Ötüb keçən zamanlarda həyatımızın sevincli günləri ilə yanaşı, ağrılı-acılı günləri də çox olub, lap çox... O acının da, ağrının da özəyində yurd həsrəti, torpaq itkisi dayanırdı... Mənlə yaşıddır 1990-cı ildən başlayan, 1993-cü ilin payızında sona çatan, heç vaxt unutmadığımız, yaddaşımızın bir küncünə yazdığımız o işğal tarixi. Məktəbli gündəliklərimizin, kitablarımızın bir səhifəsinə qara hərflərlə yazılan, hər dəfə adı çəkiləndə sinəmizi göynədən, həsrətilə yaşadığımız o torpaqlar ayrı-ayrı tarixlərdə, günlərdə işğal olundu barbar ermənilər tərəfindən... Neçə-neçə insan oğlu torpaq, yurd həsrəti ilə bu dünyadan köçdü. Ən böyük vəsiyyəti, nəsihəti bu sözlər oldu, övladlarına, nəvə-nəticələrinə: “Məzarıma kəndimin-kəssəyimin torpağını səpin”.
Taleyin işinə, həyatın gedişatına baxın, 1993-cü ilin payızında sona çatan o işğal tarixi 30 il sonra elə payızda qələbə tarixləri ilə əvəzlənir. Ümidlərimizi göyərdən, arzularımızı çin edən Füzuli, Cəbrayıl rayonları, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan və onlarca kəndimiz, cənnətməkan torpaqlarımızın ard-arda işğaldan azad olunduğu qələbə soraqlı günlər də elə payız bəhrəsidir...
Əzəli vətən torpaqlarında qaldırılan üçrəngli bayraqların sayı hər ötən gün çoxalır. Suqovuşanda, Cəbrayılda, Xudafərində, Zəngilanda dalğalanan o bayraqlar da sevincini hayqırır. Təkcə bu xalq, o üç rəngli bayraqmı? Torpaq da sevinir bu vüsala. Bizim üçün yeni təqvim yazan bu payız həmişəki kimi həzin bir musiqini yox, tariximizdəki qara yazıları bir-bir silərək yerinə qızıl hərflərlə yazdığımız yeni tarixin zəfər himnini oxuyur.
Ötən payızlara bənzəməyən bu payızda qeyd etdiyimiz Müstəqillik Günü də Xudafərində qaldırdığımız bayrağımızla tarixə yazıldı. Vətənimin bütövlüyünün simvolu olan bu həsrət körpüsü o taylı, bu taylı torpaqlarımıza qovuşmaq yolunda yeni mərhələnin başlanğıcı oldu. İndi tariximizdə müstəsna dəyəri, strateji əhəmiyyəti, təkrarsız landşaftı, yüksək memarlıq-mühəndis həlli olan, iki ölkə- Azərbaycan və İran arasında yerləşən Xudafərin körpüsünün UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi nəzərdə tutulur.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən yollarının da təmirinə başlanılır. Beləcə qarış-qarış, kənd-kənd, qəsəbə-qəsəbə, rayon-rayon, şəhər-şəhər alınacaq torpaqlarımız düşməndən, qətrə-qətrə abadlaşacaq yollarımız da, evlərimiz də...
30 illik həsrətimizə son qoyan bu payızda yarpaqlar da saralmaq istəmir sanki. Doğmalarının səsini, nəfəsini duyan Qarabağ təbiətinin incisi Xarı bülbül illər sonra çiçək açıb bu payızda. İndi daha xarı bülbül mahnısı həzin–həzin oxunub kövrəltməyəcək bizi.
Qələbə ovqatlıdır bu payız... Yurdumun insanı xalqına qələbə sevincini yaşadan əsgərinin ayağına qurban kəsir, kiçikdən-böyüyə hamının dilində Ali Baş Komandanın bu sözləri gəzir-“Qarabağ Azərbaycandır”. Qarabağa, mədəniyyətimizin beşiyinə gedişimiz münasibətilə yazıçı və şairlər, jurnalistlər qələmini, müğənnilər səsini, rəssamlar fırçasını silaha çevirib. Vətənə vətəndaş sevgisini, bağlılığını hərə bir cür ifadə edir. Bu payız günləri, ayları şanlı tariximizin qəhrəmanlıq dastanına çevrilir. Bu dastanın boyları Suqovuşandır, Cəbrayıldır, Füzulidir, Zəngilandır, növbəti boyları isə Şuşa, Laçın, Kəlbəcər olacaq. Və bu günlərin şahidi olan bizlər gələcək nəsillərə tarixi qələbələrimizdən, Cəbrayılın, Mübarizin, Poladın, Hünərin qəhrəmanlıqlarından, hünərlərindən danışacağıq. Oktyabrın 20–də Zəngilanımızın da zəncirlərini qırdıq. Həkəri çayına, Bərgüşad çayına, uca dağlarımıza qovuşduq. Bu günlərin o qədər həsrətini çəkib arzusunda olmuşuq ki, bəzən bizə bir yuxu kimi gəlsə də, ancaq bu yuxu deyil. Bu Azərbaycan xalqının səbrinin sonu, ordumuzun gücüdür. Azərbaycan əsgəridir bu sevinci bizə yaşadan, odur bayrağımızı o torpaqlarda dalğalandıran. İllər sonra əsgərimin ayaq səsi və azan səsləri pozur o müqəddəs torpaqların sükutunu.
Hər dəfə xalqına müraciətində Cənab Prezidentimizin çıxışı ilə bütün xalq yumruq kimi birləşir. Qələbə qazandıqca bu yumruq düşmənin başına enir...
Zəfərlərimizə sevinən bu payız günəşini bizdən gizlətmir... Hələ ağacların yarpaqları budaqlarından üzülməyib, çiçəklərin ətri solmayıb. Payız küləkləri işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın, Suqovuşanın dumduru sularının, Xudafərinin tarix qoxan daşlarının, Zəngilanımızın zümrüd meşələrinin, qocaman çinarlarının da köksünü qabardır. Əsən küləklər o vətən torpaqlarının ətrini bizə də gətirir.
Ey Vətən, qəhrəman oğulların gəlir. Bu dəfə bayrağını Qubadlıda dalğalandırmaq üçün. Hələ bu harasıdır ki, sinəsində Xan Şuşinskinin səsini yaşadan, Mir Möhsün Nəvvabın, Natəvanın ana yurdu Şuşanın da dağlarından duman çəkiləcək. Erməni dığalarının torpaqlarımıza hopan mikrob nəfəsi elə bu dumanla yox olacaq. Qarabağın incisi, şüşə kimi şəffaf olan Şuşa on illərdən sonra şəffaflığına qovuşacaq. Qəlbimizdəki Şuşa, Kəlbəcər, Laçın yanğısı da sönəcək.
Başqa cür yağır bu payızın yağışları. Daha cəsarətli, daha gur... 30 ilin həsrətini, nisgilini yuyub aparır. Zəfərlərimizlə o zümrüd meşələrə, o dağlara, o çaylara, o bulaqlara yeni həyat, yeni büsat gəlir. 30 ildir, illəri saydıq. Şuşanın, Cəbrayılın işğalından 1 il, 10 il, 20 il ötür dedik. İndi daha deməyəcəyik bu sözləri. Vətənində vətən nisgili çəkən qaçqın, məcburi köçkün olmayacaq. Düşməni məhv edən Şanlı ordumun zəfəri ilə cəbrayıllılar, zəngilanlılar, kəlbəcərlilər, laçınlılar onlara heç vaxt yadlaşmayan yurdlarına, ocaqlarına, sadəcə daşları ilə kalafa qalmış, viran olmuş evlərinin divarlarına, küçələrinə səpilən xatirələrinə qovuşacaqlar, bütöv xalq isə QARABAĞ adlı cənnətinə...
Ey VƏTƏN, mənə elə gəlir ki, sən 30 ildir, baharı yaşamamısan, hər fəsil eləcə payız, qış olub sənin üçün. Lakin bu payızla yenidən doğulacaq və şairin bu misralarını pıçıldayacaqsan bizə:
Ömrümün payızına
Gəldin ilk bahar kimi.
Göyərdim, çiçəklədim
Cavan ağaclar kimi.
Bu payız isə qələbəmizin fəsli olacaq.
Türkanə Əmoyeva
Nuhçıxan