Zəngilanlılar Zəngilansız deyil...

A- A A+

Artıq bir neçə gün sonra - oktyabrın 29-u  Azərbaycanın qədim və dilbər guşələrindən  biri olan Zəngilan rayonunun özlərini daim bizim torpaqlarımızda aborigen xalq kimi göstərməyə çalışan mənfur Ermənistanın işğalından 27 il ötəcəkdi. İllər düşüncələrimizi, həsrətimizi dəyişə bilmədi. Sadəcə zaman dəyişdi. Geridə qalan 27 il... Ötən bu illərdə erməni vandalizminə məruz qalmış, dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş mədəniyyət abidələrimiz, şübhəsiz ki,  bir gün böyük qayıdışın onlara tərəf olacağına inanıblar. Mənfur düşmənin işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsini, məscidlərimizi dağıtdıqlarını vurğulayan dövlətimizin başçısı xalqa müraciətində deyib: “Onlar məscidləri dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bütün bizim dağıdılmış məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır”.

Zəngilan – zəngin ərazi

Rayоna Zəngilan adı 1930-cu ildə vеrilibdir. Rayonun daimi aхarı оlan Охçu çayının kənarında qərarlaşan kəndin bağları, əkinləri başdan-başa düzən, hamar, həm də оlduqca münbit tоrpaqlarda yеrləşir. Qədim İpək Yоlunun üzərində yеrləşən bu kəndi zəngin ərazi kimi adlandırıblar.

Zəngin ərazinin “yoxsul düşmənləri”

Qeyd etmək lazımdır ki, 1988-ci ildən 1993-cü ilin noyabrına qədər düşmənə baş əyməyən, yağı hücumlarına qarşı sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.

Mənəviyyat, əqidə və vicdan yoxsulları ermənilərin Qubadlı və Cəbrayıl rayonlarını işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə növbəti Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Beləliklə 44 sakini itkin düşmüş Zəngilan Birinci Qarabağ müharibəsində, ümumilikdə 188 şəhid verib.

Erməni vandalizmi və ya mədəniyyət soyqırımı

Zəngilan yerləşdiyi coğrafi movqeyinə və qədimliyinə görə həm də  tarixi abidələr yurdudur. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb və məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Rayonda 12-ci əsrdən başlayaraq müxtəlif dövlərə məxsus sərdabələr, türbələr, hamam kompleksləri, məscidlər və digər maddi mədəniyyət yadigarlarımızın dağıdılması erməni vandallarının hansı əqidəyə və xislətə sahib olduqlarını açıq-aşkar sübuta yetirir. Sübuta yetirir ki, bu proses həm də mənfur ermənilərin mədəniyyətimizə qarşı soyqırım aktıdır.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir.

Səbir gec bar verən, lakin meyvəsi çox dadlı olan ağacdır

Və ya məşhur fransız ictimai xadim Qabriel Mirabonun dediyi kimi: “Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”. Tarixi ədalət bərpa olundu. Rəşadətli Azərbaycan Ordusunun mərdliyi, vətənpərvərliyi, polad iradəsi və dönməz əqidəsi hesabına. Şanlı Aprel qələbəsindən, qələbə soraqlı Günnüt zəfərindən, Cəbrayıl və Füzulidən sonra müzəffər Azərbaycan Ordusu xalqımıza növbəti dəfə Zəngilan sevincini və həyəcanını yaşatdı. 27 il əvvəl tariximizə qara hərflərlə yazılan işğal tarixi indi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin QƏLƏBƏ müjdəsi ilə qırmızı hərflərlə yazıldı. “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”

                          Arif  Bayramov

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: