Təqaüdünü Orduya bağışlayan baba bu kişidir - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları ötən gün öz təqaüdündən Ordumuza 180 manat yardım edən Şəkinin Baş Küngüt kəndinin sakini Hikmət Musayevi axtarıb tapıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbovun sözlərinə görə, ƏƏSMN-in əməkdaşları bu gün səhər tezdən həm təşəkkür etmək, həm mövcud səlahiyyətlər çərçivəsində Hikmət babaya mənəvi borcu ödəmək üçün kəndə gediblər.
“Hikmət baba deyir ki, “əsgərlərə canım qurban! O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum”. Deyir, “özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram”. O deyir… Qürur hissi, fəxr hissi sözümüzü boğazımızda kəsir.. Sizinlə fəxr edirik, Hikmət dayı! Tanrı Azərbaycanı qorusun! Sizin kimi insanların vətənini!”,-nazirlik rəsmisi bildirib.