Vur,əsgərim, haqq sənin, həqiqət də sənindir...

A- A A+

..Otuz ildir qələmim qəzəbindən boğulur,

Otuz ildir ümidlər bələyində boğulur,

Otuz ildir arzular sinələrdə dağ olur,

Otuz ildir millətin səbiri də sovrulur...

İndi zaman dəmidir, indi günəş doğulur...

Vur çatlasın, əsgərim, düşmənin qan yaddaşı!..

Ucalsın enməzliyə Vətənin məğrur başı!..

Bu günün şairi də, qibləgahı da sənsən,

Sənin qalib zəfərin zamanın dastanıdır.

Səngər-səngər döyüşüb qaldırdığın o bayraq

Vətən şəhidlərinin al qırmızı qanıdır...

Vur, əsgərim, düşmənin sönsün o son çırağı!..

Kəsilsin düşmən əli, qoy pozulsun növrağı!..

Bu bir şanlı tarix ki, düşübdü xoş bəxtinə,

Bu tarixi yaradan, bu tarixi yazan sən,

Yazdığın bu tarixin hər anı qan yaddaşı,

Bu tarix yazılarmı öz canından keçməsən?!

Vur, əsgərim, qələbə, qələbə bizimlədir!..

Ən böyük davamızsa gələcəkdə – öndədir!..

Qarabağ havasına köklənsən də bu gün sən

Zəngəzur, Göyçə gölü gözləyir yolunuzu.

 İrəvan xanlığının xanlığını qaytarıb

Dola Vətən boynuna o məğrur qolunuzu...

Vur, əsgərim,Vətənin gülsün dağı, aranı!..

Qoy axsın səngər-səngər düşmənin murdar qanı!..

Arxanda dayanıbdı o Ali Baş Komandan,

Hər addımı qətiyyət, hər addımı cəsarət!

 Millətin ruh bayrağı, bayraqdarı da Odur,

Odur Haqqın haqq səsi, o səsdə ulu qeyrət...

Vur, əsgərim, möhkəm vur həqiqətin zəfərin!..

 Təngiməsin, bitməsin tarix yazan hünərin!..

Sənin baban qan töküb, Vətən qurub hünərlə,

Düşmənə qan uddurub tarixboyu zəfərlə.

Qoru Vətən mülkünü Şah İsmayıl təpərlə,

Misri qılınc əlində, dəliləri səfərlə...

Vur, əsgərim, dağılsın düşmənin son sipəri!..

Zəfərin qoy çulğasın anamız Göyü,Yeri!..

Vur, əsgərim, Haqq sənin, həqiqət də sənindir,

Həqiqətə kor olan Həqiqətə qənimdir.

 Bu Vətən həm millətin, bu Vətən həm sənindir,

Sən millətin oğlusan, bu millət də sənindir...

Vur, əsgərim, əlinlə tarixə öz möhrünü!..

 Nəsillər də qorusun doğma Vətən mülkünü!..

 Bu gün Vətənin gözü sənintək qeyrətdədir!

Bu gün düşmənin gözü sənintək heyrətdədir!

 Bu günün hər anı da cəsarət, cürətdədir!

Nə mənsəbdə, nə “ad”da, nə ucuz şöhrətdədir...

Vur, əsgərim, möhkəm vur cəsarətin cəngini!

 Qaytar bir də özünə millətin ahəngini!..

 ...Vur, əsgərim, Haqq sənin, həqiqət də sənindir!!!

Xanəli Kərimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: