Cəmiyyətin iqtisadi-mədəni inkişafının və insanların həyat səviyyəsinin daimi olaraq yüksəlmə meyli istehsal olunan məhsul və xidmətlərin keyfiyyətinə nəzarətin də əhəmiyyətini artırır. Zəruri bir institusional fəaliyyət kimi standartlaşma da bu mənada bütün dünyada tarixi təkamül yolu keçərək istər beynəlxalq miqyasda, istərsə də müstəqil ölkəmizdə iqtisadi inkişafın mühüm amillərindən birinə çevrilib. Məhsul və xidmətlərin rəqabətqabiliyyətinin artmasını, insanların sağlamlığının qorunmasını və eləcə də ekoloji problemlərin də uğurlu həllini təmin edən standartlaşma işi nəticəsində müasir istehlakçını həmişə maraqlandıran keyfiyyət, komfort və təhlükəsizlik məsələləri öz həllini tapmış olur.
İstehlakçı hüquqlarının qorunması və əhalinin müasir dünya standartları səviyyəsində məhsul və xidmətlərlə təmini ölkəmizdə həyata keçirilən iqtisadi strategiyanın əsas məqsədlərindən biridir. 14 oktyabr - “Ümumdünya Standartlaşdırma Günü”nün Azərbaycan Respublikasında da qeyd olunması bu sahədə ölkəmizdə keyfiyyətə nəzarət infrastrukturunun davamlı olaraq inkişafı və tənzimlənməsi, standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətin beynəlxalq standartların tələbləri səviyyəsində həyata keçirildiyini ifadə edir. Hazırda ölkəmizdə beynəlxalq standartların tətbiqi ilə bağlı mühüm proqramların qəbulu və icrası, milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, müasir tələblərə uyğun yeni milli standartların tətbiqi prosesləri uğurla icra olunmaqdadır. Dünyada tətbiq olunan standartların tətbiqi və yeni standartların işlənilib hazırlanması məqsədilə həyata keçirilən qarşılıqlı əməkdaşlıq bu mənada ölkəmizin qloballaşma proseslərinə inteqrasiyasını, irimiqyaslı beynəlxalq və regional layihələrə qoşulmasını, “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsullarımızın imicinin də yüksəlməsini formalaşdıran amillərdəndir. Ümumilikdə, standartların uğurlu tətbiqinin iqtisadi inkişafa təsiri ilə bərabər istehsalçı və istehlakçı üçün də konkret faydalarını da qeyd etmək olar. Belə ki, tətbiq olunan müasir standartlar istehsalda məhsuldarlığı artırır, istehlakçıları məlumatlandıraraq onların mal seçimini asanlaşdırır, keyfiyyətsiz məhsulları dövriyyədən çıxarır, əmək, zaman və xammal itkisini aradan qaldırır ki bütün bunlar nəticədə insan rifahının yaxşılaşmasına birbaşa təsir edir. Məhz buna görə də, Azərbaycan Respublikasının Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi, MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası, Bölgələrarası Standartlaşdırma Bürosu, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Elektrotexnika Komissiyası və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu kimi standartlaşdırma üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlarda təmsil olunmasını onun artan iqtisadi gücünün və nüfuzunun göstəricilərindən biri kimi də qiymətləndirmək mümkündür. “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin olunması haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunların və digər hüquqi sənədlərin qəbul edilməsi ölkəmizdə bu sahənin infrastruktur, təşkilati və hüquqi-institusional təkmilləşməsinə imkan yaradıb.
Naxçıvan Muxtar Respublikasında da keyfiyyətə nəzarət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Sakinlərin keyfiyyətli məhsul, xidmətlərə çıxış və seçim imkanlarının yaxşılaşdırılmasına dair verilmiş tapşırıqlara uyğun olaraq istehsal və idxal olunan məhsulların sertifikatlaşdırılması prosesi, patentlərin beynəlxalq mühafizəsi və istehlak bazarında keyfiyyətə nəzarət işi müasir standartlara uyğun aparılır. Bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazanın yaxşılaşdırılması da daim diqqət mərkəzindədir.
Muxtar respublikada beynəlxalq normalar səviyyəsində standartların tətbiqinə geniş imkan yaradan amillərdən biri də iqtisadiyyatın sürətli inkişafı, Naxçıvanın yerli məhsullarına ixrac bazarlarında tələbin artması, istehsal müəssisələrinin müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunmasıdır. Muxtar respublikada istehsal edilən məhsulların yüksək keyfiyyətli və rəqabətqabiliyyətli olması, görülən işlərin və göstərilən xidmətlərin müasir standartlara cavab verməsi üçün qarşıya qoyulan vəzifələr bu mənada müvafiq işlərin aparılmasını zəruri edir. Məqsəd daxili bazarda istehlakçıların tələbatını tam ödəyən, eləcə də dünya standartlarına uyğun ixracyönümlü məhsulların istehsalıdır. Bu məsələlərə “İxrac ili” elan olunmuş 2020-ci ildə daha çox diqqət yetirilir. Çünki yerli bazarda tələbatı tam ödəyə bilmək üçün istehsal olunmuş məhsulların xarici bazarlarda da uğur qazanması şərti bir tezis kimi həmişə aktualdır. Buna görə də muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulmasını və bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin tam və operativ yerinə yetirilməsini özündə ehtiva edir.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində və bu sahədə texniki tənzimləmə sisteminin qabaqcıl tələblərə uyğunlaşdırılmasını, istehlakçılara təklif olunan məhsulların keyfiyyətinin müasir standartların tələblərinə cavab verməsini və əhalinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasını əsas fəaliyyət istiqaməti kimi qəbul edir. Dövlətimiz tərəfindən Xidmətin işinin müasir tələblər səviyyəsində qurulması və onun normal fəaliyyəti üçün bütün zəruri infrastruktur şəraiti yaradılıb. Standartlaşdırma sahəsi üzrə ixtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazanın yaxşılaşdırılması daim muxtar respublika rəhbərliyinin diqqət mərkəzində olub. Hazırda Xidmətin standartlar fondunda Azərbaycan Respublikasında qüvvədə olan 20 mindən çox dövlətlərarası, 1000-ə yaxın dövlət standartı mövcuddur ki, bu hüquqi bazadan da aktiv istifadə olunmaqdadır.
Verilmiş tapşırıqlara uyğun olaraq hazırda Xidmət muxtar respublikanın iri istehsal müəssisələrindən tutmuş ailə təsərrüfatlarınadək geniş spektrdə fəaliyyətini davam etdirməkdədir. Standartların təsərrüfat subyektlərinə çatdırılması, maarifləndirilməsi üzrə fəaliyyət çərçivəsində cari ilin 9 ayı ərzində, ümumilikdə, 162, o cümlədən 15 hüquqi şəxs, 147 fiziki şəxslə müqavilə bağlanmış və 42 müəssisədə istehsal olunan 101 məhsulun etiket layihəsi texniki normativ-hüquqi aktlara uyğun olaraq 3 dildə hazırlanmışdır. Xidmətin inzibati binasında muxtar respublikada ixracyönümlü məhsul istehsal edən və keyfiyyəti idarəetmə sistemi tətbiq edilməmiş müəssisələrin nümayəndələrinin iştirakı ilə ISO 9001-2015 standartı üzrə vaxtaşırı maarifləndirici seminarlar keçirilərək müvafiq standartın əsas prinsip və tələbləri izah edilməkdədir.
Müasir dünyada tətbiq olunan yüksək standartlara uyğun məhsul və xidmətlər ümumi rifahın yüksəlməsində olduğu kimi iqtisadi subyektlərin uğurunda da daim özünü göstərir. Məhz buna görə də istənilən müəssisənin gəlirindən, fəaliyyət sahəsindən, işinin həcmindən və bazardakı mövqeyindən asılı olmayaraq fəaliyyətin ən səmərəli yolu standartların tələblərinə uyğun müasir idarəetmə sisteminin qurulmasıdır. Muxtar respublikada əhalinin sağlamlığının və istehlakçıların hüquqlarının qorunması, qida təhlükəsizliyi sahəsində aktiv fəaliyyət və standartlaşdırma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidməti