NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Ahıllar Günü ərəfəsində Güney Qışlaq kənd sakini, bu il 100 yaşını qeyd edən Hüseyn Hümbətovla görüş keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan görüşdə bildirilib ki, muxtar respublikada uzunömürlü, ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin əsas qayğılarındandır.
Vurğulanıb ki, ikinci dünya müharibəsi iştirakçısı Hüseyn Hümbətov da dövlət qayğısı ilə əhatə olunub. O, müharibədə iştirakına görə prezident təqaüdü, həmçinin əmək pensiyası ilə təmin olunub. 2011-ci ildə ona dövlət tərəfindən minik avtomobilinin təqdim olunması da göstərilən yüksək qayğının növbəti təzahürüdür.
Sosial könüllülərin də iştirak etdiyi görüşdə muxtar respublikanın ən uzunömürlü sakinlərindən olan Hüseyn Hümbətova hədiyyələr təqdim olunub.
Hüseyn Hümbətov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Qeyd edək ki, Hüseyn Hümbətov 1920-ci ilin iyulun 1-də Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. O, 21 yaşında 1941 -ci ilin dekabrında ikinci dünya müharibəsinə gedib. Müharibədə 3 dəfə yaralanan qəhrəmanımız 14 müxtəlif medalla təltif olunub. Onun 22 nəvəsi, 33 nəticəsi var.
Novruz Məmmədov