Ermənistan təxribatları ilə özünü məhvə aparır

A- A A+

N.Paşinyan hakimiyyətə gəldikdən sonra özünün "demokratik siması”nı yaratmağa cəhd göstərsə də, ötən dövr onun bundan çox uzaq olduğunu göstərdi. Baş nazirin xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yanaşması danışıqlar prosesində ziddiyyətləri daha da dərinləşdirdi. Onun təxribatçı siyasəti münaqişənin danışıqlar yolu ilə həllində başlıca maneəyə çevrilib.

Qanunsuz məskunlaşma intensivləşib

Hakimiyyətə gəldikdən sonra Paşinyan öncə danışıqların formatını şübhə altına almağa başladı və müxtəlif tədbirlərdə bunu dəfələrlə təkrarladı.

Eyni zamanda erməni baş nazir Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə səfər edərək həm ötən əsrin 90-cı illərinin əvvəllərində, həm də 2020-ci ilin iyul ayında Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən hərbi qulluqçuları mükafatlandırdı.

Emənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşma siyasəti aparması isə Yerevanın sülh prosesindən çox uzaq olduğunu göstərdi. O da maraqlıdır ki, Paşinyan hakimiyyəti sosial-iqtisadi çətinliklər səbəbindən ölkəni tərk edənlərlə bağlı narahat olmaqdansa, Livandan, Suriyadan Azərbaycanın işğal olunmuş ərazilərinə etnik erməniləri köçürməklə məşğuldur. Xatırladaq ki, ötən ay Beyrutda baş vermiş partlayışdan sonra Ermənistan Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək planını elan edib. Erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, Livandan olan erməni ailələri artıq Şuşa şəhəri daxil olmaqla işğal olunmuş ərazilərdə məskunlaşdırılıb. Beləliklə, Ermənistan 2020-ci ildə qanunsuz məskunlaşma siyasətini intensivləşdirib.

Paşinyan terrorçuların ümidinə qalıb

Bunlar azmış kimi, Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara hazırlaşır. Bu məqsədlə ölkədə mülki vətəndaşlardan ibarət silahlandırılmış könüllü dəstələrin yaradılmasına başlanılıb. Avqustun 26-da isə Ermənistanın müdafiə nazirliyi silahlı qüvvələri gücləndirəcək və sərhədlərin "təhlükə altında olan hissələrində” və ya "düşmənlə təmas xəttində” yerləşdirilə bilən ümummilli milis dəstəsini yaratmaq planını elan edib. Bu ölkənin hərbi rəhbərliyi həm də Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyir.

Sözsüz ki, bütün bu təcavüzkar hərəkətlər düşmənin həm də acizliyindən irəli gəlir. Çünki Ermənistan istər siyasi-iqtisadi, istərsə də hərbi cəhətdən Azərbaycanla müqayisə edilə bilməz. Ona görə Ermənistan xaricdən gələn muzdlulara ümid bəsləyir. Özü də bu, birinci dəfə deyil. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu xüsusda qeyd edir: "Muzdlulara və terrorçulara ehtiyac olan məhz Ermənistan ordusudur. 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında Ermənistan Livan, Fransa, ABŞ vətəndaşı olan erməni terrorçularından muzdlu kimi istifadə etmişdir. Xocalı soyqırımının törədilməsində iştirak etmiş və muzdlu terrorçulardan ibarət "Arabo” və "Aramo” terrorçu dəstələrinin Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət etməsi faktdır. İndi isə Ermənistan Livan və Suriyadan gətirilən erməni mənşəli şəxsləri muzdlu kimi Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil edir. Ermənistan tərəfi Yaxın Şərqdə digər istiqamət üzrə terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi kanalları üzərində iş aparır”.

Yeni müharibə düşmən üçün fəlakət olacaq

Artıq xeyli sayda PKK, ASALA terrorçusunu Qarabağa gətirən Ermənistan Suriyanın şimalında 2 il əvvəl yaradılan erməni briqadasını da Azərbaycana qarşı döyüşlərdə iştiraka cəlb etməyə çalışır. Türkiyənin "Haber7.com” portalı qeyd edir ki, Suriyanın şimalında, YPG-nin nəzarətində olan bölgələrdə erməni briqadası ötən ilin mayında qurulub: "Üç batalyondan (təxminən 750 nəfər) ibarət olan "Nubar Ozanyan” briqadasının sıralarına erməni əsilli suriyalılar daxil idi. İndi həmin briqadanın bir batalyonu - 250 döyüşçüsü Ermənistanın Azərbaycana qarşı hücumlarında iştirak etmək üçün regiona göndərilib”.

Nubar Ozanyan YPG-nin sıralarında döyüşən və 2017-ci ildə Türkiyə tərəfindən zərərsizləşdirilən terrorçu olub. Onun adını daşıyan briqada YPG-nin düşərgəsində təlim keçib. Daha sonra həmin erməni briqadası Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı YPG-nin tərəfində döyüşüb.

Bu gün dünyanın gözü qarşısında Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir, burada yaratdığı separatçı rejimin fəaliyyətinə hüquqi don geyindirməyə çalışır. Bu il martın 31-də həmin separatçı rejimin keçirdiyi "prezident və parlament seçkiləri” də bu qəbildən olan növbəti cəhddən başqa bir şey deyil.

Ermənistan Azərbaycan Ordusunun ən qısa zaman kəsiyində işğal altındakı əraziləri azad etmək iqtidarında olmasını hələ 2016-cı ilin aprel və cari ilin iyul döyüşlərində aydın görüb. Elə bu səbəbdən də hazırda təcavüzkarın ən böyük qorxusu Azərbaycanın zəbt olunmuş ərazilərini güc yolu ilə qaytarması ilə bağlıdır. Çünki bugünkü proseslər fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli ehtimalı artır. Beləliklə, təxribatları ilə Ermənistan özünü məhvə aparır və yeni müharibənin başlanması onun fəlakətinə səbəb olacaq.

 

Elçin Cəfərov

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: