Mən bu gün hisslərin sözlərlə ifadə edilə bilmədiyi bir ruh halındayam. Sözlər nə qədər acizdir bu hisslər qarşısında. 8 yaşımda çıxdım Zəngilandan. Hər küçəsin, hər məhləsin yaddaşıma yazıb çıxdım. Bu gün mənim göz yaşlarım sadəcə Xoş xəbər çatdırmağın sevinc gözyaşları deyildi. Bu gün mən qoxusu burnumda qalan torpağıma sancılan bayrağımın dalğalanmasın gördüm. Bu gün mən 27 ildir " qaçqındır" damğasının üzərimdən götürülməsinin sevincin yaşadım. Bu gün mənim ağlamağım uşaqlıqdan yaşadığım ağrı-acıların hər hüceyrəmdə səslənməsi idi. Axan göz yaşlarım qaçqınlıqdan sonra 1 otağa sığınıb gecələr için-için acından ağlamağımın sızıltısı idi, məktəbə gedəndə qışda ayaqlarımın cırıq batinkalardan su içində olmasının sızıltısı idi. Çörək tapa bilməyəndə qonşu Gülnarə xalanın qapısın xəcalətlə döyə bilməsinin hayqırtısı idi. Məktəbdə 3-cü sinifdə oxuyanda məzun şəkli çəkilərkən mən pul vermədiyimdən şəklimin çəkilməməsi, fotoqraf səbəbin soruşanda "o qaçqındır pulu yoxdur" sözlərin uşaqların xor səsi ilə deməsinə üsyan idi, bu gün mənim ağlamağım baba-nənələrimin torpaq deyərək Dünyadan köçməsi idi, bu gün mənim ağlamağım Zəngilana bombalar atılanda zirzəmilərdə yaralı, meyitlərlə saatlarla bir yerdə qalmağımın qorxusu idi, məktəb direktoru işləyən atamın bizə çörək verməsi üçün bazarda yük daşıması idi, bu gün mənim ağlamağım uşaqlığımın məhv olmasının acı göz yaşları idi. Uşaqlıqdan xəbər aparıcısı olmaq və bu xəbəri çatdırmaq arzusunda böyüyən birinin hisslərin ümid edirəm anlayarsınız....
Günel Mönsünova
ARB 24 kanalında "Xəbərlər"informasiya proqramının aparıcısı