Bu gün inamla təsdiq edə bilərik ki, 14 iyul 1969-cu il müstəqil Azərbaycan Respublikasının doğum günü kimi tarixə düşüb. Sözü ilə əməli vəhdət təşkil edən, ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gələrək respublika iqtisadiyyatının formalaşması və inkişafının, o cümlədən hələ SSRİ-nin tərkibində olan zaman müstəqil Azərbaycan Respublikasının təməlini qoyub.
Heydər Əliyevin məqsədyönlü təşkilatçılığı və rəhbərliyi sayəsində Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahədə, dinamik sıçrayışlı inkişaf sürəti meydana gəldi və bu sürət plan tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin etdi.
1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi onun SSRİ-də ən görkəmli siyasi xadim, rəhbər və dövlət başçısı olduğunu göstərdi.
Heydər Əliyevin fəaliyyəti yüksək qiymətləndirilərək, 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilmiş, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsinə təyin edilmişdi. O zaman SSRİ Nazirlər Soveti Sədrinin 12 müavinindən yalnız bir nəfər birinci müavin idi. Tarixdə ilk dəfə idi ki, SSRİ kimi dövlətin rəhbərliyində türk oğlu təmsil olunurdu. Heydər Əliyev sonralar bu illəri belə xatırlayırdı: "Bəzən gecələr işim qurtaranda da evə getmir, səhərə qədər öz-özümə düşünür, respublikanın vəziyyətini yaxşılaşdırmaq üçün planlar qururdum. Mən bir azərbaycanlı və bir türk idim. Kommunist rejimi daxilində onlarla münasibətlər tarazlığını saxlamaqla yanaşı, vəzifənin verdiyi imkanlardan istifadə edərək, doğma xalqım üçün faydalı işlər görmək haqqında düşünürdüm. Buna görə də, iki şey lazım idi. Azərbaycan Kommunist Partiyasına rəhbərliyi müvəffəqiyyətlə həyata keçirmək və nüfuzunu get-gedə artırmaq".
1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərildi. Bütün bunlar respublika rəhbərinin Azərbaycan gəncliyinə göstərdiyi böyük qayğının təzahürü idi. Onu da qeyd etməliyik ki, müasir dövrdə, müstəqillik şəraitində Azərbaycanın yüksəkixtisaslı mütəxəssislər sarıdan çətinlik çəkməməsi məhz 1969-1982-ci illərdə təhsil, elm sahəsində aparılan səmərəli fəaliyyətin nəticəsidir. Bunlar Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşmasına böyük təsir göstərdi.
Tarixdə nadir hadisələrdəndir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edib. Hər iki sistemdə görkəmli dövlət və siyasi xadim kimi Azərbaycanın iqtisadiyyatını möhkəmlətmiş, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırmış, milli mənafeyini, milli mentalitetini, mədəniyyət və mənəviyyatını qorumuş və inkişaf etdirmişdir. Birinci dövrdə-Sovet hakimiyyəti dövründə respublikamızı keçmiş SSRİ-də bütün sahələrdə öncül yerlərdən birinə çıxartmış, sosial-iqtisadi və mədəni sahələrdə həyata keçirilən tədbirlər və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır. İstər Sovetlər Birliyi, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mübarizə devizi və həyat idealı olmuşdur. O, əmək və ictimai fəaliyyətinin ilk dövrlərindən özünün şəxsi keyfiyyətləri ilə fərqlənmiş, ən yüksək rəhbərlik səviyyəsinə qalxmışdır.
Azərbaycan Prezidenti Heydər Əliyev müstəqillik illərində ötən əsrin 70-ci illərində gördüyü işləri xatırlayaraq deyirdi: “1969-cu ildə Azərbaycana başçılıq etdiyim zamandan-70-80-ci illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər göstərmişdim... Əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik”.
Bəli Ulu öndər bu sözləri ilə bəzi üzdəniraq “vətənpərvərlərə” çatdırmaq istəyirdi ki,1994-cü ildə “Əsrin Müqaviləsi”nin gerçəkləşməsi məhz onun 70-ci illərdəki əməyinin və zəhmətinin bəhrəsidir.
Heydər Əliyevin müdrik siyasəti nəticəsində respublikada yaranmış güclü sosial, iqtisadi və intellektual potensial Azərbaycanın müstəqilliyi üçün mühüm zəmin yaratdı. Qətiyyətlə deyə bilərik ki, müstəqilliyə gələn yolumuzu işıqlandıran, hələ o zaman gələcəyə baxan, həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən ən düzgün çıxış yolu tapan, daim xalqı ilə yaşayan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən qüdrətli və dahi şəxsiyyət məhz Heydər Əliyevdir.
Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə yaradılmış bünövrə üzərində qurulub və bu gün də uğurla davam edir.
Əlövsət Hüseynquliyev
AŞPA-nın üzvü statusuna malik olan
Beynəlxalq Antiterror Birliyi (BAB) prezidentinin müşaviri