Qarabağ - bəxti qara bağlayan, sükuta dalan torpaq... Uğrunda Mübariz, Polad, Albert, Yusif, Cəbrayıl kimi neçə-neçə oğullar canından keçdi, illərlə lənətə gəlmiş düşməni köksündə yaşatmaq ağır oldu sənin üçün, yollara baxmaqdan gözlərinin kökü saraldı, 613 şəhidinə ağı deyib ağlayan Xocalın haray çəkdi... Neçə baharlar, qışlar yola saldın, yaran qaysaq bağlamadı. Biz isə unutmadıq səni. Bir gün mütləq geri dönmək ümidi ilə yaşadıq. Ən böyük arzumuz, istəyimiz oldun. 30 ilə yaxın bir dövrdə haqq səsimizi bütün dünyaya yaydıq, beynəlxalq səviyyədə qəbul olunan qanun-qaydalara uyaraq gözlədik.
Amma hər şeyin bir sonu olmalıdır axı. 2016-cı ilin bir bahar günündə bəsdir dedik, səbir kasamız doldu... Sənə zəfər yürüşü Aprel döyüşlərindən başladı. Dörd günlük müharibə qüdrətli Azərbaycan ordusunun gücünü nümayiş etdirdi. Ardınca 2018-ci ilin mayında ordumuzun qazandığı “Günnüt zəfəri” can verdi torpağına, daşına, yollara xoş ümidlə baxdın. Bir vaxtlar getdiyimiz yollardan güclü, yenilməz bir ordu ilə geri dönürük sənin qoynuna. Daha düşmənin qarşısındakı ordu 90-cı illərin yenicə formalaşan ordusu deyil.
Sentyabrın 27-si səhər saatlarında bədnam qonşularımızın cəbhə xəttində atəşkəs rejimini pozaraq yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi müxtəlif növ silahlardan, ağır artilleriyadan atəşə tutması, qüdrətli ordumuzun əks-həmlə əməliyyatlarına başlaması ilə nəticələndi. Həmin gün qulaqlarımız səsdə qaldı, çox çəkmədi ki, müzəffər ordumuzun qələbə xəbərlərini aldıq. Bir neçə saat ərzində 7 kəndimiz və mühüm strateji yüksəkliklər işğaldan azad olundu.
30 ilə yaxın bir dövrdə əsarətdə qalmış torpaqlarımızın bir hissəsinin azad edilməsi xəbərini mavi ekrandan alanda isə elə bu xəbəri milyonlarla insanımıza çatdıran aparıcı kimi bizim də gözümüzdən sevinc yaşları axdı. Ardınca Suqovuşanın, Cəbrayılın işğaldan azad edilməsi xəbərini ard-arda Ali Baş Komandanımız özü xalqına çatdırdı. Suqovuşanda Milli qəhrəman Mübariz İbrahimovun 2010-cu ildə düşmən ordusu ilə təkbətək döyüşdüyü posta üçrəngli bayrağımız sancılanda isə göy üzü də, su da duruldu... Bu da təbii idi. Çünki vətən qoynunda yadları deyil, öz övladını, öz bayrağını gördü. O an sanki yerlə göy birləşdi, sevincimizə şərik oldu.
30 il dözdük bu ağrıya, bu həsrətə, qisas üçün yenilməz ordu yaratdıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə gündən-günə güclənən bu ordu indi sənin uğrunda vuruşur. Cəbhədə can qoyan, tarix yazan igid oğullarımız bizi hər gün, hər saat qələbə xəbərləri ilə sevindirir, səngərini, silah-sursatını ataraq qaçan düşmən mövqeyini ələ keçirərək məhz ordan salamını göndərir doğmalarına. Üç rəngli hilalımızı hər qarışında bir-bir o igid oğullar ucaldır. Düşməninsə gücü həmişəki kimi yenə mülki əhalini, yaşayış məntəqələrimizi hədəfə almağa çatır. Lakin dinc əhali qorxmadan-çəkinmədən gündəlik həyat tərzindədir. Buna əsas verən isə qələbəyə olan inamları və sənin uğrunda apardığımız müharibədə qazandığımız zəfərlərdir.
İndi hamı səndən danışır, hamı səndən yazır, Vətən. Biz sənin üçün apardığımız bu vətən müharibəsindən qorxmuruq, 90-cı illərdə diri-diri dərisi soyulan, başları, ayaqları, qolları kəsilən, evsiz-eşiksiz qalan o günahsız insanlarımızın qisasını almaq, həsrətinə son qoymaq üçün vuruşuruq. Azərbaycan xalqı sənin uğrunda müharibəni təkcə cəbhədə yox, siyasi meydanlarda, beynəlxalq təşkilatlarda, mətbuat səhifələrində də uğurla aparır, işğalçı, təcavüzkar Ermənistan dövləti və onun baş bilməz, dili topuq vuran Nikol Paşinyan döyüş meydanında olduğu kimi siyasi meydanda da məğlubdur. Çünki bizim savaşımız haqq-ədalət savaşıdır. Haqlı olan isə qalib gələcək!
Sənə zəfər yürüşü hər kəsi səfərbər edib. Yüzlərlə gənc könüllü şəkildə ordu sıralarına qoşulub. Ata, oğul, qardaş demədən hər qarış torpağını düşmən tapdağıdan azad etmək üçün bu millət son damla qanına, son nəfərinədək mücadilə aparmağa qadirdir.
Dünənə qədər küçədə, evdə oyunlar oynayan körpə uşaqların da əllərində üçrəngli bayraq, dillərində bu şüar var: “Qarabağ bizimdir, bizim olacaq!” İndi 20 faiz torpaqlarımızın işğal tarixini yeni bir təqvimlə əvəz edirik. Artıq bu siyahının üçü tamamlandı, daha nə qaldı ki?... Bu gün xalq olaraq yumruq kimi birləşmişik, həmrəyik, həmürəyik. 90-cı illərdə tökdüyümüz acı göz yaşlarını sevinc göz yaşları əvəz edib. Torpaq, bayraq sevgisi bu günlərdə özünü daha qabarıq şəkildə büruzə verir hər birimizin qəlbində. Bütün Azərbaycan göy, qırmızı, yaşıldır. Binaları, avtomobilləri - hər yeri bəzəyən ay–ulduzlu bayraqlar qələbəmizin carçısıdır. Çünki bizim ən böyük silahımız vətən sevgisidir. Bu sevgidir oğulları, ərləri, ərənləri səngərlərdə mərd-mərdanə dayanmağa vadar edən. Məgər düşmən bilmirdimi ki, qisas qiyamətə qalmayacaq, bir vaxt yurd–yuvalarından didərgin saldığı, sərt qışın sazağında əllərini, ayaqlarını soyuq almış o insanların övladları böyüyəcək və bir gün mütləq qisas almağa gələcək. Müharibə itkisiz olmur, biz sənin yolunda şəhid də veririk. Amma şəhid anaları daha başlarını dik tutub. İndi bir gözümüz şəhidlərimizə ağlasa da, digəri qələbə xəbərlərinə sevinir. Bu savaş bəlkə bir ay, bəlkə bir il çəkəcək, amma haqq öz yolunu tapacaq. İgidlərimiz Cıdır düzündən Qarabağ atlarını çaparaq Şuşa qalasına üçrəngli bayrağımızı sancacaq. O zaman bütöv Azərbaycan olacağıq. COVID-19 bəlası ilə başlayan 2020-ci il bütün dünya üçün sarsıdıcı olsa da, Azərbaycan xalqı üçün qələbə, zəfər ili kimi tarixə qovuşacaq. Soydaşlarımız bir vaxtlar ağlaya-ağlaya, qan, göz yaşı ilə əliyalın çıxdıqları torpaqlara - Kəlbəcərə, Laçına, Zəngilana, Qarabağa gülə-gülə qayıdacaqlar. Təkcə onlar yox, bütün xalqımız. Mən səni ancaq kitablardan oxuyub, efirlərdən görüb vurulmuşam cənnətməkan qucağına. İndi hər qarış torpağın murdar düşməndən təmizləndikcə sevinirəm ki, dağlarını, dərələrini, şəhərlərini, kəndlərini gəzmək, İsa bulağından su içmək mənə də qismət olacaq. Qələbəmiz bütünləşəndən sonra biz səni yenidən quracağıq, binalarını yenidən ucaldacağıq, məscidlərini yenidən tikəcəyik. Əzəli və müqəddəs Vətən Torpağı, gözlə bizi! Həsrətə, vüsala az qalıb!
Türkanə Əmoyeva