Vətən mənəm...Vətən sənsən...Vətən bizik!

A- A A+

Dünyada bir sevgi var: bütün sevgilərin əzəlidir, tamamilə fərqli, azalmayan, səngiməyən, bitməyən, tükənməyəndir. O, milyonlarla azərbaycanlının ürəyində doğulub, o, ürəklərdə Naxçıvan, Qarabağ, Bakı, Gəncə, Xankəndi, Şuşa, Laçın, Füzuli, Goranboy, Tərtər, Xocalı, Ağdərə, Ağdam və digər yurd yerlərimizə, ata-baba ocaqlarımıza sevgimizlə bütövləşib Vətən sevgisini yaradır. Bəli, bu sevginin adı Vətəndir, ona sevdalılar isə bu yurdların yurddaşlarıdır. Bu sevdalılar Vətənin dar gününün sahibi olurlarsa, Vətən onların şad gününə çevrilir. Azərbaycan adlı Vətənin sevdalıları da onun hər qarış torpağı uğrunda canlarından keçməyə hazır olan oğul və qızlarıdır. Onlar  üçün  Vətən ürək döyüntüsüdür. O, döyünürsə, həyat vardır...

30 ilin sevdalıları

Biz Vətənin əbədi sevdalılarıyıq. Vətənimizdən qoparılan yurd yerlərimizin isə 30 illik qara sevdalılarıyıq. Biz Sovet imperiyasının 70 illik əsarətinin zəncirlərindən qoparkən yurd yerlərimiz də köksümüzdən qoparılmışlardıq. Azərbaycana gözdağı olsun deyə, o zamankı dövlət rəhbərlərimizin satqın əlləri ilə ermənilərə hədiyyə olunan cənnətməkan bölgələrimizin həsrətliləriydik. 70 il varı, dövləti talanıb, 1988-1990-cı illərin işğalçılıq siyasətinin qarşısına çıxmağa silahı-sursatı olmayanlar, aciz, çarəsiz sovet əsirləri idik. Hələ 1990-cı ildə 70 illik yuxudan oyanıb, itirdiyimiz illərə heyifsilənənlər idik. Oğulları başqa dövlətin fəhlə batalyonlarında əsgəri xidmət keçən, “böyük vətənimizin” müharibəsində 20 mindən artıq itki verən və qələbəni öz neftimizlə onlara qazandıranlar idik. Buna görəmi torpaqsız erməninin qarşısında torpaq həsrəti çəkəcəkdik? Buna görəmi torpağımızın ətrini çadır şəhərciklərində, sığınacaqlarda, köçkün həyatı yaşadığımız hər yerdə axtarıb, o ətirdən yana burnumuzun ucu göynəyənlərə çevriləcəkdik? Buna görəmi yurd həsrəti ilə qovrulub, ona qovuşmamış digər şəhərlərimizin, kəndlərimizin qəbiristanlıqlarında baş daşlarına çevriləcəkdik?..

Azərbaycan 30 il öncəki

Azərbaycan deyil

Nə gözləyirdi düşmən?  Arxasına sığındıqlarının hesabına torpaqlarımızın əbədi sahibi olmağımı? Nə əcəb yaxşı ataların yaxşı oğullarının da olduğunu heç düşünməyiblər? Yox, çox gözəl düşünüblər. Lakin bu dəfə yenə də həmişəki kimi arxalarındakına arxalanıblar. 30 il əvvəl ümummilli ­liderimizin Naxçıvandan Azərbaycanı idarə etməsinin, müstəqilliyin əldə edilməsindən xeyli sonra məhz onun cəhdi ilə müstəqillik aktının qəbul olunmasını, SSRİ-nin tərkibində qalmaq üçün referendumun Naxçıvanda boykot edilməsini, blokadaya saldıqları Naxçıvanın minlərlə sakininin xilaskarının məhz onun olmasını yoxsa unudublar?  Bir-birinin ardınca onlara satılan torpaqların davamına ulu öndər tərəfindən son qoyulmasını necə, xatırlamırlar? Bəs yaxşı ataların yaxşı oğullarının bir gün başlarına od ələməsini necə, düşünmürdülərmi? Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin 1990-cı illərdə yox dərəcəsində olan, ulu öndərimizin təməlini qoyduğu Milli Ordumuzu möhkəmləndirib, gücləndirib, məsələnin dəfələrlə sülh yolu ilə həll edilməsi təklifindən sonra bu ordunu onların fəlakətinə çevirəcəyini necə, düşünmürdülərmi? 

Biz öz torpağımızda döyüşürük

Azərbaycan xalqı tarixən qonşuları ilə münasibətləri sülh şəraitində, tolerant şəkildə  qurub. Kim deyə, kim sübut edə bilər ki, Azərbaycan dövləti nə vaxtsa kiminsə bir qarış torpağına göz dikib, kiminsə hansısa bir sərvətində tamahı olub? Bunu heç kim deyə bilməz. Əzəli torpaqları, zəngin sərvətləri olan bu xalq tarixin bütün dönəmlərində gözütoxluluğun, əsilzadəliyin rəmzi olub. Lakin əzəli torpaqlarının, öz halal haqqının da sahibi olub. Qanındakı çoşqu, igidlik, mərdlik cəsarəti, yenilməzliyi olub. 1990-cı ildə  dağıdılan, sərvəti iki qərinəlik dövrdə mənimsənilən, özünü müdafiə etmək üçün heç nəyi olmayan, bu səbəbdən torpaqları əlindən zorla alınan, soyqırımlara məruz qalan bir xalq kökündəki mənəvi dəyərlərinə qayıdacaqdı bir gün. Özünü toplayacaq, itirdiklərini axtaracaqdı. Amma yenə də öz torpaqlarında, yad torpaqlara bir addım da atmadan. Bu gün Azərbaycanın Milli Ordusu  öz torpağımızda, öz ərazimizdə döyüşür, itirilmiş torpaqlarını işğaldan azad etmək üçün döyüşür. Çünki artıq məqam yetişmişdi. Azərbaycan Respublikasının Prezidenti     cənab İlham Əliyevin dediyi kimi: “Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?!...”

Gəzməyə qərib ölkə, ölməyə

Vətən yaxşı

Xalqımızın özü qədər də dəyərli deyimləri vardır. Onlardan biri: “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”. Həqiqətən də, Vətəni, torpağı olan insan, torpağın şirinliyini, Vətəninin müqəddəsliyini duyan millət söyləyər bu kəlamı. Bizim xalqda belə bir adət var ki, gəncliyində harada yaşasa da, hansı bölgələri, ölkələri gəzsə də, elə ki, ahıl yaşa gəldi, yurdundan bir addım da kənara getməz. Nə üçün? Çünki dünyasını öz yurdunda, öz Vətənində dəyişib, öz torpağına gömülmək üçün. Bu mənada, həyatı boyu başqasının hesabına “torpaq sahibi” olan “qonşumuz” nə qədər yazıqdır. Torpağı olmayan torpaq sevgisinin nə olduğunu necə bilər axı? Əslində, fərqində olsalar, çox böyük bədbəxtlikdir özgə torpaqda dünyaya gətirib, böyütdükləri övladlarını özgə torpaqda da itirmək.

Zəngin tarixə, milli kökə malik qədim bir xalqın övladı olan ölkə rəhbərimizin Azərbaycançılıq məfkurəsindən, dəyərlərindən  irəli gələn sözlərinə diqqət edək: “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.

Hər yerdə dalğalanan

bayraqlar...

Bu gün şəhərimizin küçələri boyu dalğalanan bayraqlarımızın fonunda gənc­lərimizin könüllü şəkildə müraciət edərək cəbhəyə getmək istəkləri, onların təntənəli yola salınması, xalqın öz rəhbəri ətrafında sıx birləşməsi, böyük əhval-ruhiyyə, arxa cəbhədə insanların birlik nümayiş etdirməsi, nəticə etibarilə, bu xalqın əzminə, bir də torpaq sevdalısı olduğuna dəlalət edir. Çünki biz öz əzəli torpaqlarımızı işğaldan azad etmək amalındayıq. Nənələrimizin ağlamaqdan nurunu itirmiş gözlərini qaytarmaq üçün. Babalarımızın o torpaqlarda sancılı qalmış  belə, kürəyə yenidən əl atıb torpağın ətrini ciyərlərinə çəkə-çəkə əkib-becərmələri üçün. O torpaqlarda gözünü dünyaya açıb, lakin vaxtilə üzərində ilk qədəmini ata bilməyən, bu gün isə uğrunda döyüşə yollanan igidlərimizin o yurdları qarış-qarış gəzməsi üçün... Bir də həmin torpaqlardan ötrü canını qurban verən, gözü, ruhu qələbəni gözləyən şəhid övladlarımız üçün...

 Bu torpaqlarda öz bayrağımızı sancmışıq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”.

Bəli, hələ neçə bayraqlar sancacağıq doğma yurd yerlərimizin köksünə.

 Vətən mənəm... Vətən sənsən...

Vətən bizik!

Vətən, torpaq, yurd sahibi olanlar bilirlər ki, bu sevgi tükənməzdir, insan böyüdükcə onunla böyüyür, onunla yaşlaşır, müdrikləşir. Və bir də bu sevgi paylaşdıqca artır, daha da çoxalır. Mən səninlə, sən onunla paylaşdıqca bu sevgi bizim olur, Vətənin hüdudlarından çıxır, dünyanın hər yerində yaşayan soydaşlarımızın Vətən sevgisinə qarışır. O zaman ürəyin əsir Vətən adı gələndə. Ona tuşlanan daş  gözlərinə  tuşlanır. Ona uzanan əl ömrünə uzanır. Qoy olsun, daş atılsın gözlərimizə, kor qalaq, amma Vətəndə olaq. Qoy uzansın o əllər ömrümüzə, şəhid olaq, amma Vətən  torpağında uyuyaq.

Bu gün Azərbaycan xalqı Vətən sevgisi ilə qələbə adlı bir yolçuluğa çıxıbdır. Yolun açıq, məramın mübarəkdir, Vətənim! Sənin hər qarış torpağından  ötrü can vermək şərəflidir. Bu yol çox uzun, maneəli və keşməkeşlidir. Lakin sonunda qələbə adlı bir zirvə və o zirvədə Azərbaycan bayrağı o qədər aydın görünür ki...

 

Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: