“Qarabağ” dastanının “Füzuli” boyu

A- A A+

Ey böyük Məhəmməd Füzuli, Azərbaycanın gözü, döyünən ürəyi Füzuli rayonunun növbəti bir sıra kəndlərinin və Füzuli şəhərinin işğaldan azad olunması xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandandan alanda ilk xəyalıma gələn Sən oldun. Milli Ordumuzun qanı, canı bahasına düşməndən qopardığı əzəli və əbədi yurd yerlərimiz Səni xatırlatdı mənə.  Ey torpaq sevgisinin aşiqinə çevrilən, ey Vətən sevgisinin Məcnunu olan, ədalətə, haqqa canını qurban verən, damarlarından axan  azərbaycanlı qanının coşğusu ilə döyüş meydanı söz olan şairim... Dünyanın neçə-neçə hökmdarlarını yola salan, əsrlərin müharibələrinə, qələbələrinə şahid, sözü ilə daimyaşar Füzuli... Yadıma sən düşdün. Çünki Sən Füzuli  rayonundan da, füzulilərdən də qocamansan... Bu müjdəni ilk olaraq səninlə bölüşmək istədim.

Gözün aydın,  Məhəmməd Füzuli

Gözün aydın,  Məhəmməd Füzuli,  əsası 1827-ci ildə qoyulmuş, Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə  təşkil olunmuş və Qaryagin adlandırılan rayonun 1959-cu ildə Sənin-böyük şairimizin 400 illik yubileyi münasibətilə adı dəyişdirilərək Füzuli qoyulan yurd yerimiz düşməndən azad olunur. Qəbrində rahat yat. Su çilənsin məzarına. Qılıncdan iti qələmini süngərə çevirən Azərbaycan əsgəri bir dastan yazır. Bu dastan “Qarabağ” dastanıdır. Sən də bu dastanın bir boyuna çevrildin.  Füzulililər bu gün sevinc içərisindədirlər.1993-cü ildə doğma ev-eşiklərindən erməni köksüzlərinin zoru ilə didərgin düşmüşdülər. Füzulidə doğulan Füzuliyə həsrət qalmışdı. Füzulidə ev-eşik salan, torpağını canından artıq sevən azərbaycanlılar illərdir ki, bu torpağın ətrini burunlarında hiss edirdilər. Gülündən, çiçəyindən, dərəsindən-düzündən ayrı düşmüşdülər. Sənin qəzəllərinin torpaq sevdalılarına, Vətən aşiqlərinə, həsrətlilərinə çevrilmişdilər. 30 ilə yaxındır ki, dünyanın “ədalətə cavabdehləri” danışır, danışır, danışdıqca da söz həqiqət məhvərindən çıxıb başqa məcralara yönəlirdi. Sənin:

  Gər çox istərsən, Füzuli, izzətin az et sözü

    Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

Sənin “Əgər sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarini az et, çünki çox danışmaq çox insanı  hörmətdən salıb”,- nəsihətini dinləmədi bu “ədalət cavabdehləri”. Söz sözlükdən çıxdı, yalanlara qurban getdi, Füzuli. Hansı  ki, sən sözü dünyanın tacı, insanlığın açarı, mənəviyyatın varlığı hesab edirdin:

               Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

                   Edə hər saət səni ol uyqudan bidar söz.

“Sən sözü canlandır, dirilt ki, səni də ölüm yuxusu tutanda o səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan”,-deyirdin.  Sözü yalan olanlar ölümlərindən sonra da  xatırlanacaq, şair. Lakin tamamilə başqa cür xatırlanacaqlar: bir xalqın əzəli torpaqlarının işğalına göz yumanlar kimi, minlərlə şəhidin qanında boğulanlar kimi, yüzlərlə dinc sakinin, xüsusilə də uşaqların qanlarına əlləri batmış  və sözünü tutmayan, sözünün ağası olmayanlar kimi.

 

“Qarabağ” dastanının “Füzuli” boyu

Gözün aydın, Füzuli! Xalqın dastan yazır, tarixi “Qarabağ” dastanını yazır. Bu ali bir dastandır, çünki  şəhid qanı ilə, bir də dövlətimizin rəhbərinin kəsərli sözü ilə  yazılır. Qarabağın əsrlərlə yaşı fonunda  30 illik nisgilinin qələbəsini yazır. Ali Baş Komandanın böyük Milli Ordumuza  əmri, xalqına verdiyi inamla yazılır bu dastan. Sənin adını daşıyan Füzuli də bu dastanın bir boyudur. Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik boyu uzanan,  mənbəyini Araz hövzəsindən alaraq köksündən axıtdığı   Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları ilə gözəlliklər məkanı olan, uğrunda hələ əvvəllər, işğalı zamanı 1000-dən artıq eloğlumuzun şəhid olduğu, 1500-dək sağlamlığını itirmiş insanlar olan Füzulinin növrağına qovuşmasına sayılı günlər qalır. 27 sentyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabrda Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabrda Arış kəndi işğaldan azad edilib. 17 oktyabrda isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunub.

                             Biz Füzuliyə qayıdırıq

Həyatını Azərbaycan xalqının müstəqilliyinə həsr edən ümummilli liderimizin ardıcılı, qürur mənbəyimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 oktyabr tarixdə Azərbaycan xalqına müraciətindən: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir”.

Bəli, biz Füzuliyə qayıdırıq. Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin, rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsinə, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsinə, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəyə, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsinə, Qarğabazar kəndində, Şah Abbas karvansarayından yuxarı, qayanın üstündə füzulilərin Şah Abbas adlandırdığı  məscidə  qayıdırıq. Biz tariximizi qorumağa, gələcək nəsillərə ərmağan etməyə qayıdırıq.

 

“Vaxt keçəcək bu döyüşlər haqqında

          kitablar yazılacaq, əsərlər yazılacaq”...

Bu fikirləri  xalqa müraciətində ölkəmizin rəhbəri söylədi. Bəli, yazılacaq, cənab Prezident. Necə ki, Sizin rəhbərliyinizlə  ön cəbhədə Milli Ordumuz torpaqlarımızı bir-birinin ardınca azad edir, biz arxa cəbhədə olanların da borcu kitablar, əsərlər yaratmaqdır. Yaradacağıq da. Bu gün azad olunan torpaqlarımız  hər biri bir boy olmaqla,  “Qarabağ” dastanını yaradır. Bir qalır, Sizin dediyiniz kimi döyüş yolu keçənlərlə, hərbçilərlə görüşüb o ağır hərbi əməliyyatları təfsilatı ilə bilmək.   Biz bunu da edəcəyik. Ölkəmizin tarixini yazmaq, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev: “Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Böyük Məhəmməd Füzulidən Paşinyana nəsihət

Məhəmməd Füzuli dövründə Məhəmməd adlı  paşaya yazdığı qəsidədə hökmdarın ölkəni ədalətlə bəzəməyə bоrclu оlduğundan, ədalətsizlik nəticəsində ölkədə nə kimi fitnə-fəsad törənəcəyindən danışırdı. Böyük əraziləri işğaldan azad olunmuş Füzuli rayonundan elə böyük Məhəmməd Füzulinin bu günlə səsləşən həmin qəsidəsindən bir parçanı Paşinyan nəsihət şəklində qəbul edərsə, Ermənistanda yaşayan insanları ölümə sürükləməz. Çünki başqasının torpağından çıxmaq istəməyən, bunun üçün də xalqının qocasını, qadınını  müharibəyə cəlb edən, döyüşmək istəməyən əsgərləri zəncirləyən, ölkədən qaçıb canını qurtarmaq istəyən insanları güllələtdirən bu “rəhbərin” ölkəsində hansı fitnə-fəsadların törənəcəyinin canlı şahidi olmasına çox az qalır.

 Vay оl hakimə kim, eyləyə hökmündə xəta,

 Qıla məzlumləri mərhəmətindən məhrum...

                  Mətanət Məmmədova

ƏMƏKDAR JURNALİST

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: