Qələbə bizimlədir...

A- A A+

İkinci Qarabağ müharibəsi, yaxud da Vətən müharibəsi 10 günü geridə qoyur. Nəticəsi isə möhtəşəmdir: bir şəhər, bir rayon, 20 kənd... Davamı isə gəlməkdədir ... Geridə qoyduğumuz 10 günün hər anı, hər saniyəsi tarixin ən şanlı günlərinin şahidinə çevrildi. Ali Baş Komandanımızın, Müdafiə Nazirliyinin qələbə xəbərlərini oxuduqca, paylaşdıqca ürəyimiz titrədi, əllərimiz əsdi. Azad olunan torpaqların görüntülərini bəlkə də min yol izlədik.

Etiraf edək ki, QARABAĞA qayıdışın min dəfə xəyalını qursaq da, o xəyallar gerçəyindən daha gözəl deyildi. Azərbaycan əsgəri al bayrağımızı səmaya ucaltdı. Dualar bir ağızdan yüksəldi: Şükür sənə İlahi, Sən bu xalqı məğlub damğasından, qaçqın, köçkün kimliyindən qurtarmağa möhlət verdin.

Qafqazdakı sakitliyi Azərbaycan ordusunun ayaq səsləri, qələbə xəbərləri pozur. Dünya, necə deyərlər, “əli üzündə” Azərbaycan əsgərinin qələbəsini izləyir. Azərbaycan isə döyüşür, cəbhədə, siyasət meydanında, informasiya məkanında. Və artıq hər üç müharibənin qalibi sayılır.

Azərbaycan döyüşür... Döyüşdə istifadə olunan ən müasir silahlar öz yerində, bu  otuz ildə heç bir texnologiyanın istehsal edə bilmədiyi, nə erməninin, nə onun riyakar havadarlarının sahib olmayacağı bir silahla döyüşə girdi. Cəsarətdən, milli qeyrətdən, illərin basdırılmış vətən həsrətindən boy alan silahla nişan alır hədəfləri. Azərbaycan əsgəri o silahı barmağı ilə deyil, ürəyi ilə çəkir. İndi səngərdəki əsgərin sirri elə o məşhur nağılda deyildiyi kimi, hər dəfə doğma torpağına toxunmasındadır, onu məğlub edilməz edən də budur.

Aparılan döyüşləri analiz edən hərbi ekspertlər bu cür düşünür: “Sanki XX əsrlə XXI əsrin orduları üz-üzə gəlib.”  Bu üzləşmənin üstün tərəfi bizik, erməni də bunun fərqindədir. Elə olmasaydı, havadarlarının qapısına cummazdı. Cumdu da, nə oldu? Artıq ona verilən “kreditin” sona çatdığının özü də fərqindədir. Üstəlik havadarlarından dilənib ərsəyə gətirdikləri silah-sursatı da cəbhə bölgəsində əsgərlərimizə “təhvil verib”  qaçırlar.

Ancaq düşmənin təkcə ordusu XX əsrdə qalmayıb, iqtisadiyyatı, siyasəti, insanların yaşayış səviyyəsi də ötən əsrin məhsuludur. Ənənəvi “yalan maşını”nı işə salanda, Gəncədə, Beyləqanda, Abşeronda, Xızıda, Bərdədə, Tərtərdə silahsız mülki əhalini nişan alanda dünya yenə barmağını dişlədi: “Hə, bu ki elə eyni Ermənistandır”.

Siz bir ölkə düşünün - ordusu üçün mülki əhalidən ərzaq,  geyim dilənir, əsgərini qaçmamaq üçün posta zəncirləyir, fərarilik edən əsgəri döyüşməmək üçün özünü asır və kişilərdən əlini üzüb çarəni qadınları cəbhəyə toplamaqda görür... Belə “kreativ” fikirlər ancaq elə paşinyanların ağlına gələr. Dünən bir xəbər qarşıma çıxmışdı- Ermənistanda jurnalistlər və media mənsubları belə silahlandırılıb. Bu beynəlxalq hüquqi qaydalara zidd olmaqla yanaşı, həm də artıq informasiya məkanında uduzmaqlarının nümunəsidir.

Cəbhədə, siyasət meydanında uduzan Ermənistanın əllərində bayraq etdikləri qara qəpiyə dəyməyən ideologiyaları da çökdü. İndi dənizdən dənizə “Böyük Ermənistan” ən çox özlərinə gülməli görünür. Qondarma dövlətin erməni insanına heç nə vermədiyini, onsuzda itin günündə olan yaşayışlarını daha betər hala saldıqlarını özləri təsdiqlədi. Görəsən, heç düşünürlərmi ötən 30 il onlara  nə verdi. Daxili çəkişmələr, çökmüş hakimiyyət, yalan vədlər...

Rusiyanın bir qəzet müxbiri Xankəndində  şahidi olduğu hadisələrə əsaslanıb yazır ki, erməni əhalisi  müharibənin onlara böyük fəlakətlər gətirəcəyini yaxşı bilir. Baş verənlərdən erməni əsgər anaları çox narahatdırlar. Onlar Paşinyanın övladlarını ölümdən qurtaracağını gözləsələr də, bunun əksi baş verdi. Paşinyan Azərbaycanla müharibənin acı nəticələrini hesablaya bilməyib. O dərk etməlidir ki, erməni cəmiyyəti müharibədən bezib. Oğulları özgə torpaqlarda ölən erməni əsgər analarının naləsi Stepanakerti bürüyüb. Paşinyana, Araik Arutunyana nifrət artır. Erməni ordusunda özbaşınalıq hökm sürür, döyüş ruhu aşağı düşüb və yeni nəsil mənasız müharibədə vuruşub ölmək istəmir.

Bax, elə bu  bugünkü erməni reallığıdır. Gün kimi aydındır, erməni əsgəri  Qarabağda vuruşmaq istəmir. Küçə mitinqləri ilə hakimiyyətə gələn Paşinyan ölkəsini  elə küçə dilənçiləri vəziyyətinə çoxdan salıb. Sahib olduqları evlərin, üstündə gəzdikləri, havasını udduqları torpağın gerçək sahibləri geri qayıdır. Onlarsa bu otuz ildə bizdən aldıqlarını çantalara doldurub öz evlərinə geri dönürlər. Əslində ağlı başında olanlar bu günün bir gün baş verəcəyini təxmin edərdilər. Onlarsa, görünür, “liderlərinin” şirin vədləri, uydurma nağılları ilə mürgüləməyi seçdilər. Nəinki hakimiyyətə dayaq durmaq, hətta övladlarını hərbi qulluqdan yayındırıb, başqa ölkələrdən vətəndaşlıq arzulayan bir ölkənin sakinləri indi bir ordu halında qarşılarında dayanan Azərbaycanla müharibə aparmaq iqtidarında deyillər...

Elin gözəl bir məsəli var: “İt araba kölgəsində yatır, elə bilir öz kölgəsidir”. O kölgəsində yatdıqları elə ötən 30 ildə olduğu kimi, indi də “sülh tərəfdarı” kimi nitqlər deyirlər. Azərbaycan insanı təkcə erməninin deyil, elə kölgəsində yatdığı “arabanın” da planlarını pozdu. Xocalı faciəsinə, bir milyon qaçqına, köçkünə, yurd-yuvasından didərgin düşənlərin talehinə qarşı “üç meymun”u oynayanlar indi sülh tərəfdaşı kimi çıxış edirlər. Görəsən, bu keçən ildə Azərbaycanın haqq səsinə qulaq verməyi heç yoxladılarmı? Ya da  insanlığa qarşı ən böyük cinayət sayılan Xocalının gerçək hekayəsini dinlədilərmi?

Ötən 30 ilin acı həqiqəti belədir: Dünya haqlının tərəfində olmur. Ədaləti özün bərpa edəcəksən, Azərbaycan əsgəri. Bu sənin haqq mübarizəndir və qalib sən olacaqsan...! Biz çox saydıq təqvimin qaraya bürünmüş günlərini. 10 il keçdi, 15 il keçdi, 25 il keçdi... Öz evindən, öz elindən didərgin düşənlər dillərindən düşürmədilər Qarabağı. Yanıb külə dönmüş evinin açarını əlindən yerə qoymayan nənənin ümidindən güc aldı, övladları gözü qarşısında yandırılan ataların acısından, kədərindən silahlandı, övladının şəhid cənazəsinə bürünmüş bayrağı köksünə basan ananın  şəhid övladına verdiyi sözə and içdi Vətən Oğlu. İndi bütöv Azərbaycan saatını Şuşanın, Xankəndinin saatlarına kökləyib. Daha işğal illərini deyil, qovuşacaq günləri sayırıq...

P.S. Universitetdə ilk dərsdə adətən qrupa ilk gələn müəllim tanış olur auditoriya ilə. Tələbələr növbə ilə ayağa qalxıb özünü təqdim edirdi və Azərbaycanın hansı bölgəsindən olduğunu deyirdi. Şahbuz, Ordubad, Daşkəsən, Masallı, Sumqayıt.

Yanaşı partada əyləşən oğlana növbə çatanda asta səslə, baxışını yerə dikərək: “Cəbrayıl”,- dedi. Sinfi bürüyən sükutu yenə öz səsi yardı: “Məcburi köçkünəm...”

Təəssüf ki, hər bir Qarabağ insanının kimliyinə eləcə möhürlənmişdi  qaçqın, köçkün, yurd-yuva  həsrətlisi olduğu. O gün və ondan sonrakı dörd il müddətində cəsarətimi toplayıb nə Cəbrayıla, nə də orda itirdiklərinə dair heç nə soruşmadım. Ancaq o gün Cəbrayılın  və kəndlərinin  azad olunması xəbərini oxuyanda ilk o gəldi ağlıma. Bir də Cəbrayıldan, Füzulidən, Qubadlıdan qaçqın düşüb Vətəndə Vətən həsrəti çəkənlər. Yəqin ki, evlərinə qayıtmaq üçün hazırlığa çoxdan başlayıblar...

                                                              Fizzə Bağırova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: