Sakinlərdən ordumuza mənəvi dəstək - FOTOLAR
Ordumuzun uğurlu əks-hücum əməliyyatının davam etdiyi bir vaxtda xalqımız ordumuzla birlik nümayiş etdirir, yerli sakinlər əsgərlərimizə sovqat aparır, mənəvi dəstək olurlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Ləzzət” Qida Sənaye MMC və Babək “Sirab” ASC tərəfindən əsgərlərimiz üçün hərbi hissəyə sovqat olaraq müxtəlif adda şirniyyatlar və qablaşdırılmış sular təhvil verilib. Hərbiçilər gətirilən sovqatlara və göstərilən diqqətə görə minnətdarlıq ediblər.
Şərur rayonunun Danyeri kənd sakinləri və Danyeri Yanacaq Doldurma Məntəqəsinin də kollektivi hərbi hissədə olub, şəxsi heyətə sovqat aparıb. Səmimi söhbət zamanı xalq-ordu birliyindən danışılıb, ordumuzun son günlərdəki uğurlu əks-hücum əməliyyatının xalqımıza sevinc hissi yaşatdığı qeyd olunub.
Babək rayonunun Cəhri və Nehrəm qəsəbələrinin, həmçinin Sirab, Zeynəddin və Qahab kəndlərinin sahibkarları da hərbi hissəyə sovqat aparıblar. Rayon sahibkarları 260 kq ət, 120 kq kartof, 115 kq meyvə, 40 kq qatıq, mineral su, şirniyyat, lavaş və digər məhsulları əsgərlərə təhvil veriblər.
Ordubad Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti də hərbi hissədə olub, əsgərlərlə görüşüblər. 16 tondan artıq kələm, 6 ton kartof, 120 kq ət, 300 kq-dan çox cəviz, şirniyyat və digər məhsullar sovqat kimi hərbi hissənin kollektivinə təhvil verilib.
Hərbçilər adından çıxış edənlər bildiriblər ki, gətirilən pay əsgərlərimizə göstərilən qayğını ifadə edir. Bu da hərbçilərimizdə ruh yüksəkliyi yaradır. Görüşlərdə çıxış edənlər vətənin keşiyində hər zaman ayıq-sayıq dayanan, vətənə layiqli xidmət edən hərbiçilərimizə bu şərəfli işlərində uğurlar arzulayıblar.
Ərhan Novruzov
Kənan Cəlilov
Xosrov İbrahimov