Elbrus İsayev: Ordumuzun nailiyyətləri dövlətimizin iqtisadi qüdrətinin, uğurlu diplomatiyamızın nümayişidir
Şanlı Azərbaycan Ordusunun bugünkü uğurları vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilmiş ordu quruculuğunun məntiqi nəticəsidir. Fərəh hissi ilə qeyd edirik ki, ordumuz döyüş hazırlığına görə dünyanın ən aparıcı orduları sırasında qərarlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.
“Azərbaycan torpaqlarının işğalı faktına dünya birliyinin biganə münasibəti, beynəlxalq hüquq normalarının ikili mövqeyi məsələnin bugünə qədər uzadılması ilə nəticələnibdir”,-deyən rektor bildirib ki, Azərbaycan ordusu öz torpaqlarımızda döyüşür. Hansı ki, həmin torpaqlar 30 ildir düşmən işğalındadır. İllər sonra Azərbaycan ordusunun həyata keçirdiyi genişmiqyaslı əks-hücum əməliyyatı xalqımızın ürəyincədir. Azərbaycan xalqı Ali Baş Komandan və ordumuz ətrafında sıx birlik və həmrəylik nümayiş etdirir. Cəbhədən aldığımız son xəbərlər artıq kədər göz yaşlarını sevinc göz yaşları ilə əvəz edib. Baş verən hadisələrlə bağlı cənab Prezidentin nümayiş etdirdiyi qətiyyət və tutarlı faktlarla çıxışları Azərbaycan xalqının hər bir nümayəndəsində inam və qələbə hissini formalaşdırır. Ordumuzun bugünkü nailiyyətləri eyni zamanda dövlətimizin iqtisadi qüdrətinin, uğurlu diplomatiyamızın nümayişidir.
Ordumuzun Ermənistan tərəfinin təxribatlarının qarşısını uğurlu əks-hücum əməliyyatları ilə almasından danışan rektor qeyd edib ki, son əməliyyatlar bir daha göstərdi ki, ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Bu gün Azərbaycan ordusunun hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələrinin bütün cəbhəboyu verdiyi ağır itkilər bunu bir daha sübut edir. Əzəli Azərbaycan ərazisi olan Qarabağın işğaldan azad edilməsi dövlətimizin və xalqımızın ədalətli mübarizə haqqıdır. Ölkəmizin apardığı mübarizə haqq işidir.
Elbrus İsayev Azərbaycan ordusunun qüdrətini, son illərdəki hərbi əməliyyatlarını-Aprel döyüşlərini, “Günnüt zəfəri”ni xatırladaraq bu qələbələrin gənc nəsildə vətənpərvərlik ruhunu daha da artırdığına diqqət çəkib. O bildirib ki, məhz bunun nəticəsidir ki, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanımız və ordumuz ətrafında sıx birləşərək torpaqlarımızın azad olunması uğrunda döyüşməyə hazır olduqlarını bildirirlər. Xalqımız hər cəhətdən düşməndən üstün mövqedədir. Cənab Prezidentin sözləri hər bir Azərbaycan vətəndaşını qələbəyə inama səsləyir. “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”