BMTM ekspertlərinin beynəlxalq mediada cəbhədə baş verən hadisələrə dair məqalələri dərc olunub - FOTOLAR

A- A A+

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Daily Sabah” nəşrində “Ermənistanla Azərbaycan arasında yeni münaqişə həyati əhəmiyyətli enerji infrastrukturlarını təhdid edir” sərlövhəli məqaləsi dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünə diqqət çəkilir, ərazilərimizin davamlı artilleriya və raket atəşinə məruz qalması vurğulanır.

Qeyd olunub ki, Azərbaycanın döyüş zonasından kənarda yerləşən şəhər və rayonların Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif tipli raketlərlə atəşə tutulması nəticəsində dinc əhali arasında çoxsaylı ölən və yaralananların olması ilə yanaşı, eləcə də mülki infrastruktura ziyan dəyib.

Məqalədə Azərbaycanın beynəlxalq tərəfdaşları ilə birgə reallaşdırdığı enerji layihələrinin əhəmiyyətinə diqqət çəkilərək bildirilir ki, bu illər ərzində ölkəmiz özünü Avropanın vacib tərəfdaşı kimi sübut edib, enerji mənbələri və marşrutlarının şaxələndirilməsində əhəmiyyətli rol oynadığını göstərib.

Həmçinin BMTM-in eksperti Vasif Hüseynovun Avropa İttifaqının “Euractiv” nəşrində “Azərbaycan tək döyüş bölgəsində deyil, beynəlxalq hüquq baxımından da güclüdür” sərlövhəli məqaləsi dərc olunub. Müəllif Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması, Ermənistan Baş naziri Nikol Paşinyanın tərəfləri müharibəyə aparan təxribatçı xarici siyasəti və son otuz il ərzində aparılan sülh danışıqlarının Ermənistan hökuməti tərəfindən status-kvonu saxlamaq üçün sui-istifadə edildiyini diqqətə çatdırıb.

Məqalədə Azərbaycanın torpaqlarının işğalına son qoymaqda qətiyyətli olduğu və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlülüyün bərpasını tələb etdiyi vurğulanıb.

V.Hüseynov bildirib ki, Azərbaycan apardığı haqlı mübarizədə qətiyyət nümayiş etdirir və həm döyüş meydanında, həm də beynəlxalq hüquq müstəvisində üstünlüyə sahibdir. Dövlətimizin ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurası tərəfindən tanınmasına diqqət çəkən müəllif Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin artıq dövrün tələbi olduğunu qeyd edir.

Məqalədə Azərbaycan Prezidentinin erməni xalqına mesajına xüsusi diqqət ayrılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: