Uşaqlığım müharibə dövrünə düşüb. Uşaqlıq şəkillərim də müharibə xatirələri ilə doludur...
Müharibənin nə olduğunu bir az da o zaman çəkilən şəkillərdən başa düşürdüm. Hərbi formada olan atamın qucağında, ya da ikinci dəfə Qarabağdan Bakıya yaralı halda hospitala gətirilən dayımın yanında olan şəkillərimdən... Mənim kimi uşaqlığı oğurlanmış minlərlə qarabağlı uşaq torpaq, yurd həsrəti çəkə - çəkə böyüdü. Yurdumuz, elimiz, evimiz bizim uşaq gülüşlərimizdən, uşaq sevinclərimizdən, səsləmədiyim “ata” sözündən, yaşaya bilmədiyim atalı xatirələrimdən məhrum qaldı...
Əsir düşən Cəbrayılım...
Mən 3 aylıq olanda anamgil Cəbrayıldan çıxıb. Ancaq Cəbrayılın sözü də əskik olmaz ev-eşikdən. Anam, nənəm, bibim- ürəyində yurd həsrəti olan hamı danışar o günlərdən... Bibim hospitalda işləyib. O günlərdən ağlaya-ağlaya danışar. Hansı hadisədən danışır danışsın, bir şeyi həmişə deyirdi: “Yaralı əsgərləri xəstəxanada saxlaya bilmirdik, sağalmamış bir də qaçırdılar cəbhəyə”. Dayım kimi... Anam biz çörəyi tək əllə kəsəndə hirslənərdi. Deyirdi: “Allah sizə iki əl verib, niyə bir əlinizlə kəsirsiz çörəyi? Allah o biri əlinizi alar.” Mən də o vaxt elə bilirdim ki, dayım da çörəyi tək əllə kəsdiyi üçün Allah o biri əlini alıb.
Anam Cəbrayıldan necə çıxdığımızı tez-tez danışar. Deyir ki, hər mərmi düşəndə körpə olduğun üçün diksinirdin, deyirdik yəqin o biri mərmi bizim evə düşər, amma yenə də heç kim getmirdi. Necə gedə bilərdik axı, torpağı, yurdu qoyub qaçmaqmı olardı? Sonuncu gün dedilər ki, artıq təhlükəlidir, qadın və uşaqları, bir də qocaları çıxartdılar kənddən. Süleymanlı kəndindən...
Bu gün azad olunmuş Süleymanlının kadrlarını qürurla izləyəndə hakim ola bilmədiyim gözyaşlarım süzülürdü yanağımdan sakitcə. Kirpiklərim hər qırpılanda yol görünürdü gözyaşlarıma. İçimdən bir səs “dayan, gözlərim, dolma bulud kimi, qoy rahatca baxım kəndimə” deyirdi, bir səs də “saxlama onları, qələbə sevincidir, qoy islatsın yanağını” deyirdi. Beləcə dəfələrlə baxdım o kadrlara. Və bir anlıq fikirləşdim, Süleymanlı ilə bağlı heç bir xatirəm yoxdur, tanımadığım yerlərdi, kimsəsiz, uçuq evlər. Niyə bu kadrlar mənə bu qədər təsir edir? Cavab sadədir - VƏTƏN SEVGİSİ, YURD HƏSRƏTİ. O quru torpaqdan, uçuq evlərdən ötrü canımız fəda.
Mən Cəbrayıldanam deyəndə səsimin titrəməsi, insanlar “Yadına gəlir oralar?” deyə soruşanda içimdəki məyusluq indi yerini qürura, məğrurluğa verib. “Nigar, kəndiniz azad olub. Nigar, kəndinizin görüntüləri yayımlanıb.” müjdələrinin qüruru. Bəli, mən cəbrayıllıyam. 29 ildən sonra həsrəti vüsala yetişən cəbrayıllı.
Naxçıvana aparan Cəbrayıl yolu...
Cəbrayılı ilk dəfə uzaqdan da olsa 2015-ci ildə Xudafərinin bu tayından boylananda görmüşdüm.
İlk dəfə idi, Bakıdan Naxçıvana avtomobillə gedəcəkdim. Anam deyirdi ki, Xudafərin körpüsünün yanından keçəndə Cəbrayılı görəcəksən. Bu fikir ağlımdan bir dəqiqə olsun çıxmırdı. Uzun yoldu, bilənlər bilir, yuxulamışam, birdən “Xudafərindi, bax” səsinə diksindim. Baxdım, irəlidə tarixin yorğunluğu üzərinə çökmüş Xudafərin görünür. Gözümü çəkə bilmirdim yoldan. Körpünün o tayında isə uçulub dağılmış evlər - anamın dediyi Cəbrayıl görünürdü. Tez maşının pəncərəsindən bulanıq da olsa bir şəkil çəkdim. Günlərlə o şəkilə baxdım, hətta universitetdə diplom işimi də bu şəkilin üzərində qurmuşdum.
2020-ci il. Həftənin bazar günü...
Xəbərləri izləyirəm. Birdən aparıcı həyəcanla dedi: “Əziz tamaşaçılarımız, indicə aldığımız məlumata görə, Cəbrayıl düşməndən azad olundu”. Şair demiş, dəli bir ağlamaq keçdi qəlbimdən. İllərin həsrəti bitir. Bu necə sevincdir axı, nə cür sevinməkdir. Əllərim titrəyir, ürəyimin döyüntüləri qulağımı batırır. Qələbə sevinci bu imiş məgər, Vətən həsrəti bu imiş məgər...
...Və AZAD SÜLEYMANLI
Apardığımız Vətən müharibəsi düşmənə də, bütün dünyaya da bizim birliyimizi göstərdi. Döyüşdən qaçmasın deyə ayağından zəncirlənən erməni əsgərindən fərqli olaraq, bizim döyüşə getmək üçün cəbhəyə axışan igidlərimiz var. 90-cı illərdə döyüşməyə silahı belə olmayan ordu əvəzinə, bu gün həm silah-sursat, həm də ərzaq təminatı tam olan ordumuz var. İndi həm siyasi arenada, həm də cəbhədə öz sözünü deyən güclü Azərbaycan var. O Azərbaycanın qarşısında isə Paşinyan kimi dili söz tutmayan “siyasətçi”si, ordusunda döyüşəndən çox fərarisi olan bir dövlət var.
Və bizi məğlub edilməz edən əsas məqam - Dövlət -Xalq Birliyi. Bu xalq da, dövlət də illərdir bu günü gözləyirdi. Artıq səbrimiz tükənib. Məqsədimizə- qələbəmizə çatana qədər də haqlı mübarizəmiz davam edəcək. Dövlət xalqın, xalq da dövlətinin arxasındadır. Elə son günlər gördüyümüz, oxuduğumuz xəbərlər qürurlanmağımıza bəsdir- kimi evində bayraq tikib paylayır, kimi cəbhəyə gedən yolda ocaq qurub yemək bişirir əsgərlərimizə. Hələ ötən gün təqaüdünü əsgərlərimizə göndərən Hikmət babanı görəndə dedim ki, bu xalqda bu məğrurluq, bu vətən sevgisi varkən qələbə bizim olacaq.
Yaşasın, bizə qələbə sevinci yaşadan Şanlı Ordum. Yaşasın, igid əsgərim! Qələbə bizimdir, Qarabağ bizimdir. Bunu bütün dünyaya sübut edirik. İndi qorxun bizdən, bu xalqdan, bu ordudan, qorxun!
Sənsə, mənfur düşmən, rədd ol, torpağımdan. Çünki igidlərimizin “itlər”dən təmizlədiyi torpaqlara BİZ gəlirik. Əsil Qarabağ xanımları... Gəlirik güllələr yağdırdığınız torpaqlarımıza güllər əkməyə. Gəlirik tanklar keçən torpağımızdan taxıl biçməyə. Gəlirik söndürdüyünüz ocaqlarımızı yandırmağa. İndi biz Cəbrayıldakı evimizin həyətində lavaş bişirmək istəyirik, mətbəxdən də dolmanın ətri yayılsın həyətə. Hə dolma, lavaş demişkən bir vaxtlar deyirdiniz onlar da sizindi, hələ də sübut axtarırsınız? Nə deyək? Biz Kəlbəcərin meydanında “Köçəri yallısı”yla qələbələrimizi qeyd edək, siz də “axtarışda” olun...
Qarabağ, gözlə bizi, az qaldı, lap az...
Nigar Məmmədli
Naxçıvan Dövlət Radiosunun baş redaktoru