1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günüdür
Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Ölkəmizdə milli prokurorluq orqanlarının formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra milli prokurorluq orqanları ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının müdafiəsində çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təşkilat kimi formalaşmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.
“Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”, – deyən ulu öndər hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. Böyük dövlət xadiminin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması üçün hüquqi zəmin formalaşdırmış, prokurorluğun fəaliyyət istiqamətlərini müəyyən etmişdir.
Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Kontitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum Aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Demokratik-hüquqi dövlət quruculuğu konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq və zəhmət tələb edən davamlı prosesdir. İctimai həyatın müxtəlif sahələrini tənzimləyən qanunların cəmiyyətin inkişaf ahənginə uyğun təkmilləşdirilməsi, habelə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi baxımından prokurorluq orqanlarının fəaliyyətində çevik həll prosedurunun tətbiqi vətəndaş cəmiyyətinin yetkinliyinin mühüm şərtlərindən sayılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə, hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”. Ölkə başçısının prokurorluq orqanları qarşısında müəyyən etdiyi, dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi uğurla həyata keçirilir. Prokurorluğun ölkənin hüquq sistemində rolunun artırılması, dövlətimizin daha yüksək inkişaf mərhələsində prokurorluq orqanlarına daha böyük inam və etimad göstərilməsinin nəticəsi olaraq bu dövlət təsisatı qarşısında yeni vəzifələrin müəyyən olunması prosesi həyata keçirilir.
Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət proqramının ötən illərdə həyata keçirilməsi nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahəsində ciddi uğurlar əldə edilmişdir.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, eləcə də digər qanunvericilik aktları ilə tənzimlənir. Muxtar respublika prokurorluğunun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri isə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmiş, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli Konstitusiya Qanununa əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilərək muxtar respublika prokurorluq orqanlarında kadrlarla aparılan işin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, istintaq və təhqiqat, eləcə də cinayət mühakimə icraatı zamanı dövlət ittihamının müdafiəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğuna mühüm səlahiyyətlər verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda struktur islahatlarının həyata keçirildiyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatının strukturu Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna uyğunlaşdırılmışdır.
Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmiş, ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmış, 2006-cı ildə Şahbuz və Culfa rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuş, Ordubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur Rayon Prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan şəhər və Babək rayon prokurorluqları üçün də yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.
Prokurorluq orqanlarına işə qəbulun müsabiqə qaydasında keçirilməsi prokurorluğun kadr tərkibinin savadlı hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün ciddi zəmin yaratmışdır. Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqələrin keçirilməsi qaydalarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna muxtar respublika ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış şəxsləri prokurorluq orqanlarına işə qəbul etmək səlahiyyəti verilmişdir. Bu səlahiyyətdən istifadə edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğunda aşkarlıq və şəffaflıq şəraitində test imtahanları keçirilmiş və nəticədə, gənc hüquqşünaslar prokurorluq orqanlarına işə qəbul olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və tapşırıqlarına uyğun olaraq cinayət hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublika cinayətkarlığın səviyyəsi baxımından ən stabil regiona çevrilmiş, cinayət hadisələrinin sayı dəfələrlə azalmışdır. Bu gün muxtar respublikanın prokurorluq orqanları profilaktik tədbirlərin təsirliliyinin artırılmasını diqqət mərkəzində saxlayırlar. Çünki demokratik dövlət quruculuğunda insanların hərtərəfli hüquqi düşüncəyə və hüquq mədəniyyətinə malik olmaları əsas şərtlərdəndir. Ali Məclisin Sədri demişdir: “Müstəqil dövlətin əsas sütunu onun hüquq-mühafizə orqanlarıdır. Hər bir ölkənin ümumi sabitliyi, sosial-iqtisadi inkişafı, ilk növbədə, həmin ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılıdır. Ona görə də bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə və maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir”.
Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları bundan sonra da ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlar.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidməti