Naxçıvanda rentgen-flüoroqrafik müayinələri aparılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən əhali arasında ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə rentgen-flüoroqrafik müayinələrə start verilib.

Muxtar respublikanın Səhiyyə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ilk müayinələr Kəngərli Rayon Mərkəzi Xəstəxanasında aparılıb. Dispanserin həkimləri Sevda Rüstəmova və tibb bacısı Hüsniyyə İsmayılova 151 nəfəri flüoqrafiya müayinəsindən keçirib. Müayinələr xəstəxananın tibb işçiləri və uşaq bağçalarının müəllimlərini əhatə edib. Xəstə aşkar olunmayıb.

Rayonun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndində isə 152 müəllim flüoroqrafiya müayinəsinə cəlb edilib. Bir nəfər xəstəliyə şübhəli bilindiyindən dispanserdə təkrar müayinəsi məsləhət görülüb. Müayinələr zamanı maarifləndirici söhbətlər də aparılıb.

Bütövlükdə, sentyabr ayının ötən günlərində Ağciyər Xəstəlikləri Dispanserinin rentgen-flüoroqrafiyasında 1600 nəfər yoxlanılıb. Bir nəfər dispanser qeydiyyatına və bir nəfər isə DOTS proqramı üzrə müalicəyə götürülüb. Hazırda bu proqram üzrə 11 xəstə müalicə alir.

Qeyd edək ki, muxtar respublikada yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. Əhalinin müxtəlif qrupları arasında xəstələnmə və ölüm səviyyəsinin azaldılmasına yönəldilmiş immunprofilaktikaya dair çox vacib proqramların həyata keçirilməsi də bunu təsdiq edir. Nəticədə, bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçə infeksion patologiya isə tam ləğv olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: