Ermənilər böyük təşvişdə: “Paşinyan bizi məğlub etdi, indi rədd olmalıdır!” - FOTOLAR
Humanitar atəşkəs Yerevanda və Xankəndidə Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirilir
Vətən müharibəsi göstərdi ki, Azərbaycan cəmiyyətinin vətənpərvərliyi, insanların döyüş əzmi olduqca yüksəkdir. Humanitar məqsədlərlə elan olunan atəşkəsdən sonra Ermənistanda tamamilə fərqli mənzərə müşahidə olunur: insanlar xof və ümidsizlik içindədir, sabaha inamları qalmayıb.
Ermənilər mətbuata açıqlamalarında və sosial şəbəkələrdəki paylaşımlarında Azərbaycan Ordusunun qələbəsindən sonra vahiməyə düşdüklərini gizlətmir, bununla əlaqədar baş nazir Paşinyanı günahlandırırlar. Onlar Azərbaycanın qalib mövqedə olduğunu, Dağlıq Qarabağı tezliklə geri alacağını etiraf edirlər.
Mediada və sosial şəbəkələrdə şənbə və bazar günləri erməni istifadəçiləri tərəfindən yer alan maraqlı status və şərhlərdən bəzilərini diqqətinizə çatdırırıq.
"Bilmirik ki, sabaha sağ çıxacağıq, ya yox”
"4rd.am” saytının Qarabağa ezam olunmuş xüsusi müxbiri yazır ki, Xankəndidə əhalinin əsəbləri mövcud çətinliklərə dözmür. Heç də hər kəsin Ermənistana və ya xaricə getmək üçün maliyyə imkanı yoxdur. Ona görə də könüllü surətdə taleyi ilə barışanların sayı çoxalır. Vurğulanır ki, Ermənistandakı bütün bu bəlaların kökündə isə mövcud rejimin fəaliyyətsizliyi dayanır.
Sayt Xankəndidə qalan azsaylı sakinlər arasında sosioloji sorğu da keçirib. "Qarabağda gedən döyüşlərin Ermənistan üçün ziyanı nə ola bilər və ya humanitar atəşkəs rejimini necə qiymətləndirirsiniz” sorğusunda Samvel Baqdasaryanın cavabı daha çox diqqət çəkib, sosial şəbəkələrdə bəyənmə toplayıb: "Zirzəmilərdə yatmaqdan artıq xəstəlik tapmışıq. Hər gün şəhərin sakinləri azalmaqdadır. Bilmirik ki, sabaha sağ çıxacağıq, ya yox. Azərbaycanla Ermənistanı müqayisə etmək düzgün olmazdı. ABŞ, Avropa İlham Əliyevdən neft, qaz istəyir. İlham Əliyev də onlara neft, qaz verir. Bəs, Azərbaycan rəhbəri onlardan nə istəyir: yalnız Qarabağı. Belə çıxır ki, onlar da İlham Əliyevə artıq borclu qalmırlar. Azərbaycan Prezidentinin dediyi ilə oturub-dururlar. Əlvida, Qarabağ”.
"Hədəf Yerevandır...”
"İravunk” qəzeti Xankəndidən hazırladığı reportajda şəhərin getdikcə ağır vəziyyətə düşdüyünü yazır. Raffi Oskanyan adlı tarixçi müəllimlə həmsöhbət olan müxbir davam edən müharibəyə və humanitar atəşkəs rejiminə münasibət bildirib: "Bu gün dünya Azərbaycanın haqlı mövqeyindən danışır. Bütün dünya Paşinyanın çıxışından yox, İlham Əliyevdən danışır. Görəsən, bizim nə vaxt normal bir rəhbərimiz olacaq? İtirilən ərazilərin hesabatını kim verəcək? İlham Əliyev indiyəcən sülhdən danışa-danışa artıq Qarabağı bizdən geri almağa başlayıb. İndi isə açıq şəkildə müharibə davam edir, çox sərt danışırsa, demək, onun hədəfi Yerevandır.
Bu gedişlə İlham Əliyevin Xankəndidə, paytaxt Yerevanda qarşısına çıxacaq bir adam tapılmayacaq. Mən özüm də daxil olmaqla on minlərlə insan Qarabağı tərk etməkdədir”.
"Dörd il əvvəlki kabusu Xankəndi yenidən yaşayır”
"Joxovurd” qəzeti yazır ki, cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən narazılıq edir. Artıq ermənilər davam edən döyüşlərdən sonra həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar.
Xankəndidə yaşayan Anna Stepanyan adlı sakinin "Nə vaxta qədər belə davam edəcək? Uşaqlarımız boş yerə həlak olur” fikirlərinin yer aldığı məqalədə iki dövlət başçısının müqayisəsi aparılır və sosial şəbəkələrdə daha çox müzakirə olunur. Vurğulanır ki, İlham Əliyevin Azərbaycan üçün nələr etdiyi göz qabağındadır. Ermənistan rəhbərliyi isə yalnız öz maraqlarını güdür, onlar üçün dövlətin və xalqın mənafeləri yoxdur: "Dörd il əvvəl yaşanılan kabusu Xankəndi, Qarabağ yenidən yaşayır. Paşinyan sevinir ki, nə yaxşı atəşkəs rejimi oldu. Son 10 gün ərzində itirilən torpaqlardan, məğlubiyyətdən sonra Paşinyan, hansı üzlə xalqın qarşısına çıxır? Bəs sabah Azərbaycan əsgəri Yerevana girsə, nə edəcəyik?”
"Paşinyan Qarabağ məsələsində xalqı aldatdı”
Samvel Qriqoryan adlı istifadəçi isə "Twitter”də yazır: "Paşinyanın rəhbərliyi altında indiyədək Ermənistan hər sahədə məğlub olub, vətəndaşlarımız vətənlərindən qaçırlar. Onun rəhbərliyi altında bizi parlaq gələcək yox, tam məhvolma gözləyir. Paşinyan bizi məğlub etdi. İndi rədd olmalıdır!”.
Edqar Qasparyan adlı biri "Facebook”da hakim "Mənim addımım” blokundan olan istifadəçilərin daha çox rəy bildirdiyi qrupda maraqlı bir şərhlə diqqət çəkib və bununla da onların kəskin tənqidi ilə üzləşib. O yazıb: "İki gündür statuslarınıza baxıram, atəşkəs rejiminə sevinirsiniz. Bu qədər yalana heç özünüzün də inanmadığınızı düşünürəm (gülüş işarəsi). Gəlin həqiqəti danmayaq. Azərbaycan davam edən müharibədə neçə rayonu bizdən aldı. Paşinyanın Qarabağ məsələsində xalqı aldatmaq cəhdi isə günlər ötdükcə daha da iflasa uğramaqdadır. İlham Əliyev orduya milyardlarla dollar vəsait ayırır. Bizdəki hakimiyyət isə dövləti talamaqla ancaq cibini doldurur”.
Sonda Xarput Mxıtaryan adlı istifadəçinin "Facebook”da paylaşdığı statusu vurğulamaq yerinə düşərdi: "Paşinyan son iki ildə Ermənistanı məhv edib. Satılmayan torpaq, zavod, obyekt qalmayıb. O hər dəfə Rusiyaya, Avropaya, xaricə gedəndə qorxuram ki, Yerevana qayıtmaya, çünki burda daha gəlir qazanacağı bir şey qalmayıb. Əziz atəşkəs rejiminə sevinən ermənilər, mənə gülməyin. Bir gün bu xəbərlə sabahımız açıla bilər: Paşinyan Ermənistandan qaçdı! Yəqin, axşamın da xəbəri belə olacaq: Azərbaycan əsgəri sərhədi keçib Yerevana doğru yürüyür”.
Əlavə şərhə ehtiyac yoxdur...
Elçin Cəfərov
"Azərbaycan”