Həyatı boyu borclu olduğum insanlar var. Ancaq mən bu borcu bir dəfəyə götürməmişəm. Yaxşı insan olmağı, təlimi, tərbiyəni hissə-hissə almışam onlardan. Bu gün hər zaman xoş xatirələrlə yada saldığım o əziz, o mehriban, fədakar müəllimlərin peşə bayramıdır.
Bütün insanlığın qarşısında baş əydiyi müəllim, səni bağbana bənzədirlər. Amma sənin dühan üçün bağban meyar ola bilməz. Ey hörmətli müəllim, adındakı qüdrəti dərk edirsənmi? Varlığındakı ümman genişliyini görə bilirsənmi?
Binalar ucaldan memarı, sarayların naxışını vuran sənətkarı, həyatın simfoniyasını lövhələndirən bəstəkarı, rəssamı da sən yetişdirib, sən kamala yetirməmisənmi? Məhz buna görə sənin adın ən yüksək mövqedə dayanır.
Günlər keçib, illər illərə calansa da, həyatda çox şeyi unutsam da, mənə elm qapısının açarını təqdim edən ilk müəllimim heç vaxt yaddaşımdan silinmir. Məktəbə, sinif otağına qədəm qoyduğum ilk gündən tanıdığım, mənə qələm tutmağı, hərfləri, daha sonra onları bir-birinə calayıb oxumağı öyrədən Mahmud müəllim. İlk müəllimim kimi mənim və sinif yoldaşlarım üçün yalnız elmin sirlərini açmadı o, saf uşaq mənəviyyatımıza, duyğularımıza, hisslərimizə də şahidlik etdi. Gözlərimiz onun gözlərindən güc aldı, qayğısı, nəvazişi, şirin sözləri ilə böyüdük. İlk müəllimimiz dörd il boyunca məşəl kimi hamımıza işıq verdi. İlk dəfə təbaşirlə bizə lövhəyə yazı yazdırdı, məktəbin həyətində “ocaq yandı, su qaynadı”, “bənövşə, bəndə düşə, bizdən sizə kim düşə” kimi ən sevimli uşaq oyunlarımızı oynayanda o nəzarət etdi. Təəssüf ki, bu dünyadan tez köçdü ilk müəllimim. Amma onu hər zaman qəlbimdə yaşadır, daim xatırlayıram...
Həm orta, həm də ali təhsil illərində onlarla müəllim tanımışam. Hərəsi bir cür qalıb yaddaşımda. Oxşamaq istədiyim, onun kimi olmağı arzuladığım müəllimlərin hərəsi bir kitab kimi idi. Sinif otağında heyranlıqla izlədiyim o insanlar müəllimlik nümunəsi idi. Xoşbəxt müəllim həm də o müəllimdir ki, şagirdləri ona oxşamaq istəsin.
Böyük Cavidin “Qız məktəbində” şeirində məktəbli qız Gülbahar həyatda ən çox sevdiyi insanların sırasında anası, atası bir də müəlliminin adını çəkir. Mən də həyatımda ən çox sevdiyim insanlar sırasında müəllimlərimin adını çəkirəm. Düzdür, həyatda heç kəs ata-ananı əvəz edə bilməz, amma müəllimlər qəlbimizə, könlümüzə girməklə valideyn sevgimizə də şərik çıxa bilir. Təsadüfi deyil ki, böyük liderlər də ən yüksək qiyməti müəllimə verib, bu ada hörmət və ehtiramla yanaşıblar. Ulu Öndər Heydər Əliyev deyirdi: “Bizim hər birimizdə müəllim əməyinin bir zərrəsi var”.
Ey hörmətli müəllim, hər könüldə yerin var. İllər boyu çəkdiyiniz böyük zəhmət və xidmətiniz hər zaman yüksək qiymətləndirilir, beynəlxalq səviyyədə qeyd olunan 5 oktyabr Beynəlxaq Müəllimlər Günü məhz sizin gününüzdür.
Öyrətmək, yüksək təlim-tərbiyə vermək, cəmiyyətə yararlı vətəndaş yetişdirmək sizin qarşınızda duran ən böyük missiyadır. Missiyanız həyat amalınız olsun, əziz müəllimlər! Cəmiyyətdə qazandığımız mövqeyə görə sizə borcluyuq. Saysız-hesabsız şagirdlərinizin, tələbələrinizin qəlbində var olduqca təkcə bu gün yox, hər gün sizin gününüzdür.
Türkanə Əmoyeva