Sadə qəhrəman-saatsaz - FOTOLAR

A- A A+

Kimdir qəhrəman? At belində, döyüşdən döyüşə atılan cəngavərmi, yeddibaşlı əjdaha ilə əlbəyaxa olanmı? Adətən qəhrəman deyəndə insanlar məhz onları düşünür.

Bizim qəhrəmanlarımız  isə sadə insanlardır. Hər gün yolda qarşılaşdığımız, səndən, ondan, bizdən biridir. Halal zəhməti və əziyyəti ilə həyatın çətin sınaqlarında mübarizə aparanlardır  “Sadə qəhrəman”lar.         

Bu dəfəki sadə qəhrəmanımız saatsaz İlyas ustadır.

Evlərimizin divarlarını bəzəyən, ən sevdiyimiz aksessuarımızdır saatlar. Zaman saatların əqrəbləri  kimi öz atını  elə hey irəli çapır.  Saniyələri dəqiqələrə, dəqiqələri saatlara, saatları günlərə calayaraq ömrümüzdən aparır hər anı, hər günü.    

Çoxları kimi mənim də ən çox sevdiyim aksessuardır saat. Taxdığım saatlar müəyyən müddətdən sonra dayansa da, onları heç vaxt atmamışam.

Şəhərimizdə yaxşı saatsazların olduğunu eşitmişdim. Ötən gün saatımı təmir üçün saatsaza aparmaq istədiyimi deyəndə həmkarım 47 ilin saatsazı İlyas ustanı məsləhət gördü...

Yolumu şəhərin Xətai küçəsindən saldım. Həmin küçədə nədənsə özümü qeyri-ixtiyari olaraq tarixi sənətkarlar məhəlləsində hiss etdim. Papaqçı, pinəçi, dərzi, qalayçı və s. qədim sənət sahələri bu küçədə, necə deyərlər, qonşu olublar... Elə İlyas ustanın da saat təmiri köşkü  burada yerləşir.

Qapı açıqdır. Onun isə başı işinə bərk qarışıb. Hətta elə ki salam verməyimin belə fərqində olmur. Yanında durub onu gözləyən müştərinin saatını təmir edir. Köşk balaca olsa da, burada görülən işin dəyəri böyükdür. Tarixə qovuşmaqda olan saatsazlıq sənəti yaşadılır bu kiçicik yerdə.

Divarlarında 50 ilin, 100 ilin saatları, ustanın təmir masasında isə cürbəcür qol saatları və onların hissələri var.

Müştərinin yanında əyləşib ustanın işini bitirməsini gözləyirəm. İlyas usta saatı yoxladı, sonra üzüquyulu masanın üstünə qoyub içindəki pozuntunu axtardı, problemi tapıb düzəltdi və saatı  müştəriyə verib yola saldı.      

-Buyur, qızım.

Əlimdəki saatları ona uzadıb:  “Usta, bunlar da düzələrmi?”,- deyəndə gülümsəyir.

“İlyas ustanın düzəldə bilmədiyi saat yoxdur”,- deyən bu sadə peşə sahibi saatlarımı söküb zərgər dəqiqliyi ilə gözdən keçirir.

Ustanın saatları təmir etdiyi vaxt mən də suallarıma cavab tapmağa çalışıram.

- Hər kəsin saatının, zamanının işləkliyini təmin edirsiniz. Belə demək mümkünsə, zamanın “dilini tapıbsınız”...

- Ömrümü bu işə həsr etmişəm. Bu sənətlə üç qız köçürdüb, bir oğul evləndirmişəm. Mən öz peşəmi  bütün peşələrdən üstün tuturam. Bir insan  peşəsini  sevməyəcəksə, ona ürəkdən bağlanmayacaqsa, ondan sənətkar çıxmaz. Saatsazlıq oturaq işdir. Birinci bu stulda oturmağı bacarmalısan, hövsələn olmalıdır, ikincisi peşəni sevməlisən. Neçə-neçə tələbələrim olub, yanıma gəlib bu işi öyrənmək istəyiblər. Öyrətmişəm, amma gəliri az olduğuna görə sənəti davam etdirməyiblər. Mən isə qazandığım pulun azına-çoxuna baxmayaraq, bu stuldan ayrılmamışam. Elə gün olub, bir manat da qazanmamışam bu işdən. Əlbəttə, gedib başqa iş də tapa bilərdim, ama bunu etməmişəm. Yəqin ki, buna görə yaxşı usta kimi tanınmışam.  Bu mənada 47 illik vaxt mənim üçün boşa  getməyib.

Zaman keçdikcə istifadə etdiyimiz saatlar da köhnəlir və sıradan çıxır.  Belə olan halda isə  saatsaza ehtiyac duyuruq. Saatsazlıqla məşğul olan az olsa da, saat təmir etdirənlər çoxdur. Qol, stolüstü və divar-hansı növ saatlar olur-olsun, İlyas ustanın əlinə düşdüsə, o, zamanı yenidən ölçəcək.

-Həyat, saat və İlyas usta. Bu kiçik emalataxanada həyatın ritmi duyulur sanki... Dincəldirmi  bu səslər sizi?

Saat dayansa, həyat yeriməz. Həyat saatla addımlayır. İşə gedəndə, bir yerə vədə verəndə saat lazım olur. Hətta insan beynində də saatın saniyəsi vurur. Həkim də nəbzi saniyə ilə ölçür. Saat birinci İsveçrədə çıxıb, sonra dünyaya yayılıb. Maraqlıdır ki, bu cür mürəkkəb qurğunu yaradan da insan olub. Vaxt olub ki, qumdan düzəldiblər saatı.  Amma bu gün ən müasir saatlardan istifadə edirik. Mən hələ 9-cu sinifdə oxuyanda  yaxınlıqdakı bazarda Qadir adlı bir saatsaz var idi. Bir gün saatımı təmir üçün onun yanına apardım. Ustanın gördüyü iş marağıma səbəb oldu. O gündən qərar verdim ki,  mən də bu sənəti öyrənməliyəm. Orta təhsili bitirib Universitetə sənəd verdim, lakin imtahanlardan  kəsildim. Daha sonra Politexnik institutuna sənəd verdim. Bu dəfə də alınmadı. Görünür, elə saatsaz olmaq mənim qismətimdə var imiş. Bundan sonra  Bakı şəhərində saatsazlığı oxudum. Həm elekton saatların, həm də mexaniki saatların təmiri  üzrə təhsil almışam. Elektron saatlarını 1984-cü ildə 15 Sovet Respublikasından Azərbaycan üzrə bir mən oxumuşam. Saatsazlıq üzrə iki diplomum var.

Nizami Gəncəvinin gözəl bir fikri var. “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Əgər mən bu sahənin təhsilini almasa idim, yəqin ki, yarımçıq papaqçı olardım. Təhsilimi bitirib elə həmin Qadir kişinin yanında işə başladım. O gün bu gündür, bu sənəti yaşadıram. 

Saatların səsi yorğunluğumu alır. Bu səslərin içində hərdən özümü unuduram. Zər  qədrini zərgər, saatın da qədrini saatsaz bilər. Saatların səsi həyat nəğməsidir mənim üçün. Bu səslə yaşayıram. Həyat üçün ən qiymətli əşya bilirəm saatı. Qolumdakı saat 40 ilin saatıdır, yatanda da çıxarmıram. Onu bircə dəfə çöldə ot biçdiyim vaxt itirmişəm, iki gün saatsız qala bilməmişəm.

- Əslində kiçik  bir əşya kimi baxdığımız saatın sirləri çoxdur?

Saatın sirrini bilmək üçün bu sahənin təhsilini almaq lazımdır. O qədər daşlar, mexanizmlər, çarxlar var ki saatda. Bunları oxumasan, bilməzsən. Çətin sənətdi saatsazlıq, zehni qabiliyyət, dəqiqlik, güclü yaddaş tələb edir. Əsas məsələ də yaddaşdır. Yaddaşın olmasa, növbənöv saatların hissəciklərini də yadda saxlaya bilməzsən. İynənin ucu boyda olan mayatniklərlə işləyirəm. Bir balansın üstü 5 hissədən asılıdır.

- Saatların arasında İlyas ustanın vaxtı necə keçir?

- Hər günüm  yaddaqalan olub, hər cürə saat təmir edib, hər xarakterdə insan tanımışam  bu köşkdə. Hamı da işimdən  razı qalıb. Bu işdə fiziki yox, zehni  yorğunluq var. Amma  buna baxmayaraq, mən bu gün təmirə gətirilən saatı sabaha qoymuram. Bir dəfə bu köşkə Rusiyalı qonaq gəlmişdi. Mənə dedi ki, bu saatı düzəldərsən? Dedim, niyə düzəltmirəm.  Saatı aldım, baxdım qədim saat idi, düzəldib ona verəndən sonra dedi ki, mən sənin kimi saatsaz görməmişəm. Dedim, niyə? Cavabında dedi ki, bu saatı Moskva, Lelinqradda  neçə ustaya göstərmişəm, heç kim düzəldə bilməyib. Ancaq siz baxan kimi düzəltdiniz. Qonaq olduğu üçün  o saata əl xərci də almadım.

Bu köşkə 50 minlik saat da təmirə gətirənlər olub, 5 manatlıq saat da. Ucuzluğuna, bahalılığına baxmayaraq, təmir etdiyim saatlara qiymət qoymamışam. Hətta dəfələrlə olub ki, əl xərci də almamışam. “Çox yemək azdan da qoyar”, ona görə aza bərəkət.

- Saatın əqrəblərini geri döndərmək mümkündür, zamanı isə geri döndərmək qeyri - mümkün.  Əgər mümkün olsa idi...

- (köks ötürür) Çox şeyi dəyişərdim, lakin yenə də saatsaz olardım.

Usta danışdıqca divardakı saatların səsi sanki zaman adlı məfhumun musiqisini çalırdı. Bu səs ömrümüzdən bir anı, bir günü də beləcə aparırdı. “Qoy hamının evində saatların o həlim, insan beynini dincəldən səsi gəlsin”,- deyən İlyas  ustanın ən  böyük arzusu, vaxtilə bir müştərinin ona hədiyyə etdiyi qədim saatı işğaldan azad edilmiş torpaqlarımıza geri qayıdan bir azərbaycanlı ailəsinin evinin divarında görməkdir. Hamı kimi o da o mübarək, xoş günü gözləyir. Yenidən vətən torpaqlarında evlərimiz qurulacaq, işıqlarımız yanacaq, o da əlləri ilə aparıb oradakı evlərin birinin divarından asacaq yüz illik yaşı olan həmin saatı...   

Naxçıvanda saatsaz İlyası tanımayan yoxdur. Kimin saatı dayansa, yadına o düşər. Usta isə hər gün özü sadə, dəyəri böyük olan işinin başındadır. Hələ neçə - neçə saat onun qızıl əllərindən can alaraq zamanı yenidən ölçəcək. Saat həyatın ürəyi, o isə bu ürəyi dayanmağa qoymayan sadə  peşə sahibidir...

Türkanə Əmoyeva

Nuhçıxan

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: