“Vətən sağ olsun!”,-deyib əyilərək ananın əllərindən öpürəm. Axı o, bir qəhrəmanın anasıdır. Gözü sinəmdəki bayraq nişanına sataşır. “Mənə də alıb gətirsəydin o bayraqdan, axı oğlum o bayraq uğruna şəhid olub”. Həmən paltarıma bənd etdiyim və günlərdir ki, sinəmdə gəzdirdiyim bayraq nişanını açıb ananın sinəsinə taxıram.
- O tək sənin oğlun deyil, hamımızın övladıdır.
- O mənə söz vermişdi, Şuşaya aparacaqdı məni. Mən Şuşaya getmək istəyirəm.
Və ayrılırıq.
Təki Vətən sağ olsun!
Mənfur düşmən, sən heç Azərbaycan qadını gördünmü? Sən heç şəhidini qürurla, fəxarətlə torpağa əmanət edən bir ananın baxışları ilə rastlaşdınmı? “Təki Vətən sağ olsun, lazım gəlsə, o biri oğullarımı da bu Vətən uğruna döyüşə yollayacağam”,-deyən və övlad itkisinə rəğmən başını dik tutan azərbaycanlı anası ilə heç üz-üzə gəldinmi? Məncə, heç gəlmə. O intiqam dolu baxışlar səni yandırar, odsuz-alovsuz. Heç həndəvərinə yaxın düşməyi belə ağlından keçirmə, silahsız-sursatsız səni məhv edər.
Bilirsənmi, neçə-neçə analar övladının hərb peşəsini seçməsi ilə fəxr edir? Bilirsənmi, analar oğullarını hərbi xidmətə necə bir fəxarət hissi ilə yola salır? Xəbərin varmı ki, hərbi formanı əyninə alan bir oğulla necə öyünürlər? Necə analar min bir əziyyətlə boya-başa çatdırdıqları övladlarını mənən silahlandırıb: “oğul düşmən çəpəridir”,-deyə cəbhəyə yollayırlar.
Xəbərin yoxdur. Çünki haqqın olmayan torpaqlardadır gözün. İllərdir ulu babalarının sənə “miras”ı yalan, hiylə, xəyanətkarlıq və heç bir şəkildə haqq etmədiyin torpaqları mənimsəmək olub. Tarix var, faktlar var. İşğal etdiyin ərazilərdə hansı daşın altını qaldırsan, oradan Azərbaycan tarixi boy qaldıracaqdır. Əsrlər keçsə belə, sən o tarixi silə bilmərsən. Mədəni irsimizi dağıtmaqla yox etməyə çalışsan da, torpağın və tarixin dərin qatlarına heç bir şəkildə nüfuz edə bilməyəcəksən.
“Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?”
“4rd.am” saytının hazırladığı reportajdan: “Yaralıların gətirildiyi Yerevanda bir qadın hönkür-hönkür ağlayırdı. O, “Nə üçün?” deyə soruşur və “cəhənnəm olsun bu quldurlar, oğrular, mənim oğlumu öldürdülər”,-deyə qışqırırdı. Sonradan bəlli oldu ki, o, Azərbaycanı deyil, Paşinyan hakimiyyətini nəzərdə tuturdu. Mən ağlayan qadından artıq heç nə soruşa bilmədim. O, elə hey, “Heyvanlar, əclaflar mənim oğlumu öldürdülər”,-deyə qışqırırdı”. O “miras”ın acı nəticəsi ilə üzləşən erməni qadınlarından sadəcə biridir bu qadın.
Prezident İlham Əliyevin də dediyi kimi, bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik.
“Bu, Azərbaycanın torpağıdır və biz başqasının torpağı uğrunda ölmək istəmirik”
Bəli, Azərbaycan öz haqq işi uğrunda mübarizəsini davam etdirir. Cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüş əməliyyatları ərazilərin işğaldan azad edilməsi ilə nəticələnir. Çünki Azərbaycan əsgəri həm də “Vətən eşqi”, “Bayraq sevgisi” ilə silahlanıb. Budur bizim əsgərləri qələbədən-qələbəyə aparan. Ürəklərində daşıdıqları bayrağı öz əlləri ilə sancacaqlar öz doğma torpaqlarına. Bu, Azərbaycan əsgərinin haqqıdır. Haqq yolunda irəliləyən əsgər heç zaman geri dönməz. Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhu qarşısında tab gətirməyən erməni əsgəri isə artıq silahını yerə ataraq qaçır. Əldə edilən məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər. Ermənistan hakimiyyətinin əlində oyuncağa çevrilən erməni əsgərində ruh düşkünlüyü isə ümumilikdə ordusunun məğlubiyyəti ilə nəticələnir.
“Erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb”,-bu fikirləri ölkə başçısı cənab İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı səsləndirib.
Sosial şəbəkədə fəaliyyət göstərən radiolardan birinin canlı yayımda qonağı olan Ermənistan ordusunun hərbi qulluqçusu Qrant Saaryan Paşinyana müraciətdə bildirib: "Cənab baş nazir, Qarabağ bizim ərazimiz deyil. Ora heç sənin də ərazin deyil. Bu, Azərbaycanın torpağıdır və biz başqasının torpağı uğrunda ölmək istəmirik”.
Doğru, haqq etmədiyi torpaq uğrunda vuruşmaq istəməyən erməni əsgəri canını qurtarmaq üçün qaçır, döyüş bayrağına belə sahib çıxa bilmir. Məlum olduğu kimi, sentyabrın 30-da Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayraqları və sənədləri ələ keçirilib.
Azərbaycan bayrağı uğruna canını fəda edən oğulların anaları isə səfərbər olub. O, üçrəngli, müqəddəs bayrağımızı elə müqəddəs torpaqlarımıza sancmaq üçün. Vətən sevgisilə, bayraq sevdası ilə səfərbər olub, qüdrətli Azərbaycan ordusuna güvənərək. Vətənpərvər əsgərinə güvənərək.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən öyrənirik ki, itkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan müdafiə nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan müdafiə nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir...
Qəfil zəng
Yazını hazırlayarkən telefonuma zəng gəlir. Adını belə qeyd etmişəm: Nərgiz-Zamin. 2011-ci ilin yanvar ayında Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı atəş nəticəsində şəhidlik məqamına qovuşan qəhrəmanımızdır Zamin Məmmədov. Nərgiz isə anasıdır, şəhid anası. Ötən il bu zaman olmuşdu telefon danışığımız, Zaminin doğum günü ərəfəsində...
Nərgiz ana: -Bağışla, qızım, səni də narahat edirəm, amma səninlə bölüşmək istədim. Hər gün televiziyadan xəbərləri həyəcanla izləyirəm. Qələbəyə doğru gedirik, doğrumu?
- Doğrudur, Nərgiz ana. Biz qalib gələcəyik.
- Allah bütün hərbçilərimizə kömək olsun. Gecəni səhərəcən dualar edirəm. Təki torpaqlarımız alınsın. Zaminin ruhu o zaman rahat olacaq. Bax onda mən də rahat olacam.
- Darıxma, Nərgiz ana, nəinki Zaminin, bütün zaminlərin qisası alınır və alınacaq.
- Hə, bir də qələbə müjdəsi alan kimi mənə mütləq zəng elə.
2019-cu ilin 5 oktyabr tarixli “Nuhçıxan”da və “Azərbaycan Ordusu”nda dərc olunan “Bir amalın iki qəhrəmanı” adlı məqalədən: “Divara asılmış bayrağı görürsən, qızım? O bayrağa bükülüb gəlib şəhidim. Məzarı üstünə sancmaq istədilər, qoymadım. Tanrıdan heç nə istəmirəm, ömür payı istəyirəm. Tanrı mənə ömür versin, torpaqlarımızın azad olunmasını görüm. O bayrağı öz əllərimlə Zaminin uğrunda şəhid olduğu Ağdam torpaqlarına sancacağam. Qocalıb əldən düşsəm də, sürünə-sürünə də olsa, o torpaqlara gedəcəyəm”, – demişdi Nərgiz ana.
Bura Vətəndir!
Hazırlaş, Rəna ana, axı sən Şuşaya getmək istəyirsən. Nərgiz ana, uca Tanrı səndən ömür payını əsirgəmədi, bayrağını hazır tut.
Canımızdakı, qanımızdakı, ruhumuzdakı bayraq. Başımızın üstündə dalğalanan bayraq. Bu gün hər şəhərdə, hər kənddə, hər məhəllədə dalğalanan bayraq. Evimizin ən gözəl yerində səcdə etdiyimiz bayraq. Xalq -ordu birliyinin ən bariz təcəssümü olan bayraqların dalğalandığı hər yer bizi Qarabağa aparır. Hansı səmtə dönsən, yolun Qarabağdan keçəcək, Şuşadan, Laçından, Kəlbəcərdən keçəcək. Bura Vətəndir!
Ruhiyyə Rəsulova
Naxçıvan televiziyasının
baş redaktoru