Məlum olduğu kimi, Ermənistan 27 sentyabr 2020-ci il tarixdə Azərbaycana qarşı yeni təxribata əl ataraq öz çirkin xislətini növbəti dəfə büruzə verdi. Nəticədə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamağa məcbur oldu və erməni vandallarına lazımi dərsi verməkdədir.
Qəlbi vətən eşqi ilə yanan mərd oğullarımız şanlı tariximizə öz qanları ilə yeni qələbə yazdılar. Yeni bir tarix, yeni bir qələbə müjdəsi yurd sevgisi, torpaq həsrəti ilə yaşayan insanların gözündə sevinc yaşına, ürəyində qürura döndü. 2016-cı ilin şanlı Aprel döyüşləri, 2018-ci ilin may ayında qədim Naxçıvanımızdan qələbə soraqlı Günnüt zəfəri və 2020-ci ilin sentyabr ayından başlanan Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı bir daha təsdiq etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, haqq savaşından geri dönməyəcək.
Təbii ki, belə bir şəraitdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Gənclərin buna yiyələnmələri, bütövlükdə, dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna əhəmiyyətə malikdir. Şübhəsiz ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir.
Azərbaycan xalqı daim gənc nəslin Vətənə sədaqət, xalqa hörmət, soykökünə, öz ata-babalarının adət-ənənələrinə bağlılıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət göstərib, o cümlədən ona ən vacib məsələ kimi baxıb. Əminliklə deyə bilərik ki, insanda qəhrəmanlıq, mərdlik və məğlubedilməzlik hissi yaradan, apardığı mübarizədə inam hissini hər zaman alovlandıran vətənpərvərlik tərbiyəsi, ilk növbədə, ailədə, tərbiyə müəssisələrində və ümumtəhsil məktəblərində aşılanır.
Bəzən deyirlər ki, vətənpərvərlik hissi övlada, ilk öncə valideynlərindən gəlməlidir. Məhz ailə uşağı elə tərbiyə etməlidir ki, o vətəninə, torpağına, ordusuna və onun şəhidlərinə məhəbbət ruhunda, düşmənə isə nifrət hissləri ilə böyüsün. Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Bu baxımdan da ailə dəyərlərinin əsas sütunlarından biri olan vətənpərvərlik hissi mənəvi-əxlaqi keyfiyyətləri ilə həmişə xüsusi önəm daşıyır.
Gənclərin vətənpərvərlik ruhunda böyüməsi işinin mühüm istiqamətlərindən birini də, heç şübhəsiz, təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Bu gün təhsilimizin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi üçün bütün zəruri imkanlar mövcuddur. Təhsil ocaqlarında tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyat, tarix, o cümlədən hərbi hazırlıq fənlərinin tədrisi təhsil alanları müvafiq biliklərlə təmin etməklə yanaşı, onların milli-mənlik şüurunun formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə müstəsna təsir göstərir. Xüsusən də indiki vaxtda şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük ehtiyac vardır.
Müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi bilməyən gənc vətənpərvər ola bilməz". Ulu öndərin bu tövsiyəsinin həyata keçirilməsində müasir dövrdə bəşəri inkişafın hərəkətverici vasitələri içərisində mühüm əhəmiyyət kəsb edən muzeylərin də üzərinə böyük vəzifələr düşür. Bu gün böyüməkdə olan gənc nəslin muzeyləri mütəmadi olaraq ziyarət etməsi, zəngin və tarixi eksponatlarla tanışlığı onları bir növ tariximizin canlı şahidinə çevirir. Muzeyə ekskursiya zamanı həmin mövzulara dair materialları və eksponatları əyani şəkildə görmək və onlara dair daha geniş məlumat almaq təbliğatla yanaşı, böyüməkdə olan nəslin bilik səviyyəsinin yüksəlməsinə və onlarda vətənpərvərlik hissinin aşılanmasına xüsusi xidmət edir.
Mövzunun əhəmiyyətini hər zaman diqqətdə saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Hər bir vətəndaşda vətənpərvərlik hissinin formalaşdırılması milli mənliyin inkişaf etdirilməsindən başlamalıdır. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən şəxs fəaliyyətini məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır”.
Bu gün hər birimiz olduğumuz məkandan, tutduğumuz mövqedən və vəzifədən asılı olmayaraq öz cəbhəmizin əsgərləriyik. VƏTƏN yolunda can verməyə və ondan ötrü qan tökməyə hər zaman cümlə hazırıq. Məhz elə vətənpərvərlik də insanın öz doğma vətəninə sevgi və sədaqətliliyindən, tarixi və milli - mədəni dəyərləri üçün qürur hissi keçirməkdən, onun tərəqqisi naminə hər zaman çalışmaqdan və müdafiəsinə can atmaqdan ibarətdir.
Arif Bayramov
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti