Bütöv Azərbaycan uğrunda

A- A A+

Böyük Qayıdış

Sentyabrın 27-dən başlayaraq hər bir azərbaycanlının, qəlbi vətən eşqi ilə döyünən hər kəsin, xalqımızı, dövlətimizi sevənlərin qulağı səsdə, gözü yolda. Ordumuzun bütün cəbhə boyu başladığı əks-hücum əməliyyatı hamının diqqətində, hər kəs yeni zəfər xəbərləri gözləyir. Qarabağa “Böyük Qayıdış”ın yeni və nəhəng addım səslərini gözləyir...

“Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.”

Qabağına yüyürər yol, vətənə gələndə

Lələtəpə...

Cocuq Mərcanlı...

Bir zamanlar bu doğma toponimlərin adı çəkiləndə illərdir köksümüzdə gəzdirdiyimiz yaranın qaysağı qoparaq qəlbimizi göynədirdi. Vətən, yurd həsrətindən böyük  dərd varmı görəsən bu dünyada?!

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun azad etdiyi Lələtəpə zirvəsi Dağlıq Qarabağa dönüşün və məskunlaşmanın möhkəm istinadgahına çevrildi və “Böyük Qayıdış”a Cocuq Mərcanlıdan başlanıldı.

“Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”.

Cocuq Mərcanlıdan başlayan yol igid əsgərlərimizin qarşısına yüyürərək bizi daha irəli apardı. Düşmənin illərdir möhkəmlənməyə çalışdığı mövqelər darmadağın edilərək yeni qələbə, zəfər tarixləri yazıldı. Bu cəsur həmlələr dayanmadan, inamla davam edir.

"Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq”.

Məcrasına sığışmaz sel, vətənə gələndə

Bu gün ölkə vətəndaşlarının - bütün dünyanın diqqəti Azərbaycan ordusunun cəbhə boyu həyata keçirdiyi əks-hücum əməliyyatına yönəlib. 30 ilə yaxın bir zaman kəsiyində xalqımızın həsrət qaldığı torpaqların indi düşməndən azad edilmə zamanıdır. Məcrasına sığışmayan selə dönən ordumuz əzmlə və inamla irəli can atır. İrəli getdikcə isə özü ilə düşmənin tör-töküntülərini də silib-süpürüb aparır. Hər gün bizi “Bütöv Azərbaycan”a yaxınlaşdırır. Qəlbimizi fərəhlə, sevinclə doldurur.

Babalarımızın qanından gələn, sözlərindən, nəsihətindən qalan Vətəni qorumaq, Vətəni sevmək, yağı düşmənə qarşı durmaq, aman diləyənə aman vermək bu gün Azərbaycan əsgərinin əsas devizidir. Səbrlə, təmkinlə, inamla və qələbə əzmi ilə, sel gücü ilə irəli atıldıqca ordumuz torpaqlarımız yağı tapdağından qurtularaq azadlığın havasını alır, təmiz, mavi səmanın örpəyinə bürünür.

“İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı  icra edirik və edəcəyik!”

Saçına daraq olar yel, vətənə gələndə

"Onlar Azərbaycana qarşı hücuma keçməyə cəhd edirdilər və iyul ayında onlar faktiki olaraq yeni hərbi hücuma keçdilər. Beləliklə, biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idik”.

Qartalların od qanadlı,

Oğulların şimşək atlı...

Qartal kimi gərilmiş qanadlarla Qarabağa doğru süzən igidlərimizin nərəsindən düşmən lərzəyə gəlir. Şimşək atlı oğulların saçlarına daraq olur vətən yelləri. “Qarabağ Azərbaycandır!” şüarı ilə xalqa, orduya sonsuz ilham, inam və güc aşılayan ölkə başçısının çağırışı, bəyanatları hər birimizin qələbə əzmini daha da artırır.

“Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”,

Ayağına düşər gül, vətənə gələndə

“Biz öz doğma torpağımızda döyüşürük, vurşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilas əsgəridir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.

Əməliyyatın başladığı elə ilk gündən 7 kəndin azad olunduğu xəbərini aldıq. Ardınca Murovdağ, Suqovuşan eşidirik, yüksəklikləri eşidirik. Suqovuşanda Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postda Azərbaycan bayrağının qaldırılmasına şahidlik edirik. Növbəti günlər daha 7 kəndin azad olunmasının qələbə xəbərinə sevinirik. Çox keçmir yenidən bir zəfər xəbəri eşidirik; Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cəbrayıl şəhərinin və daha 9 kəndin azad edildiyinin müjdəsini verir xalqımıza.

"Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə!”, - deyə dövlətimizin başçısı bildirib.

Əziz vətən oğulları, hünərvər əsgərlər! Ayağınıza güllər tökülür siz Vətənə gələndə. Sizin qədəmlərinizi basdığınız yerdə güllər açılır, zəfərlər saçılır, qələbələr qazanılır, Vətənə gələndə.

Gözdən həsrət yaşını sil, vətənə gələndə

Hər gün eşitdiyimiz yeni qələbə xəbərləri hər kəsin dilindədir: 7-dən 77-ə qədər. Eşitdiyimiz hər zəfər xəbəri qəlbimizi fərəhlə, gözlərimizi sevinc göz yaşları ilə doldurur. Bu yaşlar uzun illərin həsrət yaşını silir, sonra sevinc üçün yol açır. İllərin həsrəti sona çatıb. Azərbaycan bayrağı vüqarla əzəli və əbədi torpaqlarımızda dalğalanır. Əsən yellər bayrağımızı yeni sabahlara, yeni zəfərlərə doğru dalğalandırır.

"Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik."

Gələndə oğul kimi gəl, vətənə gələndə.

"Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır".

Torpaq qanla suvarılanda Vətən olur. Bu torpaq, bu vətən uğrunda minlərlə igid vətən oğlu, vətən qızı öz canından, qanından keçib, bu vətəni qanıyla suvarıb. Sərt qayalarımız, bərəkətli torpaqlarımız onların qanıyla suvarılıb al laləyə çevrildikcə şəhid qoxulu vətən torpağı daha da qüvvətlənir, güclənir.

Hər biri oğul kimi gəldi vətənə: canından keçərək. Əbədi məşələ çevrilərək yurdumuzun gələcəyinə işıq salır onlar. Bir ölərik, min dirilərik. Şəhid atasının əlini öpən müdavimlər, şəhid evlərinə qədər düzülən bayraqlar. Sonsuz təvəkkül, böyük inam, tükənməz sevgi.

"Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Xalq olaraq daima Ali Baş Komandanın, ordumuzun yanındayıq. Bütöv

Azərbaycan uğrunda!                                                     

                                                                                  Məmməd Babayev

                                                 Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: