Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən 9 ayda adı çəkilən rayonlarda əhalinin nümunəvi rabitə xidmətləri ilə təmin edilməsi üçün bir sıra işlər həyata keçirilib. Hazırda Şahbuz rayonunda 3737 abunəçiyə rabitə xidməti göstərilir.
Hər iki rayonda Rabitə İdarəsi tərəfindən payız-qış aylarında sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən, generatorlara, akkumulyatorlara və xətt təsərrüfatına texniki baxışın keçirilməsi, aşkar olunan müxtəliftutumlu yararsız kabel və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər davam etdirilir.
Həmçinin ötən dövr ərzində muxtar respublikada fiber-optik xətlərin çəkilməsi diqqətdə saxlanılıb. Şahbuzun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavoduna və Daylaqlı kəndi ərazisinə fiber-optik xətt çəkilib. Ağbulaq İstirahət Mərkəzinə zəruri avadanlıqlar quraşdırılıb. Quraşdılan avadanlıq Ağbulaq İstirahət Mərkəzini kəsintisiz, sürətli internetlə təmin edəcəkdir.
Cari ilin ötən dövrü ərzində Şahbuz rayon ərazisində 72 yeni sabit şəbəkə telefon xətti çəkilib, 432 abonent genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunub. Kəngərli rayonunda isə həmin müddət ərzində 88 yeni sabit şəbəkə telefon xətti çəkilib, 384 abonent genişzolaqlı ADSL texnologiyası vasitəsilə internetlə təmin olunub.