Bir gəncin düşüncələri: Kitab oxuyaq, Sözə sahib olaq!

A- A A+

Kitab böyük  müəllimdir,

Sinəsində min aləm var.

O səni bir insan kimi

Gah güldürər, gah ağladar.

Hələ uşaq yaşlarında bu misraları “Ana dili” dərsliklərindən oxuyarkən mənasını anlamırdım. Zaman keçdikcə, dünyanı dərk etməyə başlqadıqca kitabların  nə qədər böyük gücə sahib olduqlarını da anlamış oldum. Həm də,  bu güc okeanlar qədər ucsuz-bucaqsız,  səhralar qədər geniş, dağlar qədər əzəmətli idi. Böyüdükcə kitabların həyatımızdakı rolu da sürətlə artırdı. Artıq abituriyent vaxtlarında dərslik kitablarının arxasında gizlicə  bədii ədəbiyyat oxuduğum günlər, universitet həyatında zəngin fondlar və işıqlı oxucu zalları ilə əvəz olunmuşdu. Bu zamanlarda dəyişməyən isə mənim kitab oxumağa olan böyük həvəsim idi. Bu həvəs oxumaq istədiyim kitabları asanlıqla əldə etdikcə, kitablardakı obrazlardan, həyatlardan nəticələr çıxardıqca daha da artırdı. Elə bil oxuduqca daha çox oxumaq, daha çox öyrənmək istəyirəmmiş kimi. Və mənim kitablarla olan ünsiyyətim beləcə başlayıb.

Bu dünyanın hər sirrini

Bizə deyir bu kitablar.

Ömrümüzün yollarına

Nur çiləyir bu kitablar.

Mütaliə etməyin onlarla faydasını saymaq olar: dünyagörüşümüzü formalaşdırır,  natiq kimi səlis danışmağımıza kömək edir, bədən necə fiziki idman hərəkətləri ilə güclənirsə, beyində oxumaqla, analitik düşüncə, hadisələri analiz-sintez etməklə inkişaf edir. Ən əsası odur ki, kitablar bizə keçmişlə gələcəyin vəhdətini nizamlayıb, indidə yaşamağı öyrədir. Oxumaq sanki, uzun bir səfərə çıxmaq kimidir. İnsanın balaca dünyasının sərhədlərini genişləndirir və “Mən kiməm?”, “Hardan gəldim?”, “Niyə varam?” və “Hara gedirəm?”  kimi suallara cavablar axtarmağa vadar edir.

“Kitab bilik mənbəyidir”-bu kəlam illərdən süzülüb gəlsə də günümüzdə öz aktuallığını itirmir, bir növü  həyatımızın, təhsilimizin, inkişafımızın şüarına çevrilir.

Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə ötürülməsinə böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev kitaba, kitabxanaya, ümumən mütaliəyə də həmişə böyük dəyər vermişdir. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən dahi rəhbər gənclərə mütaliə etməyi, kitabla həmsöhbət olmağı məsləhət görmüş, həyatda kamil insan kimi yetişməyin, biliklərə yiyələnməyin yeganə yolunun məhz bundan keçdiyini söyləmişdir.

Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunmasını günün ən vacib məsələlərindən sayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımız tərəfindən yekdilliklə dövlət başçısı kimi verdiyi ilk sərəncamlarından biri məhz kitabla bağlı idi. Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə misli görünməmiş bir layihə həyata keçirilməyə başladı. Məhz cənab prezident İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixdə  imzaladığı sərəncam həyata keçirilən layihənin davamı idi.

Heydər Əliyev ideyalarının uğurla davam etdirildiyi Nuh yurdu qədim Naxçıvanımızda 28.08.2017-ci il tarixdə daha bir yaddaqalan addım atıldı. Bu addım Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi ilə bağlı sərəncamın imzalanması oldu. Uşaqlıqdan kitabları sevən bir şəxs kimi gənclərin maariflənməsi, düzgün formalaşması, mütaliə vərdişlərinə yiyələnməsi istiqamətində imzalanmış bu sərəncamın 28 avqust tarixinə təsadüf etməsi məni bəlkə də hamıdan  çox sevindirdi. Çünki bu tarix doğum günüm idi və həmin gün bütünlüklə Naxçıvan gənclərinə və mənə verilə biləcək ən gözəl hədiyyə xüsusi olaraq seçilmiş 31 möhtəşəm  kitab oldu.

 “Əsərlər yazıçıların övladlarıdır” deyirlər. Hər hansı yazıçını, şairi tanımaq itəyirsənsə onun yazıb-yaratdıqlarını oxu. Mən (yəqin bir çoxları kimi)  həmişə ətrafımda öz əməli, həyat tərzi, dünyagörüşü ilə nümunə olan insanlardan  oxumaq üçün kitablar məsləhət görmələrini xahiş edirəm. Beləliklə, həmin insanları özlərinin ya da başqalarının dili ilə yox, kitabların dili ilə tanımağa çalışır, məqsədlərini və onlara çatmağın yollarını öyrənirəm. Bəzən deyirlər ki, bəlkə də, ağıllı, savadlı olmaq üçün 10 kitab oxumaq kifayət edər, amma həmin kitabları tapmaq üçün isə  minlərlə kitab oxumaq lazımdır.

Dili yoxdur, o danışır,

Hər bir şeydən xəbər verir.

Ata kimi sənə bəzən,

Kitab doğru yol göstərir.

Haradasa bir yerdə oxumuşdum  ki, bir insana kitab satdığın zaman ona yalnız yarım kilo mürəkkəb və kağız satmış olmursan. Əslində, tamamilə yeni bir həyat, sevgi, dostluq və gələcəyin dənizində üzən gəmilər bəxş  etmiş olursan. Axı hər qapı öz arxasında tam fərqli bir aləm saxlayır və o aləmə açılırsa, kitablar da içində ümmanlar gizlədən və oraya  açılan bir qapıdır.

Siyahının mənə tanıtdığı bütün kitablar  bənzərsiz və sanki hər biri bir abidədir. Onlardan öyrənməli olduqlarımız hələ çox məqamlar var.

Bu il  müxtəlif janrlarda yerli və xarici ədəbiyyatdan 55 kitab oxumuşam.  Növbəti  hədəfim “Oxunması zəruri olan kitabların siyahısı”ndan oxumadığım kitablar daxil olmaqla bu sayı  100-ə çatdırmaqdır. Rəqəmləri qeyd etməkdə məqsədim öyünmək deyil. Əminəm ki, məndən daha çox oxuyan insanlar var. Bunların içərisində gənclər, həmyaşıdlarım, müəllimlər, elm adamları və tanımadığım daha nə qədər.  Mənim əsas məqsədim bütün bu insanların bir araya toplaşaraq oxuduqlarını bölüşməsi, fikir mübadiləsi etməsi, bu kitablarla tanış olmayanlara kitablar haqqında məlumat verməsi, daha geniş oxucu kütləsinə tövsiyə edilməsi üçün real və ya virtual qurumların yaradılmasıdır. Doğrusu bu istiqamətdə edə biləcəyimiz  bir çox şey var.

Yuxarıda da qeyd etdiyim kimi, əsas olan nə qədər kitab oxuduğun yox,  hansı kitabları oxuduğundur. Dünyada başqa məqsdələrə xidmət edən yüzlərlə, minlərlə kitab var və həmişə olacaqdır. Mən əminəm ki, siyahıdakı kitabların sayı 31-dən qat-qat çox ola bilərdi və çoxdur da. Kitabları oxuduqca görürəm ki, xüsusilə seçilmiş bu kitabların ortaq məqsədi gənc nəsildə elmi və mədəni inkişafa maraq, yüksək əxlaqi keyfiyyətlər, milli-mənəvi zənginlik, vətənpərvərlik, torpağa, doğma yurda sevgi, bağlılıq, inam  duyğuları aşılamaqdan ibarətdir. Bu il Naxçıvanımızın “Gənclər paytaxtı” seçilməsi Naxçıvan gənclərinin öhdəliklərini bir az daha artırır. Biz gənclərin borcu isə istifadə etdiyimiz sosial şəbəkələrdə, internetdə siyahıda yer alan, doğma tariximizdən, ədəbiyyatımızdan bəhs edən bu  kitabları təbliğ etmək, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlı gənclərə, eləcə də xarici ölkə vətəndaşlarına da şanlı  tariximizi, zəngin ədəbi-irsimizi, milli soy kökümüzü tanıtdırmaqdır.

Əziz gənclər, gəlin bizim üçün yaradılan bütün şəraitdən, göstərilən diqqət və qayğıdan düzgün istifadə edək və  ilk növbədə  çoxlu  kitablar oxuyaq. Necə deyərlər, Sözə sahib olaq! Çünki müəllimimiz böyük ədib Cəlil Məmmədquluzadə deyirdi ki,“Dünyada hər  bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır ”.

Nazəni RÜSTƏMLİ

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: