Natalya Əliyeva "Caspian European Club"un sədrinin beynəlxalq informasiya layihələrin inkişafı üzrə müavini təyin edilib.
"Caspian European Club"dan NUHÇIXAN-a bildiriblər ki, Natalya Əliyeva "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktorudur. "Caspian Energy" jurnalının ilk nömrəsi 1999-cu il mayın 28-də işıq üzü görüb. Jurnalın nəşrində məqsəd Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkmənistan, Gürcüstan və Türkiyənin beynəlxalq əhəmiyyətli layihələrinə informasiya dəstəyi göstərmək, inteqrasiya informasiya layihələrini həyata keçirmək və region dövlətlərinin iqtisadiyyatının investisiya cazibədarlığına dəstək verməkdən ibarətdir.
Bu müddət ərzində "Caspian Energy" müstəqil informasiya nəşri dünya əhəmiyyətli beynəlxalq brendə çevrilib.
Enerji şirkətlərinin rəhbərləri və dövlət nazirləri ilə yanaşı, Avropa İttifaqı, ABŞ, Çin, Rusiya, Asiya-Sakit okean və MENA (Middle East North Africa) regionu ölkələrinin dövlət və hökumət başçıları ilə eksklüziv müsahibələr hazırlayıb.
Bir sıra yerli və beynəlxalq internet layihələrinin, elektron və çap KİV-lərinin yaradıcısı və rəhbəridir.