İyun ayında ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşıb.
NUHÇIXAN xəbər verir ki, yanvar-iyun aylarında ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
İyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının qiymətlərinin əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub.
Ay ərzində manna və qarabaşaq yarması, makaron məmulatları, qoyun əti, qatıq, pendir, kərə yağı, albalı, gilas, alça, ərik, çiyələk, pomidor, xiyar, badımcan, göy lobya, soğan və kartofun qiymətlərində ucuzlaşma, düyü, mal və toyuq əti, yumurta, zeytun, günəbaxan və qarğıdalı yağları, göyərti, şəkər tozu, dondurma, qara və yaşıl çayın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.