Baş Prokurorluq: Ermənistan ordusunun top atəşi nəticəsində Naftalan rayonunda bir ailənin beş üzvü həlak olub
Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmaqla Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda qeyd olunub: “Dərin kədər hissi ilə bildiririk ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonunun Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun ailəsinin dörd üzvü həlak olub.
Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.