Ordumuzun ruhu mənsub olduğu xalqın ruhudur. Xalqımızın ruhu isə ən ağır və ümidsiz günlərdə belə nikbin olub. İndiki dövrdə ordumuzun qələbələri məhz bu nikbinliklə bağlıdır.
Bu fikirləri AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov NUHÇIXAN İnformasiya Agentliyinə verdiyi müsahibəsində bildirib.
Azərbaycan xalqı nə qədər dözümlü olsa da, heç vaxt haqqının tapdalanmasına imkan vermədiyini ordumuzun timsalında bariz şəkildə gördüyünü deyən alim vurğulayıb ki, Milli Ordumuzun ədaləti, insafı, humanizmi öz xalqına xas olan xüsusiyyətləridir. Belə bir ordunun qalibiyyəti dünya üçün ibrətverici tarixi hadisə olacaqdır. Çünki müharibələrin yazılmış və yazılmamış qanunlarına, həm də insanlıq normalarına əməl etməklə məkrli, faşist əqidəli və amansız düşmənə qalib gəlmək böyük şücaətdir.
Fərman Xəlilov qeyd edib ki, gələcəkdə Milli Ordumuzun əsgərləri haqqında çox deyiləcək, çox yazılacaqdır. Onda hamıya aydın olacaqdır ki, Azərbaycan əsgəri hansı səbrə, hansı təmkinə, hansı ədalətə malik olub, eyni zamanda mənfur düşmənə qalib gəlmək üçün hansı zəfər yollarından keçibdir.
“Bu gün Ordumuz tərəfindən Azərbaycan hərb tarixinin qızıl səhifələri yazılır. Gələcək nəsillər həmin səhifələri vərəqləyərkən böyük qürur hissi keçirəcək, Vətən uğrunda tökülən qanların hədər getmədiyinin şahidi olacaqlar”,-deyə Fond direktoru bildirib.