Qarabağ ədəbiyyatımızda…

Qarabağ haqqında yazılan əsərlər Qarabağın deyil, ədəbiyyatın fəthidir.

A- A A+

Hər hansı bir yazıçı yaxud şair üçün bütün mövzular doğmadır. Hər bir mövzu yaradıcı insanın ürəyini riqqətə gətirir, ruhunu titrədir. Təbii ki, yazıb-yaratmaq asan məsələ deyil. Ürəyindən keçən hər hansı bir əsəri yazıb başa çatdırmaq üçün əziyyətlərə qatlaşmalısan. Obrazlı desək, uğurlara gedən yol əziyyətlərdən keçir. Yazıçıların çəkdiyi bütün əzabları görən tanınmış fransız yazıçısı Jül Renar “Ədəbiyyat – kəl əməyidir” – deyib.

Azərbaycan ədəbiyyatı formalaşdığı gündən bütün mövzulara hakim kəsilmiş, yeni-yeni mövzular yaradaraq, söz ümmanına damla-damla sözlər qatmışdır. Azərbaycan ədəbiyyatında rast gəlinən mövzulardan biri müharibə mövzusudur. Hələ klassik ədəbiyyatımıza nəzər salsaq, görərik ki, dahi Nizami, Nəsimi, Xətai kimi söz klassikləri şahları müharibədən çəkindirmiş, insanları sülhə, əmin-amanlığa səsləmişdir. 

Azərbaycan ədəbiyyatında müharibə mövzusu ən çox böyük Vətən müharibəsi illərini əhatə edir.  Müharibə illərində  Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm, Rəsul Rza müharibə haqqında, o cümlədən əsgərlərimizin igidliyindən bəhs edən şeirlər yazırdılar. Həm döyüş gedirdi, həm də döyüş haqda əsərlər yazılırdı. Faşizmlə həm silahla, həm də sözlə mübarizə aparılırdı. Ədəbiyyat adamları, incəsənət ustaları cəbhə və döyüş bölgələrində olur, əsgərlərin qarşısında çıxışlar edirdilər. Müharibədən sonrakı nəsil isə məhz müharibə dəhşətini, müharibə alovlarını elə bu əsərlərdən, çəkilən filmlərdən öyrənirdilər. Bir sözlə, böyük Vətən müharibəsi illərində ədəbiyyatımızda belə müharibə getdiyi kimi, müharibədə də ədəbiyyat gedirdi. Amma geriyə yox, qəhrəmanlıq mövzuları ilə irəliyə.

Bəli, irəliyə. Yalnız irəli, Azərbaycan əsgəri. Geriyə haqqımız yoxdur!!!

Bu gün Azərbaycanda müharibə gedir. Azərbaycan haqlı olaraq öz mübarizəsini aparır, doğma torpaqlarını düşmən tapdağından azad edir. Qələbə soraqlı bayrağımızın Şuşada dalğalanması naminə canı və qanı ilə Azərbaycan oğulları cəbhədə yeni, həm də şanlı bir tariximizi yazır. Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağa mətin addımlarla yaxınlaşan Azərbaycan əsgəri xalqın qəhrəmanı olduğu kimi, həm də ədəbiyyatın qəhrəmanı olmalıdır.

Külək ollam, əsərəm mən,

Nəfəsinçün gəzərəm mən,

Sənə qurban kəsərəm mən,

Gecə-gündüz yeri səngər,

Vətənin qeyrətini qoruyan əsgər.

Bu gün hamılıqla ayağa qalxıb Vətənin qeyrətin qoruyuruq. Namusumuz, şərəfimiz olan Vətənin Qarabağ dərdinə dərman oluruq. Düşməni geri çəkilməyə məcbur edirik. Bəs, ədəbiyyat necə, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlibmi?

Azərbaycan ədəbiyyatında Qarabağ mövzusuna hələ biz ötən əsrin 80-90-cı illərindən rast gəlirik. Düzdür, bu illərdə bu mövzu azlıq təşkil etsə də, barmaqla sayılacaq qədər mükəmməl əsərlər yazılıb. Sonrakı illərdə Qarabağ mövzusu yazıçı və şairlərimizin əsərlərində geniş auditoriya qazanmağa başladı. Son illərdə Qarabağ mövzusunda yazılan əsərlər içərisində Aqil Abbasın “Dolu” romanı, Elxan Elatlının “Cəhənnəmdən gələn səs”, Sabir Əhmədlinin “Ömür urası”, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə” və başqa yazıçı və şairlərimizin əsərləri diqqətə layiqdir. Qarabağ mövzusu həm də poeziyamızda geniş yer alıb. İndi, demək olar ki, bütün şairlərimiz  bu qələbədən zəfər dolu şeirlər yazırlar.

Sinəmdə döyünür bu yerin qəlbi,

Əyilməz dağlara bir də baş əyim.

Vaqifin ürəyi, Üzeyrin qəlbi

Mənim ürəyimdir, mənim taleyim.

Əsməsin hicranın qara yelləri,

Çəkin Qarabağdan qara əlləri!

Qarabağdan qara əlləri çəkdirən və bu əlləri sındıran Azərbaycan ordusu bu günlərdə öz şanlı tarixini yenidən yazır. Ədəbiyyat isə bu zəfərə biganə qalmamalıdır. Odlu-alovlu müharibə içərisində bu gün həm də söz müharibəsi gedir. Söz ümmanı olan ədəbiyyat hələ bizə çox-çox zəfər dolu əsərlər bəxş edəcək. Hüseynbala Mirələmovun “Xəcalət” povesti, Fazil Güneyin “Qara qan” romanı, Salatın Əhmədovanın “Kişilik səngəri” romanları, eləcədə Nüşabə Məmmədlinin “Zəngulə” romanı bu mövzuda ən təsirli ədəbiyyat nümunələridir.

Qarabağın ən böyük əsəri.

Qarabağ mözusunda yazılan əsərlər bəzən yazıçı və şairlərimizin dilindən deyil, qəhrəmanın öz dilindən də yazılır. Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun ailəsinə ünvanladığı son məktubu oxuduqca qəhrəmanlıq hisslərin alovlanır.

“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin”.

Bu qəhrəmanlıq dolu sətirləri isə aprel şəhidimiz Seymur Baxışov ədəbiyyatın zirvəsinə qaldıra bilib.

“Canım anam, bu sənə son məktubumdu... Bu gün içimdə bir hiss vardı, Qarabağ bizi cağırır. Bu hisslə yatdım və yuxuda mələklər şəhid olacağım müjdəsini verdilər. Göy üzündən üzərimə milyonlarla ulduz tökülürdü. Mən çiçək ətirli bir bağçada çox xoşbəxt idim. Röyadan ara-sıra gələn atəş səslərinə ayıldım. Qalxdım və qaranlıqda göy üzünü seyr etdim. Eyni yuxudakı kimi,  ulduzlar sanki üzərimə yağacaqdı. Ah anam, bir düşün. Üçrəngli o gözəl bayrağım heç enərmi, əziz Vətənimin torpağı bölünərmi? Anam, gecənin sakitliyində Vətən torpağının ətrini içimə çəkirəm, çox xoşbəxtəm. Mən zirvəyə doğru gedəcəyimi hiss edirəm! Sən də xoşbəxt ol, üzülmə, arxamca ağlama. Hiss edirəm bir daha görüşməyəcəyik. Mən şəhid olacam, sənsə şəhid anası. Bax, üzülmə. Dünyaya bir daha gəlsəm, yenə torpağım üçün şəhid olaram. Üzülmə, çünkü mən ölmürəm, şəhid oluram. Şəhidlər ölməz demədilərmi? Nə zaman məni istəsən, qoxumu duysan,  dalğalanan bayragımıza bax, torpağa sarıl! Amma ağlama! Vətən üçün ölümə qurban, Vətən üçün bu canın nə dəyəri? Canım anam! Mən şəhid olacağam, amma hər sabah günəş çıxdığında yenidən doğacağam! Mən cənnətdə olacağam, sənin cənnətində, Vətənin cənnətində! Sən haqqını mənə, məni də torpağa halal et!

Düşünürəm ki, Vətənin şanlı tarixini qanları ilə yazan Azərbaycan əsgərindən nümunə çəkdiyimiz son məktublar əslində ədəbiyyatda Qarabağ mövzusunda yazılan ən təsirli, ən sanballı əsərlərdir.

Qarabağ Azərbaycandır. Qarabağ həm də Ədəbiyyatımızdır.

Bu gün Azərbaycan əsgərinin qəhrəmanlığı, haqlı mübarizəmizdəki şanlı zəfər, söz yox ki, bizi Şuşaya aparacaq. Şuşada dalğalanan Azərbaycan bayrağı illərdir ki, həsrətində olduğu yurdundan bütün dünyaya boylanacaq. Bizim üçün dünyanın ən gözəl şəhəri olan Şuşaya neçə-neçə əsərlər yazılacaq.

Cansa can, qansa qan, yetər ki, sən dalğalan deyib Qarabağ adlı evimizə getməyimizə az qalır. Bütün bunlar isə ədəbiyyat adlı söz ümmanını əhatə etməli, ədəbiyyatın zirvəsinə ucalmalıdır!

Mətin Kamal

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: