Yazılan əsərin sonu qələbədir

A- A A+

Hər şey birdən başladı sanki. Gözümüzü yumub açdıq və özümüzü yanıb qovrulduğumuz bir həsrətin son addımlığında gördük. Erməni terroristlərinin növbəti xainliyindən sonra işğal olunmuş torpaqlarımız uğrunda Böyük Vətən Müharibəsi başladı! Bu qorxunc xəbəri sevinclə, göz dolusu ümidlə qarşıladıq. “Qarabağ Azərbaycandır!” nidasıyla azadlıq yürüşünə, qisas savaşına atıldıq. Atıldıq, nə atıldıq. Bir dahinin fikrini xatırladım: “Müharibədə ən əhəmiyyətli şey sürətdir.” Qanımızla vətənin yaralarını sarıyaraq, üçrəngli bayrağımızı dodağı vüsal həsrətindən cadar-cadar olmuş zirvələrə sancaraq sürətlə irəliyə doğru, qorxudan dili tutulan xain düşmənin üzərinə yürüdük.

Danışdın bayraqla Vətən dilində,

İgid ər, hər addım canla yazılır!

Yaşıl çəmənimə, mavi göyümə

Azadlıq nəğməsi qanla yazılır!

Güclərini əllərindən, yalançı başçılarına olan günahkar inamlarını dillərindən aldıq. Hələ arxası var. Daha çox qazanıb, düşməni daha çox itirməyə məcbur edəcəyik. Nə qazandıq, bilirsinizmi? Mənən özümüzə qayıtdıq, dərinliklərə gömdüyümüz küsmüş inamımıza qayıtdıq. Birliyimizə, gücümüzə qayıtdıq. Yaşından, vəzifəsindən, cinsiyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, xalq olaraq bütövləşdik, yumruğumuzu birlikdə düşmənin təpəsinə endirməyi bacardığımızı bir daha sübut elədik. Rəhbər-Xalq-Ordu birliyimiz düşmənin gözünü kəlləsinə çıxartdı. İllərdir içimizdə gizlətdiyimiz mənliyimizin səsini eşitdik: “Bu Mənəm, bu Bizik, bu Azərbaycan xalqıdır”. Öz səsimizi eşitdikcə daha da qürurlandıq, daha da ruhlandıq.  Janna D,arkın  “Bütün qələbələr əvvəlcə insanın zehnində qazanılır.” fikrini bir daha təsdiqlədik. İndi bütün varlığımızın, ruhumuzun qələbədən başqa bir düşüncəsi yoxdur.

Yaranı sarımağa

İgidlərin xoş gəlib,

Səni azad etməyə

 Müqəddəs savaş gəlib!

 

Deyir, geriyə yol yox!-

Ali Baş Komandanım!

Qələbəylə yaşayır

Gəncim, qocam, fidanım!

Müharibə dayanmasın deyə gecə-gündüz Allaha yalvarırıq. Bu torpağın əzəli və əbədi sakinləri olan hər bir qaçqın torpağının azad olunması xəbərini eşidib, sevinməyincə savaş bitməsin, Ali Baş Komandanım! Hər çıxışınız, hər kəlməniz ürəyimizdən tikan çıxarır. Ruhumuzu, varlığımızı inamla doldurur. Müharibədə mənəvi gücün rolu maddi gücdən üç dəfə çoxdur deyirlər. Bu gün bizə mənəvi, yeri gələrsə, hər cür yardıma hazır olan qardaşlarımız, dostlarımız sağ olsun.

Ölkə başçımız tərəfindən verilən son şansı fürsət bilən erməni terrorçuları humanitar atəşkəsi pozmaqla, heç kimdən gizlətmədikləri terrorist, işğalçı əməlləri ilə nəyəsə nail olacaqlarını düşünürlər. Daha bilmirlər ki, biabırçı məğlub sonlarını daha da yaxınlaşdırırlar. Türk sultanı Fatih Sultan Mehmetin bir fikrini  xatırlatmaq yerinə düşər:Müharibəni hər kəslə etmək olar, sülh isə qürurlu insanlarla bağlanır.” Nə gözəl fikirdir!  Otuz ildir sülh məramlı atəşkəsi öz xeyrinə yönləndirib, qara yara kimi torpağımızı zəhərləyən, zəli kimi qanımızı soran düşmənə daha aman verməyəcəyik! Mənliyi olmayan bir xalqla nəinki dost, düşmən belə olmaq çox təhlükəlidir. Deyir, adamın gərək düşməni də mərd olsun. 

Hər şey o qədər sürətlə baş verir ki, ürəyimiz hansı duyğuları yaşayacağını bilmir. Amma azadlıq, qələbə duyğusu hamısını üstələyir. Gün ərzində, hər saat, hər an eşitdiyimiz xəbərlərlə xoşbəxtlik hissini yaşayırıq. Qələbə xəbərlərinə sevinc göz yaşı tökürük. “Vətən!”,- deyib irəli atılan, sinəsini düşmən gülləsinə sipər edən igid, nursifətli oğullarımızın şəhidlik məqamına üzülsək də, qürurla, göz yaşlarımızla alqışlayırıq, qarşılayırıq Onları!

Ayağınız dəyən yeri

Gözyaşımla öpüm, dedim!

Sizə gələn güllələrə

Ürəyimi sipər edim!

Vətəni əmanət etdiyimiz igidlərimiz! Siz də Allaha əmanət olun!

Bu erməni xislətinə nəfəs dərdirmək olmaz! Aldıqları hər nəfəs xainlik, hiyləgərlik, qəddarlıq, açgözlükdür. Məğlub olacaqlarını, döyüşdə özlərini aciz, zəif gördükləri üçün başqa xain yollara əl atırlar. Bir də ki, igid oğullarımız onların ciyərlərini sökə-sökə diz çökdürüblər artıq. Yuxularına Azərbaycan əsgəri girəndə yuxuları qaçan düşmən torpağımızda, gözoxşayan düzlərimizdə, dağlarımızda daha rahat gəzə bilmir. Rəşadətli Azərbaycan ordusunun qorxusu onların içinə işləyib. Evimizə oğurluğa gələnləri düz yuvalarına qədər qovmaq lazımdır! O gün çox yaxındadır! Biz buna əminik! Və bu əminliklə də deyirəm ki, yaraları payızın rənglərinə qarışmış yurd yerlərimdə bir günəş doğulub, Azadlıq günəşi! Bu gün azad edilmiş Murov zirvəsindən, Talış zirvəsindən boylanan günəşin şəfəqləri torpağımızın hər güşəsini aydınladacaq!

Günlərdir bir qığılcım yanır

Ruhumun sol köşəsində...

Alovu üfüqlərdə...

Batmasın günəşim, getməsin məndən...

Ayrılmasın azadlıq şəfəqləri

Vətənimin üzərindən...

Bu doğuluşun batışı yox!!

Uçuşu var, yürüşü var,

şəhid ruhlarına verilmiş sözü,

çağırışı var!

Qanlı, qansız yollarla

İnamla addımlasın,

Zülmətlər sınana qədər!

Düşmənlər yanana qədər!

Zəfər nəğməsinin əlindən tutub,

Ürəyim günəşə dönənə qədər...!

Bu gün ən gözəl igidlik dastanlarını, qələbə nəğmələrini, vətənpərvər şeirləri mərd əsgərlərimiz döyüş meydanında yazır. Və bu yazılan əsərin sonu mütləq və mütləq QƏLƏBƏ olacaq!

                                                                                             Təranə Arifqızı

                                                      Naxçıvan Dövlət Radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: