Günün şeiri

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi şairə Təranə Arifqızının  “Zəfər nəğmələri” şeirlər silsiləsini təqdim edir:

 

Zəfər nəğmələri yazılır indi

Tarix yazır kürsülərdə ağıllar,

Tarix yazır səngərlərdə oğullar,

Otuz ildir, bitdi daha nağıllar.

Qəhrəmanlıq yola iz salır indi,

Zəfər nəğmələri yazılır indi!

 

Üçrəngli  bayrağım Xudafərində,

Savaş gedir irəlidə, dərində,

Oturtmuşuq düşməni öz yerində.

İşğal zəncirləri çözülür indi

Zəfər nəğmələri yazılır indi!

 

Cəbrayılı, Füzulini almışıq,

Zəngilanı ağ dəftərə salmışıq,

Haqqımızdır!-deyib, yurda dolmuşuq

Hər qarış qanınla yaz olur indi.

Zəfər nəğmələri yazılır indi!

 

Bax, açılır yurda gedən yolumuz,

Naxçıvanı qucaqlayır qolumuz,

Rahat yatsın məzarında ulumuz.

İğidlər sipər tək, düzülür indi,

Zəfər nəğmələri yazılır indi!

 

Hər tərəfdən gəlir halal çörəklim,

Döyüşdədir mənim cəsur ürəklim,

Şəhidlərim- nurüzlüm, nər biləklim.

Biri ölsə, mini dirilir indi,

Zəfər nəğmələri yazılır indi!

 

Yenidən doğulan yaşın mübarək!

Azaddır torpağım, daşım, mübarək!

Vətən, Zəfər Qayıdışın mübarək!

Göz yaşım fəxrlə süzülür indi!

Zəfər nəğmələri yazılır indi!

 

 

Əsgər qardaşıma

Can, əsgər qardaşım, salamlar olsun,

Bir məktub yazıram torpaq ətirli.

Vətəndən vətənə arzularımı

Ürəkdən ürəyə sevgi gətirir.

 

O qırğı gözlərin nə uzaq baxır?

Şuşayamı gedib, yoxsa Laçına?

Qəlbindəki sevgi yetər, igidim,

Qovuşdursun bizi Vətən tacına!

 

Oyanıb içimdə bütün duyğular,

Gün boyu xəyallar qurur ürəyim.

Elə unudulub bütün qayğılar,

Səngərdə səninlə vurur ürəyim!

 

Sənlə silah tutub, mərmi atıram.

Səngərdən səninlə birgə çıxıram.

Atdığın gülləyə dönüb bir anda,

Od olub, düşmənə “Atəş!”sıxıram!

 

Bu artıq son döyüş, geriyə yol yox!

Tök qanın, sən qala düşmən leşini!

Xocalı yadından çıxmasın sənin,

Namərdə nifrətlə sən sıx dişini!

 

Kəlbəcər dağları qalanız olsun,

Laçına, Şuşaya gedən yoldasız!

Cəbrayıl, Qubadlı, Zəngilan gülür,

Ya bu gün, ya sabah Qarabağdasız!

 

Qanınla yuduğun azad torpağı

Öpürəm, bağrıma basıram, qardaş!

Azadlıq qoxulu Vətən bayrağın

Səninlə hər yerə asıram, qardaş!

 

Arxada millətim, Baş Komandanım,

Bu birlik, bu sevgi əməyin olsun.

Vətən sənə, sən vətənə əmanət,

Ulu Yaradanım köməyin olsun!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: