Gəncədə baş verən xoşagəlməz hadisələrdən istifadə edərək şəhərdə sabitliyi pozmağa çalışanların hədəfində bütün Azərbaycan xalqıdır. Azərbaycandakı sabitlik və əmin-amanlıq hər kəsin təhlükəsizliyi üçün əsas amildir. Hər birimiz bununla fəxr edirik. Ən başlıcası isə insanlar rahatdır, sakit yaşaya bilirlər. Lakin görünən budur ki, xalqımızın bu sakit həyatını gözü götürməyənlər baş qaldırmağa cəhd göstərirlər.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.
“Gəncə sakinləri müdrik insanlardır, onlar heç kimə şəhərin sakit həyatını pozmağa imkan verməzlər”, - deyə Ə.Əhmədov bildirib: “Çünki yaxşı bilirlər ki, bu gün yalançı “vətənpərvərlər”, “din əzabkeşləri” adı altında sabitliyi pozmağa çalışanlar və çağırış edənlər tamam başqa yerdən idarə olunur və ayrı məqsədlərə xidmət göstərirlər. Tökülən qan isə xalqın qanıdır. Şəhid olan iki polis zabiti xalqın övladlarıdır, kiminsə övladı, kimlərinsə atası, qardaşı, həyat yoldaşıdır. Onların qanını tökən vətənpərvərlər, din əzabkeşi ola bilərmi? İnanıram ki, gəncəlilər müdrikliyini bir daha nümayiş etdirəcək, ara qarışdıranlara, qanunu pozanlara, sakit həyatımıza haram qatmaq istəyənlərə özləri layiqli cavab verəcəklər. Gəlin, hamımız ətrafımıza baxaq, dünyada baş verənləri, faciələri, tökülən göz yaşlarını yada salaq. Ölkəmizdəki sabitliyin qədrini bilək, ona xəyanət edənlərin qarşısını kəsək. Sonra gec olar”.
YAP sədrinin müavini-icra katibi qeyd edib ki, Azərbaycanda sabitlik və əmin-amanlıq möhkəm dayaqlar üzərində qərar tutub. Onu pozmağa heç kim cürət edə bilməz. Bir neçə araqarışdırandan savayı hamı qanuna hörmət edir, sabitliyi qoruyur, dövlətin və dövlətçiliyin ətrafındadır.