimi, muxtar respublikamızın digər bölgələrində də tarixi körpülərə rast gəlmək mümkündür. Mən bu məqaləmdə Culfa rayonu ərazisində yerləşən Ləkətağ  körpüsü haqqında məlumat verdim. Hazırda COVID-19 virusunun geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu mübarizə aparılır. Ümid edirəm ki, dünyanı cənginə alan pandemiya tezliklə bütün dünyadan sovuşacaq və biz də həm muxtar respublikamızın dilbər guşələrinə, həm də dünyaya səyahət edərək istirahətimizi təmin edə biləcəyik.

Sonda qeyd etmək istərdim ki, həyata pozitiv baxıb, həmişə xoşbəxt görünmək istəyirsinizsə, mütləq səyahət edin. Tez-tez səyahət edən insanlar daha çox gülümsəyir, hadisələrə həmişə müsbət istiqamətlərindən yanaşırlar. Səyahət həyatımızı yaddaqalan xatirələrlə zənginləşdirir.

Flora Kərimova

Naxçıvan Dövlət Universitetinin

Bələdiyyə və turizm kafedrasının müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: