“Əlbəttə, 30 ilə yaxın bir dövrdə ölkəmizin dilbər guşəsi-can Qarabağın düşmən əlində olması bizi çox ağrıdır. 1 milyon soydaşımız yurdundan-yuvasından didərgin düşüb, müqəddəs yerlər, məscidlər, pirlər, tarixi–mədəniyyət abidələrini xain qonşularımız darmadağın ediblər. Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun işğalı bizi bir daha bir xalq, millət kimi sıx birliyə, həmrəyliyə səsləyir”.
Bu fikirləri NUHÇIXAN İnformasiya Agentliyinə müsahibəsində AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev deyib. Tarixi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsindən, qəsb edilmiş doğma yurd yerlərindən danışan alim bildirib ki, biz erməni daşnaklarının havadarlarından qorxmuruq, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, qəhrəman Ordumuzun yanındayıq. Azərbaycan əsgərində böyük ruh yüksəkliyi var, çünki onlar Vətən uğrunda vuruşurlar. Vətəndaş olaraq Vətən uğrunda hər şeyə hazır olmalıyıq. Varımızdan-yoxumuzdan belə keçməliyik. Öz oğlunun da vətən sərhədlərində ayıq-sayıq dayanan bir əsgər olduğunu xatırladan Əbülfəz Quliyev böyük Şəhriyarın fikirlərini yada salıb: “Ustadımız deyib heçdir Vətənsiz can, Azərbaycan!”