Şükür Sənə, İlahi

Sahil Tahirli yazır...

A- A A+

...Havaya bax, elə bil can dərmanıdı... Anamın uşaq üzümdə gəzən nəfəsidi elə bil. Bu nədi, payızın yavaş-yavaş xəzəlləşən əllərinin sığalını da saçlarımda hiss edirəm. Buz bulaqların, gur axan çayların, dərin meşələrin cənnətindən ayrılmaq istəmirəm. Bu gün yarımçıq qalan uşaqlığımı yenidən yaşayıram sanki. 30 ildir içimdə göynəyən yaralarım bir-bir sağalır. Cəbrayıldan Zəngilana, ordan da Qubadlıya müzəffər yürüşümüz davam edir...

Neçə gündür keçirdiyim yuxusuz gecələr, qulağımı batıran raket, top səsləri, komanda verməkdən batan səsim, həftə ilə ayağımdan çıxmayan zabit çəkmələrim indi heç mənim vecimə də deyil. Bütün dünyanı, ömrümü, vəzifəmi, hər şeyimi qurban edərəm doğma kəndimə - Armudluya qovuşmağa. Ora mənim babalarımın - Əliyanlı tayfasına mənsub ailələrimizin saldığı doğma ocaqdı. Armudlu mənim ruhumdu, nəfəsimdi, səsimdi, anamın südüdü, atamın qeyrətidi, uşaqlığımın ən gözəl xatirəsidi axı... Dörd bir tərəfi armud ağacları olan Armudlu elə mənim özüməm, O Mənəm – Şükür Həmidov... Uşaqlığının, gəncliyinin ən gözəl günlərini məcburi köçkün kimi keçirən, düşməndən amansız qisas almaq üçün and içib hərbi formanı əyninə geyinən Şükür Həmidov!

Bu, sağlığında Azərbaycanın Milli Qəhrəmanı zirvəsinə yüksələn polkovnik Şükür Həmidovun Qubadlı dağlarında hopub qalan ruhunun son pıçıltıları idi...

Aprel döyüşlərində göstərdiyi böyük şücaətlərə görə Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi. Dünən xalqımız hazırda Qarabağda şanlı qələbələrimizlə davam edən Vətən müharibəsində də böyük qəhrəmanlıq göstərən Şükür Həmidovu cismən itirdi. O, həyata döyüşmək üçün gəlmişdi, elə döyüşə-döyüşə də şəhidlik zirvəsinə ucaldı. Vətən göylərinə çəkilmək, üçrəngli bayrağa sarılıb doğma torpağa qovuşmaq şərəfini yaşadı.

İndi azadlığın, bütövlüyün ayaq səsləri bütün Qarabağa səs salıb. Erməni mifi, erməni yalanları, erməni yenilməzliyi Şükür kimi cəngavərlərin sayəsində darmadağın olur. Hər bir daşda, hər bir qayada, obada, kənddə, şəhərdə üçrəngli bayraq dalğalanır. Qarabağa paklıq, təmizlik qayıdır. Qarabağ indi öz səhərlərini azan səsi ilə açır... Qəhrəman Azərbaycan ordusu paşinyanları, arutunyanları 2 qara qəpik qədər dəyəri olmayan anektod qəhrəmanlarına çevirir. Bütün dünya liderlərinin qarşısında dizlərini yerə atdırır...

Bir ölüb, min dirilən oğulların Vətənpərvərliyi, xalqımızın birliyi, qələbə əzmi qarşısında baş əyməmək mümkün deyil! Gör, bizim ölkəmizdə indi nə qədər Şükür var! Minlər, milyonlar indi Şükürdü, Mübarizdi...

Şükür Sənə, İlahi! Şükür ki, Sən bizi ŞÜKÜR yaratmısan, MÜBARİZ yaratmısan...

         Qəfil partlayışdan sonra hər tərəf ağappaq olur... Bu an Şərqiyyə ananın xəfif səsi eşidilir.

-Şükür, qalx, həyətimizin qabağındakı dağa armud ağaclarının qurumuş budaqlarından bir az qır gətir, sizə ocaq plovu edəcəm. Bir az tez tərpən ki, axşama çatdıra bilim...

         -Yaxşı ana, sən ocağı qur, qayıdıram birazdan...

Beləcə Şükürün ruhu əbədi olaraq Armudlu dağlarına, Armudlu göylərinə çəkilir...

         Vətən sağ olsun, QƏHRƏMAN!

P.S. Prezident, Ali Baş Komandan İlham Əliyev Şükür Həmidovun atası Nəriman Həmidova başsağlığı verərkən onun şərəfli döyüş yoluna bir daha nəzər salıb: “Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur”.

Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamaqla qəhrəmanlarımızın irsinin daim yaşadılacağını bir daha ifadə etdi. Prezident İlham Əliyev həm də Nəriman Həmidovla görüşünü xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirdi...

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: