Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “İndi biz göstərdik kim kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!” sözləri bu gün hər bir Azərbaycanlının başını qürurla dik tutmasına səbəbdir.
Prezident İlham Əliyev bu sözlərlə haqq işimizi, Azərbaycan Ordusunun zəfərini bir daha bütün dünyaya çatdırdı. Ermənilərin iç üçünü açdı: “Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu”.
Yəqin ermənilər 30 il öncə torpaqlarımızı vəhşicəsinə qarət edəndə, qətliamlar törədəndə bilmirdilər ki, bir gün bu ölkəyə bir başçı gələcək və: “Gəl, təkbətək vuruşaq”,- deyərək onu haqq işi uğrunda savaşa çağıracaq. 2020-ci il sentyabr ayının 27-si ölkəmiz üçün bu şərəfli tarixin başlanğıcı oldu. Yenilməz Azərbaycan ORDUSU, qəhrəman Azərbaycan ƏSGƏRİ illərdir əlini hazır saxladığı silahın tətiyini çəkdi. Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığı üçün ayağa qalxdı.
Burada Azərbaycan xalqının dahi öndəri Heydər Əliyevin 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən dediyi sözləri yada salmamaq olmur: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək.”
Bəli, ulu öndərin layiqli davamçısı, əziz Prezidentimiz bu illər ərzində təkcə şəhərlər qurmadı, ölkənin iqtisadiyyatını gücləndirmədi, Azərbaycanı dünya ölkələri sırasına qatmadı, həm də ən böyük missiyanı yerinə yetirdi. Ümummilli liderin Dağlıq Qarabağ ərazimizin işğaldan azad edilməsi uğrunda başlatdığı vəzifəsini ləyaqətlə, qəhrəmanlıqla yerinə yetirir. “Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim kimdir!“ Azərbaycan xalqına, Azərbaycan kişisinə məxsus qürur, əzəmət ifadə edən bu sözlər Azərbaycan vətəndaşının hər birinin qəlbini qürurla doldurdu. Ermənistanın qorxudan Gəncəyə, Tərtərə və digər yaşayış obyektlərimizə atdığı mərmilər bu sözlərin önündə nə qədər sönükdür. Məhz gəncəli, tərtərli, tovuzlu və ümumiyyətlə ermənilərin silah ata biləcəkləri yaşayış məntəqələrinin hamısının sakinləri yurd-yuvalarında qorxmadan dayanırlar. Onlar bilirlər ki, Ali Baş Komandanımızın rəhbərliyi altında məğrur Ordumuz var. Onları qoruyan, çox tezliklə işğalçı ermənilərə dərs verən yenilməz əsgərlərimiz var. Dünən erməni mərmisindən evi dağılmış bir yaşlı kişinin: “əsas odu biz qalib gələk, mənə bundan da yaxşı ev tikəcəklər”,-deməsi də dövlətimizə inamı, güvəni ifadə edirdi. Əslində elə onun da sözlərində bu ifadə də vardı: Biz qalibik!
Bunu Suqovuşan kimi əhəmiyyətli bir ərazini geri qaytarmaqla Milli Ordumuz sübut etdi! Şəhidlərimizin qan tökdükləri torpaqda dalğalanan üçrəngli bayrağımız göstərir.
Atalar nahaq yerə “özgə atına minən, tez düşər” deməyiblər. Yəni haram loxma adamın boğazında qalar. Ermənilər elə bildilər ki, cənnətməkan Qarabağımızı yiyələnəcəklər, qədim Şuşamızda, Kəlbəcərimizdə və digər işğal etdikləri yurd yerlərimizdə at oynadacaqlar. Amma yanıldılar.
Bu gün səngərdə olan hər bir qəhrəman əsgərimizin, vüqarlı Ordumuzun arxasında xalq dayanıb. Əli tətikdə dayanan könüllülər də, orduya sovqat göndərən mülki əhali də, onunla atəş altında tarix yazan jurnalist də. Hamı əsgərdir, döyüşə müntəzir vəziyyətdədir. Bu gün hamının bir arzusu var. Torpaqlarımızda diri-diri basdırılan, uşaqların gözü qarşısında anaların başı kəsilən, ayaqyalın qarlı dağlara üz tutan vətəndaşlarımızın yurd yerlərini murdarlardan təmizləmək. Bunu Müzəffər Ordumuz yerinə yetirir. Addım-addım irəliləyir. Və hər adımında da ermənilərə sübut edir ki, Vətən bədənimizin bir parçasıdır. Nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Buna isə Azərbaycan xalqı imkan verməz!
Bu gün Azərbaycanın yüksək döyüş ruhuna malik ordusu var. Bunu Aprel döyüşləri zamanı da, Günnütün alınmasında da göstərdi. Göstərdi ki, Azərbaycan Ordusu sahib olduğu müasir texnika ilə düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadirdir. Amma bunu dərk etmədi və hələ də dərk etmək istəmir. Amma artıq gözlərində intiqam qığılcımı və qisas yanğısı olan əsgərlərimiz düşmən tapdağında olan torpaqlarımızı azad edirlər. Onlar yalnız bu ruhda kökləniblər: Hücum və ZƏFƏR!..
Hafizə Əliyeva
Naxçıvan televiziyasının əməkdaşı