Al şəfəqli məmləkətim - Naxçıvan

A- A A+

Deyirlər hər kəsin Vətən adlı  bir dünyası var.  Bəlkə elə buna görə də,  dünyada hər şeyi zövqə, imkana görə dəyişmək olar, bircə Vətəndən başqa...Vətən tale töhfəsidir, Vətən bəşər övladının şanı-şərəfi, qeyrəti, namusudur... Bütün sevinclərimizin  əzəli də  ona bağlıdır, axırı da...

Böyüyüb boya-başa çatdığım  yurdum, bol günəşi, saf suyu, təmiz havası ilə göz oxşayan gözəlliklər məskənim, Naxçıvanım. Əlincə qeyrətlim, Gəmiqaya sirlim, Əshabi-Kəhf möcüzəlim, Möminə Xatın  şöhrətli  qədim diyarım...

Ana yurdum Azərbaycandan ayrı düşmüş ayrılmaz parçadır Naxçıvan! Dünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin, Vətən həsrətli  Heyran xanımın, maarif fədaisi Məhəmməd Tağı Sidqinin, romantik şair Hüseyn Cavidin, ölməz sənətkar Cəlil Məmmədquluzadənin, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin, böyük kimyaçı alim Yusif Məmmədəliyevin və neçə-neçə adını  çəkmədiyim   böyük şəxsiyyətlərin  vətənidir Naxçıvan.

Mən sənin Batabat gölündəki möcüzəli “Üzən ada”nı, Duzdağındakı “Büllur sarayı”nı, Darıdağ şəfa bulağını, min bir dərdə dava olan  mineral  sularını, yayın od ələyən günlərində ilin dörd fəslini başına cəm eləyən Ordubadın  “Göy göl”ünü, milli ruhumuzu özündə  yaşadan  Şərur yallısını  göz önünə  gətirdikcə  gözümdə  daha da gözəl və doğma görünürsən, ulu diyarım...

Naxçıvan xalqımızın  tarixində və taleyində mühüm  rol oynayan bir məkandır. Əbəs yerə vətənimizin bu qədim və ulu diyarını “Nəqşi-cahan”-dünyanın bəzəyi adlandırmayıblar. Dərbənddən Bakıya, oradan da Qarabağa çatan yollar Zəngəzur  vasitəsilə  Naxçıvandan keçərək İrəvana  və Tiflisə, Qarsa və Ərzuruma qədər  uzanıb gedibdir.

Dünənlə bu günün vəhdəti

Necə xoşbəxtik ki, qanlı-qadalı günləri  geridə qoyub, xoş işıqlı, nur üzlü şəhərdə  günün batışını və  günün  oyanışını  seyr edə bilirik. Vaxtilə  Naxçıvan   zülmətin pəncəsində, qaranlıqda qalmışdı.  Ancaq  bu diyarın xalqsevər  rəhbərləri, qədirbilən oğulları, yurdsevər vətəndaşları zülmətə, qaranlığa qarşı mübarizəyə başladı, bu yolda böyük zəhmətlər, əziyyətlər çəkildi və nəticədə Naxçıvan gecələri  nur işığına boyandı. 

Şairin təbiri ilə desək:

Qocaman çinarlar durub yan-yana

Köksündən zəhmətin  xoş ətri saçır.

Dönübdür şəhərim cənnətməkana

Baxdıqca göz gülür, könül dil açır.

Qədim diyarımın hər qarışı göz oxşayır, sanki dil açıb danışır. Tarix Naxçıvanı, Naxçıvan da  tariximizi yaşadır. Ulu öndərimiz  Heydər Əliyev  deyirdi: “Naxçıvan Azərbaycanın ən qədim  diyarlarından biridir, çox zəngin  tarixə malik olan  Azərbaycanın  bir hissəsidir, qədim tarixi olan Azərbaycan  torpağıdır”.

Arzularımın diyarı....

Hələ balacaydım... Uşaq xəyallarım vardı. Hər zaman arzu edərdim ki,  hər cür şəraiti olan məktəblərdə təhsil  alaq, gül-çiçəyə qərq olmuş meydanlarda  uşaqlarla  oynaya bilək. Bu arzular, uşaq  xəyallarımdakı niyyətlər çox keçmədi ki,   gerçək oldu. Sanki hansısa bir sehrbaz  öz sehrli çubuğu ilə  Naxçıvanı əsrarəngiz gözəlliyə qərq etdi.

İndi Naxçıvan-Azərbaycanın tacı olan bu tarixi məkan özünün yeni  həyatını yaşayır.  Müasir tikililərlə  yanaşı,  yenidən böyük ustalıqla və diqqətlə  bərpa olunaraq müasir dizaynda qurulmuş binalar, mədəniyyət və istirahət  parkı, əyləncə və istirahət mərkəzi, Bazar gölü, “Saat Meydanı” turistik istirahət mərkəzi, Uzunoba ailəvi  istirahət mərkəzi, kinoteatrlar, kafe və restoranlar, küçələr boyu əkilmiş  yamyaşıl  ağaclar,  insanların  əhval-ruhiyyəsini oxşamaqla yanaşı, ətrafa  xoş ətir saçan gül-çiçəklər - bütün bunların  hamısı blokada şəraitində yaşayan Naxçıvanı inanılmaz dərəcədə dəyişib. Bu ilk növbədə  Ümummilli  liderimizin  ideyalarının təntənəsidir, onun quruculuq yolunu inamla davam etdirən ölkə başçısı İlham Əliyevin  muxtar respublikaya  göstərdiyi  qayğının  bariz nümunəsidir.  Bu təntənə  müasir Naxçıvanın  gerçək simasıdır.

Uğurlu sabahlara doğru…

Hər bir valideynin  arzusu  övladının  rahat  həyat tərzi  sürdüyünü, xoş günlər içərisində  gələcəyə doğru inamla addımladığını görməkdir. Bu gün nə xoş bizə ki,  övladlarımızı heç tərəddüd etmədən  məktəbəqədər  tərbiyə müəssisələrinə və  hərtərəfli  şəraitlə təmin olunmuş  təhsil ocaqlarında  təhsil almağa göndərə bilirik. Bəli, gələcəyimiz  olan  gənclər  artıq əmin əllərdə böyüyüb təhsil alır, çalışır, səmərəli  fəaliyyət  göstərməsi üçün hər cür  şərait  yaradılır. Bugünkü gənc  nəsil sabaha  uğurla, inamla addımlayır. Bütün bu uğurlar isə biz naxçıvanlıları  qədim məmləkətimizə daha sıx, qırılmaz tellərlə  bağlayır. Ümummilli liderimiz Heydər Əliyev doğma  Azərbaycanımız haqqında, Naxçıvan haqqında  düşünür və deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın  ayrılmaz hissəsi olan  Naxçıvan haqqında  planlarımız, arzularımız  yerinə yetirilsin”. Qürur hissi ilə deyə bilərik ki,  bu arzu, bu istək  Naxçıvanda  dönmədən gerçəkləşdirildi, ulu öndər ideyalarının reallığa çevrildiyi bir məkana döndü. Qədim Naxçıvanımızın bugünkü müasir səviyyəsi cənab Sədrimizin yorulmaz  fəaliyyətinin  canlı ifadəsidir.

İndi bu şəhəri seyrə çıxan hər bir vətəndaş  çıraqban şəhərə baxıb  iftixarla: “Mən bu şəhərin  sakiniyəm”,- deyir.

Yaşıllıqlar  məskənidir məkanım...

Doğma diyarımızın bugünkü göz oxşayan  yaşıllıqlarını seyr etdikcə  şəhərimin  keçdiyi, hələ  mən balacaykən  yaddaşıma yazılan  o çətin günləri  göz önümdə canlanır. Qışda soyuqdan qorunmaq üçün şəhərimizdə kimsəsiz, qərib kimi görünən beş-on ağacı  kəsib istisinə qızındığımız, yayda isə: “kaş ki, indi  həmin ağaclar qalardı, kölgəsində sərinlik tapardıq”,- dediyimiz vaxtları indi ürəkağrısı ilə xatırlayıram. Muxtar respublikamızın yaşıl sərvətinin dağıdılmasından narahat olan və onu  qorumağa çağıran ulu öndərimiz deyirdi: “Ağac kəsən hər kəs elə bil  mənim  qolumu  kəsir”. Bu sözlər  muxtar respublikanın  əhalisi üçün  bir həyəcan təbili idi. Bu yaşıllığı qorumağa və onu mühafizə etməyə bir çağırış idi. Bu çağırışa  elliklə  qoşulmaq, ona səs vermək, qırılıb tökülənlərin, dağıdılanların əvəzini qaytarmaq  lazım gəlirdi. Ancaq necə?Bu çətin işin öhdəsindən  gəlmək  mümkün idimi? Axı muxtar respublikada  yaşıllıqların  istismarı bir yana dursun, iqtisadi tənəzzül də bir tərəfdən insanların  əl-qolunu bağlamış, sabaha olan ümidlərini puça çıxarmışdı. Belə bir çətin məqamda Heydər Əliyevin böyük dövlətçilik  təcrübəsi həlli çətin olan  məsələləri öz yoluna qoya bildi. Həyat yavaş-yavaş öz axarına düşməyə başladı.  Yaşıllaşdırma ilə bağlı layihələrin həyata keçirilməsinə böyük önəm verildi. Muxtar respublikamızı yaşıl diyara çevirmək üçün  hər il yol kənarlarına on minlərlə  ting basdırıldı.  Ancaq şükürlər olsun ki,  o ağrılı, qadalı  günlər  geridə qalıb və bu gün yaşıllıqlarımız, ağaclarımız  göz oxşayır.

Muxtar diyarımızın yaşıllıq əraziləri ilbəil artırılır, meşə-bərpa işləri sürətləndirilir. İlin bütün fəsillərində yaşıl libaslı zəhmətkeş bağbanları şəhərimizin  gəzməli-görməli yerlərində mövsümə uyğun işlər apararkən görmək olar. Bu  diyara üz tutan  qonaqlar  da məhz  bu gözəllikdən  zövq alır və qədim diyarımızın  hüsnünə yaraşıq verən  yaşıllıqlardan ağızdolusu danışırlar.

Aydın məram, konkret hədəf

Qısaca bunu deməliyəm ki,  o yerdə Vətənə, yurda bağlı əsl rəhbər  vardırsa, o zaman  həyatın  məcrası da düzgün  istiqamətə  yönəlir, sözlə işin vəhdəti təmin edilir, nizam-intizam şüurlu olaraq varlığımza  hakim kəsilir. Bütün bunlar isə  sürətli inkişafa gedən yolun başlıca şərtidir. Çalışmaq və yenə də çalışmaq  bugünkü həyatımızın  alternativsiz qayəsidir. Atalar yaxşı deyib: “Halva-halva  deməklə  ağız şirin  olmaz.”  Gərək arzusunda  olduğun  məqsədə  çatmaq üçün  qol çırmayıb  iş görəsən. Dünya şöhrətli siyasətçi, misilsiz dövlət xadimi Heydər Əliyevin  idarəetmə  məktəbini  keçən, onun  dövlətçilik  xəttinin  incəliklərini  mənimsəyən, muxtar respublikanı  dərindən tanıyan,  potensialını  və problemlərini  yaxşı bilən, təşəbbüskar, coşqun  enerjili, aydın  proqramlı  muxtar respublika rəhbəri  öz məramnaməsini  hələ 25 il öncə belə ifadə etmişdi: “Prezident  Heydər Əliyevin  dövlətçilik  platformasına  sadiq qalacağam, onun  bu böyük etimadını  layiqincə  doğrultmağa  çalışacağam”.

Aydın məram, konkret hədəf isə göz qarşısındadır. Özünün  intibah  dövrünə qədəm  qoyan  Naxçıvanda  bu gün yeni həyat başlayıb. İnkişaf  və yeniləşmə  istiqamətində  keçilmiş  şərəfli yolun  dərsləri, dövlətçilik, quruculuq, idarəetmə sahəsində  toplanmış  zəngin təcrübə  Azərbaycanın  bu qədim və  həmişəcavan  diyarının sabahkı  üfüqlərinə  də gur işıq salır.

Nuray Əsgərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: