Aliment öhdəlikləri uşağın mənafeyinə yönəlməlidir

A- A A+

Azərbaycan Respublikasının Konstitusiyasına görə, ailə dövlətin xüsusi himayəsindədir. Ölkənin ana sənədində xüsusi qeyd edilir ki, uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Valideyn qayğısından məhrum olan uşaqlar isə dövlətin himayəsindədir. Valideynlər istər birgə nikah, istərsə də nikah bitəndən sonra uşaqları himayə etməyə, onların maddi və mənəvi ehtiyaclarını qarşılamağa borcludurlar.

Aliment öhdəliklərinin əsasını ailə münasibətləri təşkil edir. Aliment öhdəliyi məzmun etibarı ilə aliment ödəyicisinin onu ödəmək vəzifəsindən, aliment alanın isə onu tələb etmək hüququndan ibarətdir. Ailə münasibətlərindən kənar hər hansı bir ödənişlər, kiməsə müəyyən vəsait köçürmələri, onun saxlanmasını təmin etmək məqsədi güdən pul ödənişləri aliment sayılmır. Ailə üzvlərinin saxlanılması geniş və əhatəli anlayışdır. Bu da valideynlərin ən başlıca vəzifəsinin meyarıdır. Bu vəzifəni yerinə yetirməkdən imtina edən valideynlər aliment ödəyirlər. Aliment öhdəliklərinin məqsədi ehtiyacı olan əmək qabiliyyətini itirmiş ailə üzvlərinin saxlanılmasıdır. Aliment, latınca “alimentum” sözündən götürülüb, yemək, qida mənasını verir. Aliment öhdəliyi qəti surətdə şəxsi səciyyəyə malik vəzifədir. Yəni aliment öhdəliyi olan şəxs, bu vəzifəni şəxsən icra etməli, bu öhdəliyin icrasını başqa şəxsə həvalə etməməlidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlərin öz uşaqlarını saxlamaq borcu, valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, yetkinlik yaşına çatıb-çatmamasından, habelə uşaqların valideynlərinin köməyinə ehtiyac duyub-duymamasından asılı deyildir. Uşaqlar yetkinlik yaşına çatanadək işləyib-işləməməklərindən asılı olmayaraq əmək qabiliyyətsiz hesab olunurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də göstərildiyi kimi, valideynlər aliment ödənilməsi barədə saziş bağlamaq hüququna malikdirlər. Alimentin ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və ya onu alan şəxs fəaliyyət qabiliyyətli olmayan şəxs olduqda isə onun qanuni nümayəndələri arasında yazılı formada bağlanılır. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə icra vərəqəsi qüvvəsinə malik olur. Alimentin ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı tərəflərin razılığına əsasən müəyyən olunur. Aliment müxtəlif gəlirlərdən, borculunun əmək haqqından, aldığı pensiyadan, əsas iş yerindən və ya əvəzçiliklə işlədiyi yerdən aldığı əmək haqqından, yardımçı təsərrüfatdakı hər bir gəlir növündən tutulur, ayrı-ayrı icra vərəqəsinə əsasən həyata keçirilir. Aliment yalnız əmək haqqından deyil, habelə aliment verməli olan şəxsin şəxsi əmlakından, bank və kredit müəssisələrindəki pul vəsaitlərindən də tutula bilər. Aliment ödənilməsi barədə saziş olmadıqda isə tərəflər alimentin tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Məqsəd aliment almaq hüququna malik olan şəxslərin maddi vəsaitsiz qalmamasını təmin etməkdir.

Nəzərə alsaq ki, aliment vəsaiti böyüməkdə olan uşağın təminatına,qidasına,təhsilinə yönəlir. Onun gələcəkdə formalaşması üçün ən vacib amillərdən birinə çevrilir. Bunu nəzərə alan aliment ödəyiciləri vaxtında öhdəliklərini yerinə yetirməlidirlər. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Alimentin ödənilməməsi məhkəmə qərarının icra edilməməsidir, bu isə inzibati və cinayət məsuliyyəti yaradır. Qeyd edək ki, inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxs, cəzasını çəkdikdən sonra alimentin ödənilməsini davam etdirməlidir. Məsuliyyətə cəlb etmə heç bir halda aliment öhdəliyini aradan qaldırmır.

Uşaqların hüquqlarının pozulması, onların gələcəklə bağlı arzularının reallaşmamasına, mənəvi travmaların yaşanmasına səbəb olur. Qeyd edək ki, ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. Ailə cəmiyyət üçün yararlı olan insanlar yetişdirir.  Yəni ilk növbədə ailədə insan, eyni zamanda vətəndaş doğulur. Ailələrin dağılması və alimenti ödəyən şəxsin alimenti ödəməkdən yayınması daha çox uşaqların tərbiyəsinə və gələcək inkişafına mənfi təsir göstərir.

         

Nurşən Allahverdiyeva

Ədliyyə Nazirliyinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: