Təhsil millətin gələcəyidir

A- A A+

“Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır”.

                                                     Məhəmməd Tağı Sidqi

Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Ulu öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibəti ilə xalqımıza müraciətində təhsil sahəsində görülən işləri yüksək dəyərləndirərək deyirdi:

“Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur”.

Azərbaycanda təhsil  və mədəniyyət  qədim tarixə malikdir. Qobustan və Gəmiqaya  təsvirləri bu torpaqda yaşayan əcdadlarımızın öz təlimlərini, məlumat və düşüncələrini yazılı şəkildə göstərərək gələcək nəsillərə çatdırır. Bizim eranın 6-9-cu əsrlərində milli tərbiyənin əsasını təşkil edən ideyalar isə qədim mənəvi dayağımız olan “Kitabi-Dədə Qorqurd”da  öz əksini tapıb. Sonrakı dövrlərdə isə yaradıcı düşüncənin yüksək məhsulu olan Qız qalası, Yusif Küseyir oğlu, Mömünə Xatın, Gülüstan və Qarabağlar Türbə Kompleksi kimi memarlıq abidələri ucaldılıb. Bütün bunları isə mükəmməl elm və təhsilə yiyələnmədən yaratmaq mümkün deyildir. Elə buna görə də Məhəmməd Hinduşah Naxçıvani dövrünün kamil şəxslərini ölkənin fəxri, tərəqqisi adlandırırdı.

Tarix boyu görkəmli şəxsiyyətləri ilə xalqımızın elm, təhsil və mədəni həyatında dərin izlər buraxan  Naxçıvanda təhsilin tarixi çox qədimlərə dayanır.  Elxanilər dövrünə aid sənədlərdən məlum olur ki, XII əsrin sonlarında burada iki mədrəsə mövcud olub. Orta əsr mənbələrinə görə isə  XIII əsrin sonlarında Naxçıvanda 4 ali tipli mədrəsə, məscidlərin nəzdində mollaxana adlanan 60-a qədər ibtidai mədrəsə fəaliyyət göstərib. Dünyəvi fənlərin də tədris edildiyi Naxçıvan və Ordubad mədrəsələrində Yaxın Şərq ölkələrindən gəlmiş tələbələr də təhsil alıb.

Naxçıvan şəhərində ilk dünyəvi məktəb isə Ehsan xan Kəngərlinin XIX əsrin 30-cu illərində açdırdığı rus-tatar  qəza məktəbidir. XIX əsrin sonlarında isə dövrünün tanınmış ziyalısı M.T.Sidqinin rəhbərliyi ilə Ordubadda "Əxtər", Naxçıvanda "Tərbiyə", "Qız məktəbi" kimi təhsil ocaqları təsis edilib. Həmçinin o zaman "Məhəlli məktəblər", "Məktəbi-xeyriyyə" və "Rüşdiyyə" kimi tədris ocaqları da fəaliyyət göstərib.  XX əsrin əvvəllərindən maarif şəbəkəsi daha da genişlənərək, diyarın şəhər və kəndlərində müxtəlif səviyyəli dünyəvi məktəblər açılıb. Naxçıvanda maarifin inkişafında M.T.Sidqi ilə yanaşı, dövrünün qabaqcıl ziyalısı Cəlil Məmmədquluzadənin, Eynəli bəy Sultanovun, Mirzə Ələkbər Süleymanovun və başqalarının mühüm xidmətləri olub. 

1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalınadək Naxçıvanda 45 məktəb fəaliyyət göstərib. 1920-ci illərdən başlayaraq tədris müəssisələrinin geniş şəbəkəsi yaradılaraq savadsızlığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 1969-cu ildə isə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ilk dövründə təhsil sahəsi yeni mərhələyə qədəm qoyub. Həmin dövrdən etibarən respublikada yeni məktəb binaları tikilib, onların maddi-texniki bazası, tədris avadanlığı ilə təchizatı  əsaslı şəkildə yaxşılaşdırılıb. Aparılmış məqsədyönlü siyasət nəticəsində 14 il ərzində 350 mindən çox şagird yeri olan 680 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib. Bütün pillələrdən olan təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib. Dünyanın tanınmış filosofu Robindranat Taqor qeyd edirdi: “Təhsil bizim çətinliklərimizin aradan qaldırılması üçün ən yaxşı vasitədir”. Bu mənada ulu öndərin 1978-ci ildə qəbul etdiyi “Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə edilməsinə keçmək haqqında” qərarı Azərbaycan təhsilində misli görünməmiş ənənələrin başlanığıcına çevrildi. Mühüm yeniliklərdən biri də Azərbaycandan kənarda təhsilin əsasının qoyulması oldu. Hər il minə yaxın gənc ölkədən kənarda təhsilə göndərilir, milli kadr kimi yetişərək formalaşırdı. O dövrdə azərbaycanlı gənclərin hərbi təhsilə cəlbi sahəsində mühüm tədbirlər görülərək Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. Bundan başqa, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə azərbaycanlıların qəbul planı artırıldı. Hər il 800 gənc SSRİ-nin qabaqcıl ali hərbi məktəb və akademiyalarına təhsilə göndərildi. Ümummilli liderimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə təhsil yeni inkişaf yoluna qədəm qoydu. 1993-cü ildə ziyalılarla görüşündə ulu öndər deyirdi ki, “məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”. Xalqımızın böyük oğlu həyatının və dövlət idarəçiliyinin bütün mərhələlərində məhz bu mövqedə dayanaraq təhsilə üstün qiymət verib.

“Bizim gördüyümüz işlər, təhsil sahəsində həyata keçirdiyimiz islahatlar Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafını təmin edib.  Müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirildi və Azərbaycan təhsili yeni tərəqqi dövrünü yaşamağa başladı.

Ulu öndər Heydər Əliyev demişdir: “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin, insanın həyatında nə kimi rolu olduğunu bilir və qiymətləndirir. Mən isə həmişə həyatımda bütün varlığımla keçdiyim həyat yolu ilə məktəbə borcluyam, müəllimə borcluyam”.

Bu vacib sahəyə üstün istiqamət verən  ulu öndərimiz “Təhsil millətin gələcəyidir” deyirdisə, bu yolu davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər verərək iqtisadi potensialın insan kapitalına çevrilməsini bir vəzifə olaraq qarşıya qoydu. Bütün bunlar isə təhsilə yeni yanaşma tələb etməklə insanlara yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və şəxsi həyatda layiqli yer tutmaq, cəmiyyətdə gedən proseslərə münasibətdə düzgün mövqe seçmək imkanı yaratdı.

Ölkə təhsilinin inkişafı məqsədilə nəzərdə tutulan proqram və layihələr, maarif və mədəniyyətin tərəqqisi muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə paralel aparılaraq bütövlükdə ölkəmizdə həyata keçirilən düzgün, düşünülmüş inkişaf strategiyasının məntiqi nəticəsi hesab edilir. Ölkə prezidenti Cənab İlham Əliyevin Naxçıvana səfəri zamanı Müəllimlər İnstitutunun açılışında burada görülən işləri, qazanılan uğurları yüksək qiymətləndirərək demişdir:

Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır”.

Muxtar Respublikada təhsilə dövlət qayğısı və diqqət birinci növbədə bu sistemin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və müasir tələblər səviyyəsində yeniləşdirilməsində özünü göstərir. Qeyd etmək yerinə düşər ki, muxtar respublikada  300-ə yaxın dünya standartlarına tam cavab verən məktəb binası, məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris binaları tikilib istifadəyə verilib. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin maddi-texniki bazaları  gücləndirilib, ən müasir elm və təhsil infrastrukturu  formalaşıb. Şagirdlərin intellektual səviyyəsinin inkişaf etdirilməsi və istedadlarının üzə çıxarılmasının səmərəli təşkili məqsədilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq, Ekoloji Tərbiyə, Tarix Diyarşünaslıq Mərkəzləri, Şahmat və Musiqi məktəbləri üçün yeni binalar  tikilib və ya əsaslı şəkildə təmir edilib və uşaqların sağlam böyümələri üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində və Şərur rayonunda yerləşən məktəbdənkənar müəssisələrdə müxtəlif adda 30 innovativ dərnək yaradılıb. Ordubad və Culfa rayonlarının məktəbdənkənar müəssisələrində isə 31 dərnək fəaliyyət göstərir. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və onun elmi tədqiqat institutları, 3 ali, 3 orta ixtisas təhsili, 211 ümumtəhsil, 5 peşə təhsili və peşə tədris mərkəzi, 36 məktəbdənkənar tərbiyə və təhsil müəssisəsi, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, Naxçıvan Qızlar liseyi, Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü lisey və Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir. Göründüyü kimi, muxtar respublikanın bütün təhsil pillələri üzrə müasir infrastruktur mühiti yaradılıb və yeni texnologiyaların tədrisdə tətbiqinə başlanılıb. Qeyd edək ki, son 20 ildə muxtar respublikada 45 min şagird yerlik 148 yeni məktəb binası, həmçinin ali, orta ixtisas və peşə məktəbləri üçün yeni binalar istifadəyə verilib, 2 universitet şəhərciyi salınıb. Görülən işlərin davamı olaraq yeni məktəb binalarının tikintisi və Naxçıvan Muxtar  Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə  Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması bu sahədə qazanılacaq uğurları daha da artıracaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbov Culfa rayonunun Camaldın kənd tam orta məktəbinin açılışı zamanı təhsildə qazanılan uğurları yüksək qiymətləndirərək demişdir:

 “Hər bir cəmiyyətin tərəqqisinin başlıca amili təhsildir. Bu ölkələrin inkişafına münasibətdə də belədir. O ölkə irəli gedir, inkişaf edir ki, orada təhsil dövlət qayğısı ilə əhatə olunur. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır”

Muxtar respublikada bütün tədris müəssisələrində  informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə əhəmiyyətli dərəcədə geniş yer verilir. Bunun nəticəsidir ki, hazırda ümumtəhsil məktəblərində quraşdırılan 800-dən çox elektron lövhə, 7200-ə yaxın kompüter, fənn kabinələri və laboratoriyalar müəllim və şagirdlərin istifadəsindədir. Təhsil müəssisələrinin maddi tədris bazalarının gücləndirilməsi məqsədilə ümumtəhsil məktəblərinin kitabxanaları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunub. Təkcə 2020-ci ildə 200 mindən çox dərslik və metodik vəsait, məktəb kitabxanaları üçün 16 min 173-ü Azərbaycan, 1195-i rus, 702-si isə ingilis dilində olmaqla, ümumilikdə 94 adda 18 min 70 bədii ədəbiyyat muxtar respublikaya gətirilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitablar” ümumtəhsil məktəblərinin kitabxanalarına verilib və məktəblərdə bu kitabların mütaliəsi və müzakirəsi diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Müdriklər də deyirdi ki, hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır”.

Məktəb işi daim təkmilləşən sahədir. Bu istiqamət nəzərə alınaraq məktəblərdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanılır, qabaqcıl tədris metodlarının, o cümlədən distant təhsilin tətbiqində uğurlar əldə olunur. Müasir cəmiyyətdə distant təhsil, təhsilin yeni bir istiqaməti kimi özünü göstərməkdədir. Hazırda kompüter texnologiyasının və internetin təşəkkülü həyatın digər sahələrində olduğu kimi təhsildə də köklü dəyişikliklər yaradıb. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər müəyyənləşdirilib, muzeylərlə muxtar respublikanın təhsil müəssisələri arasında interaktiv əlaqələr qurulub. Distant təhsilin üstünlükləri sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyasında da vacib element kimi nəzərə alınaraq sağlamlıq imkanları məhdud uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılıb.

Muxtar respublikda şagirdlərin intellektual səviyyəsini yüksəltmək üçün görülən vacib tədbirlərdən biri də  bütün ümumtəhsil məktəblərində “Şahmat”ın bir fənn kimi tədris olunmasıdır. Bu, həm də ona görə vacibdir ki, şahmat gənc yaşlarda uşaqlarda məntiqli düşünmək qabiliyyəti formalaşdırır. Şahmatın tədrisi üçün də məktəblərdə, demək olar ki, hər cür şərait yaradılıb, təhsil ocaqları müasir elektron tədris vəsaitləri ilə təmin olunub. Paytaxt Naxçıvan şəhərindəki müasir Şahmat Mərkəzi və muxtar respublikanın bütün bölgələrindəki mövcud şahmat məktəbləri isə formalaşmaqda olan şahmatçı nəslinin əsas bilik bazası hesab olunur.                         

