İcbari Tibbi Sığorta vətəndaşları keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin edir

A- A A+

Ölkəmizdə digər sahələrlə yanaşı, səhiyyə sistemi də  müasirləşib, əhali keyfiyyətli tibbi xidmətlərlə təmin olunub. Bu gün muxtar respublikada yaradılan ən müasir səhiyyə infrastrukturu da insan amilinə  verilən dəyərin  ifadəsidir. 2017-ci ildən muxtar respublikada  bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə  istifadə edilən icbari tibbi sığortanın tətbiqinə başlanıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri martın 18-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında  fərman imzaladı. Fərmanın imzalanmasında məqsəd əsasən muxtar respublikada  tibbi xidmətlərin  keyfiyyətini daha da yaxşılaşdırmaq, onu  müasir tələblərə  uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının  etibarlı qorunmasını təmin etməkdən ibarətdir.

İcbari tibbi sığortanın fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədilə Agentliyin şöbə müdiri Vüsal Məmmədovla həmsöhbət olduq. Öyrəndik ki, səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi  əhəmiyyət kəsb edir. İcbari Tibbi Sığorta vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin etməyə yardım edən bir sistemdir. Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar  rayon mərkəzi xəstəxanalarında  yenidənqurma işləri aparılıb, ən müasir  texnoloji yenilikləri özündə birləşdirən tibbi cihaz və avadanlıqlar alınaraq quraşdırılıb. “Səhiyyə İnformasiya İdarəetmə Sistemi” qurulub və vahid məlumat bazasının idarə edilməsi üçün server otağı təşkil edilib. Sədərək, Şərur, Kəngərli, Şahbuz, Babək, Ordubad və Culfa rayonlarında icbari tibbi sığortanın  tətbiqinə  başlanılıb, tibb işçilərinin əməkhaqları artırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilməyə başlanıb. Bu məqsədlə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, Naxçıvan Muxtar Respublikası Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanalarına, Naxçıvan Muxtar Respublikası Kardioloji və Doğum Mərkəzlərinə publik hüquqi şəxs statusu verilib. Həmin səhiyyə müəssisələrində  çalışanların aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılıb.

Deyə bilərik ki, ötən dövr ərzində  icbari tibbi sığortanın tətbiq olunduğu inzibati ərazilərdə  yaşayan vətəndaşlara ürək əməliyyatı və invaziv müdaxilə, göz, ginekoloji, doğum, keysəriyyə, travmatoloji əməliyyatlar, ümumi cərrahi əməliyyat, terapevtik stasionar müalicə olmaqla,  ümumilikdə həyati, vacib, dəyəri yüksək tibbi müdaxilə icra edilib və həyata keçirilmiş tibbi müdaxilələrin  maliyyələşməsi Agentlik tərəfindən aparılıb.

Vüsal müəllimlə  söhbət zamanı məlum oldu ki, icbari tibbi sığortanın tətbiqindən bir çox vətəndaş bəhrələnib.  Tibbi sığortadan yararlanan vətəndaşlardan biri də Kəngərli rayon sakini Asya Abbasovadır. Gözündə və ürəyində bəzi narahatçılıqları olan Asya xanım öncə Kəngərli rayon mərkəzi xəstəxanasına müraciət edib və  göndəriş alaraq Diaqnostika Müalicə Mərkəzinə yollanıb. Heç bir maliyyə vəsaiti ödəmədən həm gözündən, həm də ürəyindən əməliyyat olunub sağlamlığına qovuşaraq evinə dönüb. Bütün bunlar üçün dövlətimizə minnətdar olduğunu deyir.

İcbari tibbi sığortanın tətbiq edilməsi işində agentlik bu günə kimi muxtar respublika rəhbərliyinin tapşırıq və göstərişlərinə əsasən müvafiq  qanunvericilik  çərçivəsində  fəaliyyət göstərib və hazırda da bu proses yüksək həssaslıqla davam etdirilməkdədir. Belə ki, bu günə kimi qanunvericiliyin tələbləri əsasında  tibb təchizatları və sığortaolunanlarla   müqavilələr bağlanılıb, eyni zamanda həmin müqavilələrdə  qeyd olunan tələblərə mütəmadi əməl olunması üçün zəruri tədbirlər görülüb.

İcbari tibbi Sığortadan yararlanan digər vətəndaş Əhmədov Uğurdur. Maddi gəlirləri  aşağı olduğundan  övladlarını tonzillektomiya əməliyyatına yönəldə bilməyən Uğurun valideynləri muxtar respublikamızda vətəndaşların sağlamlığının qorunması və firavanlığının daha da yaxşılaşdırılmasından ötəri icbari tibbi sığortanın tətbiq edildiyini eşidəndə sevinclərinin həddi-hüdudu olmayıb.  Tezliklə  bu fürsətdən onlar da yararlanaraq Əziz Əliyev adına mərkəzi Uşaq Xəstəxanasında  heç bir  ödəniş etmədən Uğuru əməliyyat etdiriblər.

Deməli, icbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər  vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının  yaxşılaşmasını təmin edəcəkdir. Tikilən, qurulan nə varsa, əhalinin  sağlamlığının  qorunmasına xidmət edir. Həyata keçirilən tədbirlər bir daha onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasının  tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərilməlidir”.

Nuray Əsgərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: