Hərbi liseyin kursantları: "Sevinirik ki, torpaqlarımız azad edilir və biz o torpaqlarda xidmət edəcəyik" - FOTOLAR

A- A A+

Vətəndaş olmasa, boş şeydir Vətən
Beş günlük, on günlük güney qarıdır.
“Vətən” məfhumunun arxasındakı
Vətənin vüqarlı oğullarıdır.

Vətən onun təəssübünü çəkən, uğrunda can əsirgəməyən oğullarının çiynində yüksəlir, pərvəriş tapır. Vətən onu sevən, qoruyan vətəndaşlarının sayəsində qorunur, inkişaf edir. Zamanla biz Vətənin taleyinə biganə olanların yarıtmaz fəaliyyətinin acı nəticələri ilə üzləşmişik, vətən sevdalılarının fəaliyyətinin gerçək və xoş nəticələri ilə də. Nahaq yerə atalarımız  “Elin gözü tərəzidir” deməyiblər. Xalqın xahişi və təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizi yeni qazanmış müstəqilliyini itirmək təhlükəsindən xilas edib, təhlükəsizliyi təmin olunubdur. Dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində qısa zaman kəsiyində bütün sahələri əhatə edən inkişaf təhsil sahəsinə də öz təsirini göstərib, bilikli, vətənpərvər kadrların yetişdirilməsi ölkənin gələcək inkişafının təməl prinsipləri kimi qəbul edilibdir. Ələlxüsus da hərbi təhsilin ön plana çəkilməsi, diqqətdə saxlanılması prioritet məsələ kimi bu gün də gündəmdədir. Ölkəmizdə yenə də ulu öndərin böyük uzaqgörənliyi ilə əsası hələ 70-ci illərdə qoyulan hərbi təhsil sistemi müstəqillik illərində ordu quruculuğunda baza rolunu oynayıb, yeni qurulan milli ordumuz hərbi məktəbin məzunları-peşəkar, savadlı zabit kadrları ilə komplektləşdirilibdir. Nəticədə günü-gündən gücünü, nüfuzunu artıran Azərbaycan ordusu sıralarına qatılmaq istəyən gənclərin sayı artıb, hərbi təhsilə böyük maraq oyanıbdır.  Azərbaycan ordusunun peşəkar hərbi kadrlara olan tələbatını mükəmməl ödəmək, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədilə ulu öndər Heydər Əliyevin 13 mart 1998-ci il tarixli “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında” sərəncamının əhəmiyyətinin böyüklüyü illər sonra özünü göstərəcəkdi. 2004-cü ildən ölkə başçısının sərəncamı ilə müstəqil lisey kimi fəaliyyətə başlayan və yaradıcısı ulu öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağı bu gün yüzlərlə vətənpərvər gənci öz ətrafında birləşdirir. 2019-2020-ci tədris ilində 20-ci buraxılışını yola salan liseyi bu günə qədər 3300-dən artıq kursant bitirərək ali hərbi məktəblərə qəbul olub. Azərbaycan Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Və bu gün işğal olunmuş torpaqlarımızın alınmasında rəşadət göstərən peşəkar zabit heyətinin sırasında bu liseyin məzunlarının da olması qürurvericidir. İlk addımlarını Naxçıvan Hərbi liseyində atan və hərb peşəsinin sirlərinə bələd olaraq Vətənə xidməti öz həyat amallarına çevirən zabitlər sırasında şəhidlik məqamına qovuşanlar da var. Hələ illər əvvəl liseydə kursantlarla görüşən ulu öndər Heydər Əliyev demişdir: “Mən inanıram ki, burada əla qiymətlərlə oxumağa çalışacaqsınız. Fiziki cəhətdən özünüzü möhkəmləndirəcəksiniz. Ali hərbi məktəblərə girmək üçün lazımi bilik toplaya biləcək və gələcəkdə Azərbaycanın dəyərli zabitləri olacaqsınız, ordumuzda xidmət edib Azərbaycanın müdafiəsində öz xidmətlərinizi göstərəcəksiniz. Ən əsası isə Azərbaycanın zəbt olunmuş torpaqlarının erməni işğalçılarından azad edilməsi üçün daha güclü zabit heyətimiz olacaqdır”. 

Zamanında yetişdirilən o güclü zabit heyətinin hünəridir bugünkü zəfərimiz. “Hər bir peşə şərəflidir, hər bir peşə sahibi öz fəaliyyəti ilə bu Vətənə xidmət edir. Lakin hərb peşəsi birbaşa Vətəni qorumaq, onun müdafiəsində dayanmaq deməkdir”,-deyir kursant Telman Məmmədov. “Bu torpaqda yaşayırıqsa, hamının borcudur Vətəni qorumaq, əsasən də bu şərəfli vəzifə hərbçilərin üzərinə düşür. Televiziyadan, mətbuatdan gündəlik xəbərləri izləyirik. Ordumuzun qalibiyyəti ilə qürur duyuruq. Və bir daha əmin oluram ki, bu peşəni seçməkdə heç də səhv etməmişəm. Biz ölkəmizin ərazi bütövlüyünün qorunması yolunda xidmət göstərəcəyik. Bunu düşünmək belə insana qürur verir. Böyük qardaşım Fərid Məmmədov da bu peşəni seçib. Hazırda Azərbaycan Ali Hərbi məktəbinin I kursunda təhsil alır. I kursu əla qiymətlərlə başa vurmuşam. II kursu da əlaçı bitirmək üçün çalışıram”.

Liseydə müxtəlif bölgələrdən olan kursantları bir amal birləşdirir: Vətən sevgisi, hərb peşəsinə olan vurğunluq. Kursant Paşa Rzayevin də Şərurun Həmzəli kəndindən liseyə yolunu məhz bu sevgi salıb.  Seçdiyi peşə ilə öyünən Paşa deyir ki, əsl hərbçi bilikli və güclü olmalıdır. Liseydə yaradılan yüksək tədris şəraiti imkan verir ki, biz dərslərimizə yaxşı çalışaq.

Liseyin II kursunda oxuyan Mirzə Əliyev isə Babək rayonunun Kültəpə kəndindəndir. Uşaqlıqdan bu sahəyə olan həvəsi indi onun əyninə forma geyinib kursant adını daşımaq məramına çatdırıb. Deyir ki, əsas məqsədim peşəkar zabit kimi xidmət etməkdir. Peşəkarlığın yolu isə yaxşı oxumaqdan, biliklərə yiyələnməkdən, fiziki cəhətdən güclənməkdən keçir.

 Atalarının yolunu davam etdirən oğullar                    

1990-cı illərin hadisələri, torpaqlarımızın işğala məruz qalması o dövrdə əksər gənclərin diqqətini hərbiyə yönəltdi.   Silaha sarılıb Vətənin müdafiəsində dayanmaq, torpaqlarımızdan düşmənin ayağını kəsmək, şəhidlərin qisası yerdə qalmasın deyə hərb peşəsini həyat amalına çevirənlər çox oldu. Bir sözlə, hadisələr özü hərb peşəsini, hərbi təhsilin vacibliyini gündəmə gətirdi və nəticə gözlənilən oldu. Vətənpərvər oğullar bu yolda səfərbər oldular. Kimisi hərbi təhsilə, kimisi xidmətə yollandı. Hər kəsin qəlbində böyük bir inam vardı: Biz torpaqlarımızı gec-tez azad edəcəyik. Bu inamı, Vətənə olan sevgilərini öz övladlarına ötürən ataların yolunu davam edir indi oğullar. Necə deyərlər, ot kökü üstə bitər.

Ordubadın Aza kəndindən olan Ülvi Hüseynovun atası Habil Hüseynov da hərbçi olub. Hazırda təqaüddədir. “Bəzən gecəyarısına qədər gözləyirdim atamı. Onu hərbi formada görmək məni çox sevindirirdi. Seçdiyi peşəsi ilə qürurlanırdım. Hərb peşəsi şərəflidir. Elə o vaxtdan da bu qənaətə gəldim ki, atam kimi hərbçi olacağam. Azərbaycan ordusu yenilməzdir. Mən də gələcəkdə bu ordu sıralarında xidmət edəcəyim üçün özümlə fəxr edirəm”.

Elvin Quluzadə Sumqayıtda doğulub. 9 ildir ki, Naxçıvanda yaşayırlar. “Atam hərbçidir. Həm atamın yolunu davam etdirmək üçün, həm də şərəfli peşə olduğu üçün bu yolu seçdim. Vətənə xidmət etmək amalı məni liseyə gətirdi. Seçimimdən peşman deyiləm. Ordumuzun gücü, qüdrəti, qazandığı qələbələr bizi daha da ruhlandırır. Sevinirik ki, torpaqlarımız azad olunur və biz o torpaqlarda xidmət edəcəyik”

Culfa şəhərindən olan Hüseynli Hüseynin həm babası, həm də atası hərbçi olub. “Atam seçimimə hörmətlə yanaşdı, şərəfli peşə olduğunu dedi. Atam Rüstəm Hüseynov Aprel döyüşlərinin iştirakçısı olub. O, həm də mənim fəxrimdir. Atamın yolunu davam edəcəyəm. Bura orta məktəbdən çox fərqlənir. Müəllim və zabit heyəti bizə qayğı ilə yanaşır. Üzərimizdə əməkləri var. Özüm də dərslərimə çalışmaqla yanaşı, həm də boksla məşğul oluram. Ötən il muxtar respublika üzrə keçirilən yarışda III yerin qalibi olmuşam. Burada idman dərslərinə xüsusi önəm verilir”,-deyir Hüseyn Hüseynli.  Hüseynə görə əsl hərbçi nizam-intizamlı, vətənini sevən, onu qanının son damlasına qədər qoruyan, Azərbaycan bayrağını həmişə ucalarda dalğalandırandır: “İllərlə həsrətində olduğumuz torpaqlarımız azad olunur, qürur duyuruq.  90-cı illərdə vahid ordu yox idi deyə torpaqlarımız işğala məruz qaldı.  İndi Azərbaycan ordusunun gücü qarşısında məğlub olan düşmən artıq geri çəkilir. İşğaldan azad olunan torpaqlarımızda  bayrağımızın dalğalandırılması ordumuzun yenilməzliyini göstərir. Biz də qalib bir ordunun sıralarında xidmət edəcəyimiz üçün qürurluyuq”.

Elgün Hüseynov isə  Gəncədəndir. Bu peşəni seçməkdə atasının böyük rolu olduğunu deyir Elgün Hüseynov: “Atamın formasına baxdıqca qürurlanırdım. İndi həm də özüm bu peşəni seçdiyim üçün qürurlanıram. Liseydə yaradılan şərait bizi daha yaxşı oxumağa, xarici dil biliklərinə yiyələnməyə sövq edir.  Mütaliəni sevirəm, amma daha çox kompüter bilikləri üzrə kitabları oxuyuram. Özümü bu sahə üzrə daha da formalaşdırmaq istəyirəm”. Elgün də kursant yoldaşları kimi gündəlik hadisələri izləyir: “Fəxr edirəm ölkəmlə. Xalqımız ordu ilə bir olduğunu nümayiş etdirdi. Bu bizi bir gənc olaraq daha çox sevindirir. Böyük həyəcanla qələbə xəbərini gözləyirik”.

 Biz qalib gələcəyik

Sənan Sadiqov Şərur rayonunun Danyeri kəndindəndir. Hələ 4-cü sinifdə oxuyarkən qonşusunun əynində gördüyü  hərbi formaya vurulub. Böyüdükcə, formanın mahiyyətini başa düşdükcə, qarşısına məqsəd qoyub: Mən də hərbçi olacağam. “Liseyə qəbul olmaq ən böyük arzum idi, əks halda özümü bağışlamazdım”,-deyir Sənan Sadiqov. Bax budur Vətən məhəbbəti, onu qorumaq, müdafiəsində durmaq eşqi. Bu elə bir eşqdir ki, heç bir sərhəd, heç bir əngəl tanımır. Biz elə olmalıyıq ki, bizdən sonra gələnlər üçün örnək olaq, deyir 17 yaşlı gənc. Nə gözəl arzudur, nə gözəl düşüncədir...

Gündəlik hadisələrdən xəbərdar olan Sənan Sadiqov ordumuzun gücü və vətənpərvərliyi ilə öyünür. Deyir bu güc, zabit və əsgərlərimizin vətənpərvərliyi torpaqlarımızdan düşmənin murdar ayağını kəsəcəkdir.

Sənan Sadiqov: “Döyüş bayrağını qoyub qaçması düşmənin zəif mövqeyini göstərir. Əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən əslində öz acizliyini nümayiş etdirdi.  Ali baş Komandanımızın qətiyyətli mövqeyi, bu günə qədər ordumuzun əldə etdiyi uğurlar əsas verir deyək ki, biz qalib gələcəyik”!

Bəli, kursant Sadiqov, biz qalib gələcəyik. Prezident İlham Əliyevin xalqa müraciətində də deyildiyi kimi, bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: