Əsl sənəti bənna olan, öz elçiliyinə özü gedən, “O Naxçıvandır”ın əvəzsiz ifaçısı - Abdulla Babayev - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin oxucularına təqdim etdiyi  “PƏRDƏARXASI” rubrikasında  həyatını incəsənətə həsr etmiş sənət adamlarının həyatlarının və yaradıcılıqlarının pərdəarxası, bilinməyən  məqamlarından söhbət açılır. Rubrikanın bu dəfəki sayı Xalq artisti, tanınmış xanəndə Abdulla Babayevə həsr olunub.

Yaddaşımızda bax elə bu cür qaldı: eynəkli, ağ saçlı, şən- şaqraq ifası ilə xalqın könlündə taxt quran bir  insan.

Uşaqlıqdan “Aban” deyə çağrılıb, elə sonrakı illərdə də dost-tanış ona bu cür müraciət edib, ta ki böyük səhnələri fəth edib sənətdə öz imzasını təsdiqləyənə qədər...

1924-cü il aprelin  1-də  Naxçıvan şəhərinin bir addımlığında yerləşən Tumbul kəndində, gözəl səsə malik  olan dəmiryolçu  Murtuz kişinin ailəsində dünyaya göz açıb. Murtuz kişinin hərdən bir evdə zümzümə etməsi, toylarda oxuması  balaca Abdullanın da  körpə qəlbini riqqətə gətirir. Elə sonralar onun müğənni olmasında atasının böyük rolu olur. Evdə boş vaxtlarında radioya qulaq asaraq musiqini öyrənir, tava, vanna, vedrəni qaval əvəzi istifadə edərək muğamlar, mahnılar oxuyur.

9 uşaqlı ailənin böyük övladı olan Abdulla 19 yaşında ikən   atası  dünyasını dəyişir. Böyük ailənin  yükü onun çiyinlərinə düşür. 1941-1945-ci illər müharibəsi başlayanda onu da müharibəyə aparırlar, lakin gözləri zəif oluğuna görə geri qaytarılır. Abdulla başlayır bənnalıq etməyə. Hətta divar hörəndə də mahnı oxuyur, yoldan keçənlər ayaq saxlayıb onun səsinə qulaq asırlar. Məclislərdə, səhnələrdə çıxış etməsə də, artıq çoxları onun  gözəl səsə malik olduğunu bilir. Bir dəfə kənddə yaxın qohumlarının birinin toyunda kimsə təklif edir ki, Abdulla oxusun. Onu zorla musiqiçilərin yanına gətirirlər. Şəhərdən dəvət olunmuş xanəndə  qavalı ona verib deyir:

- Utanma, oxu.

Çalğıçılar elə bil himə bənd imişlər. Çox keçmir ki, Abdullanın yanğı dolu məlahətli səsi ətrafı bürüyür, məclisdəkilər yerbəyerdən deyirlər: “Bunun nə qiyamət səsi varmış, lap adamı yandırıb yaxır ki...” Mahnını oxuyub qurtaranda hər tərəfdən “əhsən”, “səsinə söz ola bilməz” sədaları eşidilir. Elə həmin gündən Abdulla böyük sənətin astanasına qədəm basır.

1959-cu ildə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansambılı təşkil olunanda belə bir elan verilir ki, yaxşı mahnı oxuyanları, tar, kamaça çalanları ansambıla qəbul edirik. Abdulla  həmin ansambıla gedir  və səsi yoxlanıldıqdan sonra məlum olur ki, o elə yaxşı oxuyandır.  Ansambılda işə qəbul haqqında ilk əmr  Abdulla Babayevin adına yazılır. Beləliklə, 1959-cu ildən onun  solist kimi  başlayan səhnə həyatı 50 ildən artıq bir dövrü əhatə edir.

Uzun illər səhnələrdə olan, çox mahnılar oxuyan, konsertlər verən, özünəməxsus ifa tərzi ilə seçilən Abdulla Babayev oxuyanda qəlbinin sevinci simasında təzahür edib. “Balıq susuz yaşaya bilmədiyi kimi, mən də musiqisiz yaşaya  bilmərəm” deyərmiş. Bacarıqlı bənna kimi vaxtilə çox gözəl, yaraşıqlı evlər tikən xanəndə oxuduğu mahnıların da bənnası olub. “Naxçıvan”, “O Naxçvandır”, “Təki sən səslə məni”, “Dəli ceyran”, “Yaxan düymələ”, “Almanı atdım xarala”, “Qoy gülüm gəlsin”, “ İrəvanda xal qalmadı”, “Tel nazik” və daha neçə-neçə mahnılar onunla oba-oba, oymaq-oymaq gəzib,  sənət yoluna işıq salıb və Naxçıvan  mədəniyyətinə şan-şöhrət gətirib.

Ulu Naxçıvanımıza  həsr olunan, bu yurdu tərənnüm edən, qəlbləri ovsunlayan “O Naxçıvandır” mahnısı  da məhz  Abdulla Babayevin ifasında daha çox sevildi, özünə böyük mövqe qazandı. Xanəndənin böyük sevgi, ilham və şövqlə oxuduğu “O Naxçıvandır” mahnısı  insanların ruhuna, qəlbinə, yaddaşına  hopdu.  Sənətkar elə bu mahnıyla da məşhurlaşdı. Bu sirr deyil ki, çoxları sözləri Əliheydər Qəmbərova, musiqisi Vahid  Axundova məxsus olan bu mahnının elə müəllifinin  Abdulla  Babayev olduğunu düşünür.

Və bir də “Təki sən səslə məni” mahnısı ilə sevildi ölməz sənətkar. Mahnıya məhz onun ifasında qulaq asanda insan  böyük zövq, mənəvi istirahət alır.  Müğənni  konsertlərini “O Naxçıvandır” mahnısı ilə başlayıb “Təki sən səslə məni” ilə sona çatdırarmış.

Naxçıvan torpağında bir ucu Ordubad, bir ucu Sədərək  harada şənlik olubsa,  Abdulla Babayev o məclisin başında olub. Həmin şənliyə ucalıq, hörmət və məhəbbət gətirib. Qədim Naxçıvan torpağının əbədiyaşar nəğməkarı  80 yaşında da əlində dəf səhnəyə çıxıb, gözəl ifaları ilə qəlbləri riqqətə gətirib.  Ömrünün 80 yaşında  zilə qalxmaq,  asanlıqla zildən bəmə enmək hər oxuyana qismət olmasa da, ulu tanrı Abdulla  Babayevə  bu qisməti əta etmişdi.

Xalq artisti Abdulla Babayevlə Ulu Öndər Heydər Əliyevin  dostluğu  isə 1937-ci  ildən  başlayıb.  Sənətkar bu barədə xatirələrini dilə gətirərək deyib:

“Həmin illərdə mən Naxçıxan dəmiryol orta məktəbində oxuyurdum.   Dəmiryol vağzalının yaxınlığındakı gölməçə qış aylarında donanda məktəbli uşaqlarla buz üzərində yarışırdıq. Naxçıvan şəhər məktəblərindən də məktəblilər bu yarışda iştirak etmək üçün gəlirdilər.  O zaman,  yarış vaxtı Heydər Əliyevlə tanış oldum. Dostluğumuz beləcə başladı. Biz həmişə boş vaxtlarımızda görüşər, dərslər barədə söhbətlər edərdik. 1941-ci ildə müharibə başladı və bir-birimizdən ayrıldıq. Uzun müddətdən sonra mən onunla Naxçıvanın 40 illiyində görüşdüm.

Naxçıvanın 50 illiyi ilə bağlı keçirilən konsertdə  isə “O Naxçıvandır” mahnısını oxuyanda  Ulu Öndər Heydər Əliyev mənə – “Ay Aban, sən bütün mahnıları yaxşı oxuyursan. Bu mahnını isə daha yaxşı oxuyursan. Bu mahnını həmişə oxu”, -dedi.”

Abdulla Babayev muğamın beşiyi sayılan Qarabağın hər qarışına ayaq basıb, orada məşhur xanəndələrlə muğam məclislərində  qarşılıqlı oxuyub.

Elin bütün toy-düyününün iştirakçısı olan sənətkar elə öz elçiliyini də özü edib, Bakıdan olan Bibixanım adlı qızla evlənib. Xanəndə gənclik illərindən ov həvəskarı olub. Bu isə təbiətə vurğunluğundan irəli gəlib.

Olduqca zarafatcıl, yumoru sevən, bamazə bir insan kimi saysız-hesabsız lətifələr bilib. Başına gələn qəribə əhvalatları güclü yumor hissi ilə danışar, məzəli söhbətləri ilə hamı tərəfindən sevilərmiş. Həyatda heç kəsin qəlbinə dəyməyib və  həddindən artıq səliqəli, zövqlü, humanist, qəlbi təmiz, ürəyi pak insan olan xalq artisti 9 övlad böyüdüb. Oğlu, tarzən Zeynalabdin Babayevlə isə hər zaman bir səhnəni bölüşüb. Həm dost, həm də həmkar kimi ata-bala saysız-hesabsız dövlət tədbirlərində, məclislərdə, toy-düyünlərdə, qastrol səfərlərində olublar. Oğul tar çalıb, ata isə oxuyub.

Naxçıvan Dövlət Filarmoniyasının solisti kimi çox yerlər, şəhərlər gəzən Xalq artisti ömrünün 45 ilini səfərlərdə keçirib. Xarici ölkələrdə də Azərbaycan muğamlarını, el havalarını, bəstəkar mahnılarını təbliğ və tərənnüm edib. Xaricdə yaşayan azərbaycanlılar vətənimizin ətrini onun şirin, mərhəm səsindən alıblar. Naxçıvanın musiqi həyatında, ifaçılıq aləmində xidmətləri olan  müğənninin ömrü başdan-başa nəğmələrlə, musiqi ilə yoğrulub.

1970-ci ildə Abdulla Babayevə Naxçıvan Muxtar Respubikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti  fəxri adını veriblər. 1996-cı ildə  isə Ulu Öndər Heydər Əliyev onu “Şöhrət” ordeni  ilə təltif edib.

Bir bahar günü dünyaya gələn Abdulla  Babayev elə 2015-ci ilin bir bahar günündə, 91 yaşında bu dünyadan köçür. Özü bu həyatdan köçsə də, oxuduğu  nəğmələr  həmişəyaşar və  bahar təravətlidir.

Türkanə Əmoyeva

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: