2020-ci il oktyabr ayının 3-ü. Axşam saatlarıdır. İş otağımdakı televizordan cəbhə xəbərlərini anbaan izləyirəm. Həmkarlarımızın Azərbaycan Ordusunun uğurları ilə bağlı təqdim etdikləri qürurlu videomaterialların ardı-arası kəsilmir. Bir anlıq efir son dəqiqə xəbəri ilə alovlanır. Məlumat verilir ki, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev özünün rəsmi “Twitter” hesabında Madagizin işğaldan azad olunduğunu, burada Azərbaycan bayrağının qaldırıldığını elan edib. Bir qədər sonra dövlət başçısı tərəfindən Madagizin tarixi adı bərpa edilir və “Suqovuşan” adlanır. Ertəsi gün Ali Baş Komandan daha bir zəfər müjdəsi verir. Cəbrayıl şəhəri və daha bir neçə kənd Azərbaycan əsgərinin gücündən güc alaraq sonsuzadək azadlığa çıxır.
Suqovuşanla bağlı internetdə axtarış edirəm. Baxıram ki, həmin əzəli Azərbaycan yurdu ermənilər tərəfindən işğal olunanda mənim bir yaşım var imiş. Bu müddət ərzində ermənilər öz aləmlərində “ən yaxşı” hərbi hissəni də elə burada formalaşdırıblar. 26 il sonra torpağın həqiqi sahibi güclü ordusu, qəlbi Vətən eşqi, yağıdan intiqam almaq hissi ilə alışıb yanan əsgəri ilə Suqovuşana qayıdanda düşmənin “ən güclü” hərbi məntəqəsi yerlə-yeksan edilir, qondarma rejimin əski parçası ayaq altına atılır, yerinə üçrəngli bayrağımızı asılır. Bu an Suqovuşanın təkcə torpağı yox, səması da qandaldan, işğaldan azad olur, bizi qələbədən qələbəyə aparan ay-ulduzlu qürur mənbəyimizlə rahat nəfəs alır. Çünki buranın havası da, suyu da, təbii sərvəti də, tarixi adı da bizə məxsusdur. Nə xoşbəxtdir bayrağımızı 26 il sonra Suqovuşanda qaldıran əsgər! Nə xoşbəxtdir Cəbrayıl şəhəri və ətraf kəndləri işğaldan azad edən oğulları boya-başa çatdıran Azərbaycan xalqı!
Prinsipial, qətiyyətli mövqe nümayişi
Bəs nədir döyüş meydanındakı qələbənin sirri, biz necə qovuşduq Suqovuşana və digər əzəli yurd yerlərimizə?!
30 ilə yaxındır ki, sülh danışıqlarına, diplomatik görüşlərə ümid edirdik. Müharibə heç bir cəmiyyət üçün arzuolunan deyil və biz gözləyirdik ki, dünya birliyi mənfur düşmənə təzyiq göstərəcək, onu işğala son qoymağa çağıracaq. İkili standartlar ortaya atılanda, qətnamələr, qərarlar icra olunmayanda, çürük diplomatiya üzə çıxanda, sülh görüşləri rəsmi xarakter daşıyanda Ali Baş Komandanın qətiyyəti, prinsipial mövqeyi öz sözünü dedi. Dövlətimizin başçısı dəfələrlə öz çıxışlarında bildirmişdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb və barışmayacaqdır. İndi O, həmişəki kimi, yenə də milli maraqlar üzərindən çıxış edir. Dövlət başçısının mövqeyi Azərbayacan xalqının mövqeyi ilə üst-üstə düşür. Bizim mövqeyimiz isə torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin edilməsini tələb edir.
Yumruğu bir nöqtəyə vuranda...
İndi xalqımızı birləşdirən bir amal var: qələbə. Bir hiss var: intiqam. Bu sevinc, bu qürur, bu hiss qəlblərə sığmır. On milyonluq ürəklərə yayılır qələbə sevgimiz. Bu sevgi nə övlad sevgisidir, nə də ki, valideyn... Bu sevgi VƏTƏN, TORPAQ sevgisidir, döyüşə gedəndə silah-sursatımıza, texnikamıza bürüdüyümüz bayraq sevgisidir. İndi hər kəs bir-birini təbrik edir, zəfər yürüşümüzə görə alqış deyir Ali Baş Komandanımıza, rəşadətli ordumuza. Biz bu günü çoxdan gözləyirdik. İllərdir arzularımızın, diləklərimizin özəyi olmuşdu QARABAĞ. Arxa cəbhədə yumruğu bir nöqtəyə vuran bilən Azərbaycan xalqının gücü və dəstəyi ilə Suqovuşana qovuşduq, Cəbrayıl şəhərini və onun bir neçə kəndini, Füzuli rayonunun yaşayış məntəqələrini işğaldan azad etdik. Bu, hələ son deyil. Bizim yolumuzu həsrət dolu gözlərlə gözləyən Xankəndi, Şuşa, Laçın, Kəlbəcər var... Bəlkə də bu 30 ilə yaxın müddət ərzində heç vaxt nə onlar bizi, nə də biz o ata-baba torpaqlarımızı bu qədər yaxından hiss etməmişdik. Əzəmətli dağlarını görürük uzaqdan, ətrini duyuruq o yerlərin. Keçən hər an, hər dəqiqə bizi əzəli Azərbaycan torpaqlarına yaxınlaşdırır. Ora gedən yol ordumuzun gücündən, bacarığından, şəhidlərimizin müqəddəs adından keçir. Biz əsgərimizə, zabitimizə dəstək veririk, hər uğuru qarşısında qəlbimiz dağa dönür, evimizin ən ləziz yeməyindən, isti geyimindən ona pay tuturuq. Erməni ictimaiyyəti isə artıq məğlubiyyəti qəbul edib, işğal olunmuş torpaqlardan qaçıb canlarını qurtarırlar. Bizim əsgər döyüşə toy-bayramla yola düşür, onların komandanlığı isə hərbi qulluqçusuna zəncir vurur ki, mövqeyini, texnikasını qoyub qaçmasın. Bax budur bizim fərqimiz, budur bizim gücümüz, birliyimiz.
Ordun varsa...
Bu gün bizə qələbə hissini yaşadan, sevinc göz yaşlarına boğan Azərbaycan Ordusu regionun ən qüdrətlisi olduğunu əməli ilə sübut edir. Dövlət başçısı bu illər ərzində bir an belə olsun ordumuzdan diqqətini, qayğısını əsirgəmədi. Ən müasir silah-sursat, texnika, atıcı silah, raket kompleksi, artilleriya qurğusu, hava hücumundan müdafiə vasitələri, qırıcı təyyarələr ordumuzun arsenalında komplektləşdirildi. Təlimlərdə tər tökdü, bacarığını, peşəkarlığını artırdı ordumuzun şəxsi heyəti. İndi ərlər-ərənlər öz sözünü döyüş meydanında deyir. Düşmənin qənimət kimi ələ keçirilən silah-sursatı və texnikası bizim üçün çox köhnə və vaxtı keçmiş döyüş vasitələridir. İndi XXI əsrdir və müharibə yeni növ silahlarla aparılır. Düşmənin isə buna gücü çatmır. Doğrudan da ordun varsa, yurdun var...
Qələbə ətri duyulur bu payızdan
Gəlin etiraf edək ki, 2020-ci il dünya əhalisi üçün heç də arzuolunan tarix deyildi. Geniş yayılmış pandemiya və bunun fonunda dövlətlərin düşdüyü kritik iqtisadi vəziyyət... Amma Azərbaycan xalqı təqvimin bu ilini heç vaxt unutmayacaq. Çünki bizim ZƏFƏR yürüşümüz məhz bu tarixdə başladı və biz bunun fonunda tarixin şahidinə çevrilirik. Bu, payızın ikinci ayında – apreldən sonra ikinci bahar, ikinci QƏLƏBƏ, ikinci sevincdir. Zaman gələcək, biz nəvə-nəticələrimizə bugünkü günlərdən şərəflə danışacağıq. İşğala son qoyulan günləri xatırlayanlar kimi ən gözəl müsahiblərə çevriləcəyik. Bir media işçisi kimi düşünürəm ki, bundan sonra Vətən və vətənpərvərlik mövzusunda yazdığımız yazılarda, hazırladığımız verilişlərdə, videoçarxlarda ayrı bir qürur, səmimiyyət duyulacaq. Bizə bu hissi yaşadan Azərbaycan əsgərinin alnından öpürük.
Son söz..
Dayanma, əsgər, “İrəli”!
Muxtar Rzazadə