Xalq təqvimində yay fəsli 

A- A A+

Xalq təqvimində yay fəsli ilin barlı-bəhərli vaxtı hesab edilir. Çünki yay bağçılıq, əkinçilik, heyvandarlıqda məhsulun yetişib, ərsəyə gəldiyi dövrdür. Ən şiddətli istilərin olmasına baxmayaraq, zəhmətkeş babalarımız yayda boş dayanmamış, qarşıdan gələn “qanlı qış”ın hazırlığının qeydinə məhz bu dövrdə qalmışlar. El arasında yayla bağlı gözəl  deyimlər  var:  “Yayda başı bişənin qışda aşı bişər”, “Yayın artığı qışın yavanlığıdır”. Naxçıvan Muxtar Respublikası ərazisində yayın girməsi xalq təqvimində həm də  yeni bir dövrün başlaması deməkdir. Bu məqam bəzi məhsulların ərsəyə gəlməsi, müxtəlif işlərin görülməsi ilə üst-üstə düşür. Əriyin yetişməsi, taxıl və dağlıq zonada ot biçininin başlanması, yayın gəlişi ilə eyni vaxta təsadüf edir. Maraqlı burasıdır ki, xalq təqvimi həmişə müxtəlif əlamətlərlə müşahidə olunur. Bu min illərin sınağından çıxan bir məqamdır. Çünki ata-babalarımız təsərrüfatla məşğul olmaqla bərabər, təbiətdə baş verən hadisələri də müşahidə edib. Bununla da görəcəkləri işlərin zamanı, vədəsini dəqiq təyin ediblər.  Müasir təqvim və proqnozlar nə qədər dəqiq olsa da, xalq təqvimi ilə təsərrüfatlardakı işləri tənzimləmək ənənəsi Naxçıvanda bu gün də yaşayır və əksər kəndlərdə buna ciddi şəkildə riayət olunur.

Yaz və payız aylarında yeni meyvə tingləri əkilirsə, yay aylarında bağçılıqda geniş yayılan calaq işləri aparılır. Yəni bir növ məhsuldar meyvə budağı digərinə peyvənd edilir. Bu daha yaxşı məhsuldar sortların əldə edilməsi üçün atılan addımdır. Xalq arasında belə bir deyim vardır ki, “arpa biçinində calaq, peyvəst (peyvənd) vaxtıdır”. Bizə elə gəlir ki, bu deyim əslində vaxtı düzgün dəyərləndirə bilməyənlər üçün son vaxt həddidir. Yaz yarı olanda (mayın birinci ongünlüyündən) peyvənd  etmək daha çox məsləhətdir. Bu dövrdə 3 forma peyvənd edilir: Birinci eyni yoğunluqda cavan zoğlar müxtəlif formada çərtilir (yonulur), kəsiklər üst-üstə qoyulub bağlanır. İkinci xalq arasında “paqqıldaq” deyilən qaydadır. Burada da eyni yoğunluqda zoğlarda qabıq burularaq çıxarılır, peyvənd ediləcək üstü təmizlənən digər  budağın üstünə keçirilir. Bu calaq forması etibarlı olsa da, çox vaxt aparır, deyimdə olduğu kimi arpa biçininə qədər yubadılır ki, çubuqlar yetişsin. Üçüncü forma göz calağıdır ki, buna bəzən “T” və ya “yarma” deyirlər. Bu calaq üsulu daha səmərəlidir. May ayında calaqlandıqda ağaclar inkişaf dövründə, hava isə sərin olur. İyunun sonu, iyulun əvvəlində havanın çox isti keçməsi, ağacın inkişafının zəifləməsi calaqların bir qisminin göyərməməsinə səbəb olur.

Aran zonasında əkilən ot, yonca, qoringə (xəşə) may ayında biçilməyə başlayır. Suvarılaraq il ərzində bir neçə dəfə biçilir. Dağlıq zonada isə adətən yay girdikdən sonra ot çalımına (biçiminə) başlanır. Təcrübəli biçinçilər biçənəyin biçin üçün yetişməsini onun qönçə bağlaması, çiçəkləməsi  və  biçənək sahəsindən gələn ətirli qoxunun dəyişməsi ilə təyin edirdilər.

Bu dövrdə həyati əhəmiyyətli, çox ağır zəhmət tələb edən taxıl biçini başlanır. El arasında “arpanı ötür, buğdanı sütül” ifadəsi olsa da, arpa biçininə əvvəlcə başlanılır. Buğdanın yeni ağarmağa başladığı dövrdə buğda sünbülləri saplaqla dərilir, tonqalda bişirilərək (sütül ütmə) ovucda ovulub yeyilir. Ta qədimdə dəmyə əkinlərdə taxıl əllə yolunurdu. Yüz hektarlarla sahənin bitkisini dartıb çıxarmaq, 40-45 dərəcə istidə, günəş altında bütün günü işləmək əsl fədakarlıq idi. Suvarılan sahələr isə “mərəndi” adlanan aypara şəkilli oraqla biçilirdi. Köntöy, qaba adamlar üçün işlədilən “Axırda gələcəksən mərəndə” atalar misalı da buradan yaranmışdır. Elə yayın birinci ayına məhz bu əlamətlərə görə  “biçin ayı” deyirlər. Biçinin başlanması əkinçilər arasında əsl bayrama çevrilirdi. Biçin dövründə az miqdar yağış yağması yaxşı hesab edilirdi. Çünki oraqla biçilən taxıl çırtlayıb yerə tökülmürdü. Buğdanı alasütül biçir, bafa bağlayırdılar. Vələmirdən, aran yerində bitən saqqız kolundan, olmadıqda isə kökündən çıxarılan arpa və ya buğdadan “bəndam” hazırlayıb bafa bağlayırdılar. Dərzləri ağız-ağıza qoyurdular ki, buğda öz-özünə yetişsin. Belə buğdanın çörəyi ətirli və dadlı olurdu. Biçilmiş taxılı öküz arabaları ilə xırmana daşıyırdılar. Bu işi səhər alatoranda edirdilər ki, buğda quruyub tökülməsin. Öküz arabası isə astagəl olduğu üçün yığılan buğda dərzlərini çox da silkələyib əzmirdi. Biçilmiş əkin sahələrində qalan və ya yerə tökülən sünbülləri əllə seçib toplayardılar ki, buna da “başaq” və ya “qırp” deyərdilər. Un ehtiyyatı qurtaranlar, ehtiyacı olanlar taxılın bir hissəsini erkən biçər, xırman salmadan müxtəlif üsulla əzib taxıl əldə edərdilər ki, buna da “beşqurd” deyərdilər.

Bu gün müasir texnologiya və texnika inkişaf etdiyi üçün taxıl yığımında müəyyən dərəcədə çətinlik və vaxt itkisi olmur. Amma min illərin sınağından çıxan xalq təqvimi müasir günümüzdə də öz aktuallığını və dəqiqliyini hələ də saxlayır. Bu isə xalqın yarandığı gündən bu torpağın əsl sahibi olduğunu sübut edən əsas amildir.

Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: