Naxçıvan Muxtar respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə, qadın və uşaq hüquqlarının qorunması sentyabr ayında da diqqətdə saxlanılıb.
Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ay ərzində “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq “Naxçıvan Muxtar Respublikasında “COVİD-19”un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində sərmayə kapitalı verilib, 39 qadından 14-nün yaşadığı ünvanlarda monitorinq keçirilib.
Eyni zamanda Naxçıvan şəhərində yaşayan aztəminatlı, çoxuşaqlı İsmayılovlar, Şərur rayon Dərvişlər kəndində yaşayan aztəminatlı Abdullayevlər, Culfa rayon Kırna kəndində yaşayan aztəminatlı Musayevlər ailəsinə baş çəkilib, onların problemləri ilə maraqlanılıb, ailələrə ehtiyaclarına uyğun köməklik göstərilib.
Həmçinin müvafiq Dövlət proqramının icrası ilə bağlı 77 nəfər sağlamlıq imkanları məhdud olan uşaqlardan 24-ü ümumtəhsil məktəblərinin 1-ci, 4-ü isə hazırlıq sinfinə, hərəkət qabiliyyəti məhdud 1 uşaq distant təhsilə, 1 uşaq Uşaq Bərpa Mərkəzinə, 1 uşaq Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinə olmaqla, ümumilikdə, 31 sağlamlıq imkanları məhdud uşaq məktəb, məktəbəqədər və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunub. Tək valideynli və şəhid ailələrindən olan 94 uşağa isə məktəbli paltarı və dərs ləvazimatları verilib.
Hesabat dövrü ərzində 4-ü Naxçıvan şəhəri, 6-sı Şərur rayonu üzrə olmaqla, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 10 uşağın yaşadığı evlərdə keçirilən monitorinq zamanı 1 uşağın təhsildən yayındığı, 2 uşağın şəxsiyyət vəsiqəsinin olmadığı aşkarlanıb.