Müasir təhsil sistemi üçün yaradılan şəraitin nəticəsidir ki, hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanılır. 2019-2020-ci tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların 275-i 500-700 arası bal toplayıb. Müqayisə üçün qeyd edək ki,  1995-1996-cı tədris ilində bu göstəricini 5 nəfər əldə edib.

Sevindirici haldır ki, muxtar respublikanın tam orta məktəblərindən məzun olan gənclər ali məktəblərə ixtisas seçimi zamanı Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər. Çünki ən müasir şəraitinin qurulduğu ali təhsil ocaqlarında təhsilimiz ümumbəşəri və milli dəyərlərimiz əsasında aparılır.

Muxtar respublikada ən çox tələbənin təhsil aldığı ali təhsil müəssisəsi olan Naxçıvan Dövlət Universitetinin keçdiyi yol zəngin maarifçilik ənənələrinə malik olan təhsilin yeni inkişaf tarixidir. Universitet muxtar respublikada ali təhsil sisteminin inkişafı ilə yanaşı, milli şüurun formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm xidmətlər göstərir. Naxçıvan Universiteti, eyni zamanda Naxçıvan Müəllimlər İnstitutu da elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən mötəbər ali təhsil ocaqlarıdır. Təhsil kompleksləri ölkəmizdə ixtisaslı kadrlara olan tələbatın ödənilməsi sahəsində səmərəli fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin beynəlxalq mühitə inteqrasiyasının, müxtəlif universitetlərlə əlaqələrin qurulması, beynəlxalq təlim və proqramlarda iştirakına şərait yaradıb.  Çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla  əməkdaşlıq müqavilələrinin mövcudluğu ortaq elmi proqramların və konfransların təşkilinə, həmçinin müəllim-tələbə mübadiləsinin həyata keçirilməsinə müsbət təsir göstərir. Elə bunun nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarında minə yaxın xarici ölkə vətəndaşları təhsil alır.

Təhsildə yeni tələblərə uyğunlaşmaqda kadr hazırlığı da müasir infrastrukturun yaradılması qədər vacib və həssas məsələdir. Xüsusən məktəb, ailə və şagird üçbucağında təhsillə məşğul olan müəllimlərin üzərinə düşən məsuliyyətin artdığı bir zamanda vəzifəsini daha yaxşı yerinə yetirən, daim öz üzərində çalışmaqla dinamik gəncliyin inkişaf tələbinə cavab verə bilən kadrlara daha çox ehtiyac duyulur. Müəllimin fəaliyyəti barədə düşünərkən Uşinski bu nəticəyə gəlmişdi ki, heç də hər adam müəllim ola bilməz. Bunun üçün müəllim olmaq istəyi yetərsizdir, üstəlik müəyyən keyfiyyətlərə sahib olmalısan. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilən müəllimlərin əməkhaqlarının artırılması, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirən yüzlərlə müəllimin fəxri adlara layiq görülməsi və medallarla təltif edilməsi təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsi olmaqla, pedaqoqların bu vacib işdəki daşıdığı məsuliyyəti də müəyyən edir. Pedaqoji kadrların işə qəbulunun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilməsi də ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatının şəffaflığına zəmanət verir.

Onu da qeyd etmək yerinə düşər ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq tələbələrin idarə, təşkilat və müəssisələrdə təcrübi kurslarının təşkili onların ixtisaslı mütəxəssis kimi formalaşması və işlə təminatı baxımından yeni perspektivlər açır.

Bu gün qədim diyarımız Naxçıvan Muxtar Respublikası bütün sahələrdə uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Naxçıvanda son 25 ildə gedən inkişaf prosesləri, quruculuq abadlıq işləri Naxçıvanın  mövcudluğunun 5 min illik tarixinin zirvəsidir. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini də təmin edib, mühüm beynəlxalq tədbirlərin, eləcə də elmi konfrans və simpoziumların keçirildiyi məkana çevrilib. Yaşadığımız 21-ci əsr həm də elm və təhsil əsridir. Bu gün Naxçıvan kimi, onun elm-təhsili də günbəgün dəyişir, inkişaf edib çiçəklənir.                                

                                                     Vaqif Ağalarov

                             Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: